“Etməyək bu səhlənkarlığı. Ciddi yanaşaq. Panikaya düşməyək, amma paralel fonda da məsuliyyətli olaq. Lütfən!” – DEPUTAT YAZDI

Heç zaman unutmayacağım bir hadısə var.

Demək, hardasa 3 ilin söhbətidir.

Yasamal tərəfdə “Araz” marketə girmişdim. Ki, bir-iki ərzaq ehtiyacı alım. Gecəyə də yaxın idi. Təxminən 11 radələri olardı. Bir baxdım, marketin içində 2 nəfər nəyisə axtarırmış kimi çox fikirli gəzişir.

Əllərində də böyük yük çantası. Hərəkətləri və dalğınlıqları o qədər gözəçarpan idi, dözməyib soruşdum: “Nəyisə itirmisiz?”. Oğlan başını qaldırıb sualımı cavablandırdı: “Bəli, 20 manatımızı. Xarici səfərə gedirik deyə, üzərimizdə sadəcə 20 manat saxlamışdıq. O da harasa qeyb olub”. Dedim, alacaqlarınızı alın, mən ödəyim. Problem yoxdur. Gecənin bu vaxtı gedib dollar dəyişəsi deyilsiz hər halda. Adam razı olmadı.

Hər ehtimal yenə kassada onları gözlədim. Və çox qəribə idi ki, gecənin bu saatında mənimlə bərabər kassanın qarşısında “n” qədər insan vardı. Soruşdum, bu nə tıxacdı? Məlum oldu ki, həmin 2 soydaşımızın vəziyyətindən qısa müddətdə marketə girən hər kəs xəbər tutub və hamı onları gözləyirmiş. Ki, pulu ödəsinlər.

Ondan daha qəribəsi isə bu idi ki, kassir oğlan – hansı ki, maaşı vur-tut, maksimum 200 manat olardı – hər kəsdən israrla xahiş edirdi ki, siz gedin lütfən, imkan verin onlar nə alsa pulu özüm ödəyim, öz adıma yazım.

Birdən həmin cütlüyün qəfil səsi gəldi. Sevincək kassaya doğru irəliləyirdilər. Pullarını da tapmışdılar. Beləcə, kimsənin də nəsə ödəməsinə ehtiyac qalmadı. Amma mən həmin an millətimlə, azərbaycanlımla, soydaşlarımla sıradan bir hadisə üzərindən göstərilən həmrəyliyə görə elə bir qürur duydum ki, bunu əsla və əsla sözlə, cümlə ilə təsvir edə bilmərəm.

*

Bəli. Bu bizik. Bütün dünyanın qonaqpərvər, qayğıkeş, canayanımcıl, fədakar bildiyi azərbaycanlılar. 1989-cu ildə “ilin xalqı” seçilən azərbaycanlılar. Ən çətin anda yumruq kimi birləşməyi, vəhdət olmağı bacaran azərbaycanlılar!

Ölkə Prezidenti koronovirusla mübarizə fondu yaratdı. Dövlət hesabından 1 milyard pul ayrıldı. Ardınca İlham Əliyev bir illik maaşını həmin fonda keçirdi. Və an etibarilə, göz qırpımındaca Azərbaycan xalqından məlum təşəbbüsə dəstək gəldi. Dövlət qurumları, özəl sektor, sadə vətəndaşlar məsələyə dərhal müsbət reaksiyasını bildirdi. Gizlin deyil, separat deyil, ona görə açıq söyləyəcəm:“Whats App” üzərindən deputat həmkarlarımla yaradılan bir neçə qrup üzərindən ciddi müzakirələr aparırıq.

Həm qanun layihələri, həm də…yaranmış durumla bağlı! Və hər kəsin ətrafa və özünə ünvanladığı ritorik sualların, paylaşdığı fikirlərin məzmunu demək olar eynidir: “Necə etməli ki, daha çox faydalı olaq?” “Ödəyək!” “Nə qədər?” “Bəlkə daha çox?” “Lap çox.” “Mən razı.” “Mən də.” “Əla fikirdi, mən də razı.” “Qoşuluram bu təşəbbüsə.” “Tam dəstək.” “Qoruyaq bu milləti.” “Qoruyaq Azərbaycanı.”…

Elə pozitiv ortamdır ki. Elə şərəfverici hissdir ki. Elə tərənnüm ediləsi mənzərədir ki. Hə, virus bitəcək, tükənəcək, yox olacaq. İnşallah! Bax ondan sonra məlum proseslərə, bu səhifələrə, bu yazışmalara geri dönüb nəzər salanda heç şübhəm yoxdur, hamı özü ilə də, tərəfdaşı ilə də, silahdaşı ilə də, həmkarı ilə də qürur duyacaq! Zaman gələcək, bu yazışmalar, bu birlik şərəf səlnaməsinə çevriləcək!

*

Ölkədə az qala 2 ailədən birində həkim var. Mənim də ailəm daxil. Onları qorumaq istəyirsinizmi? – O zaman ilk öncə özünüzü qoruyun. Dünən ailə üzvüm deyir, karantində olan xəstə dalınca gedirəm. Səhərə qədər yatmamışam. Etiraf edirəm. Riskdir. İçim narahatdır. Çünki əzizimdir, ona bir şey olsa həyatım qaralar. Amma qarşısında da dayanmıram. Çünki qorumaq istədiyi xəstə və ya potensial xəstə də mənim anamdır, bacımdır, qardaşımdır, doğmamdır. Hamı belə yanaşsın prosesə. Hamı belə düşünsün. Düşünür, əminəm. Bax bu düşüncə bizi xilas edəcək! Hər şeydən. Hər bəladan.

Reklam çarxı var. Uşaq deyir, anam həkimdir. Mənim tək, yetim qalmağımı istəmirsinizsə, özünüzü qoruyun. O zaman anamı və məni də qoruyacaqsınız. Təsirlidir. Çox, təsirlidir.

Əzizlərim, maska bir şey deyil. Taxın onu. Evdən bayıra çıxmama şansınız, fürsətiniz varsa çıxmayın evdən. İtaliya görk olsun. İspaniya görk olsun. Almaniya kimi hər məqamda intizam gözləyən ölkə görk olsun. Şükür bu günə, dövlət yerində. Rəhbərlik yerində. Aidiyyatlı qurumlar yerində. Mümkün olandan da artığını edirlər. Hətta min qatını, milyon qatını edirlər. Bizi indiki durumda sadəcə və sadəcə öz səhlənkarlığımız yıprada bilər. Etməyək bu səhlənkarlığı. Ciddi yanaşaq. Panikaya düşməyək, amma paralel fonda da məsuliyyətli olaq. Lütfən!

Bəlkə də bizim sərgiləyəcəyimiz ən kiçik ehtiyat tədbiri 10-15 insanın həyat təhlükəsinin olmaması deməkdir. Bəlkə də bizim yazdığımız yarımca cümlə belə 50-100 ailənin məsələyə daha ciddi yanaşması, yanaşacağı deməkdir. Bəlkə də bizim fonda ödəyəcəyimiz 1-cə manat belə kimlərinsə həyətində yas çadırının qurulmamasına vəsilə olmaq deməkdir!

Xəstəliyə düçar olmaqdan daha təhlükəlisi, bunu vecə almamaq, şübhəli məqamda həkimə müraciət etməmək və digərlərini yoluxdurmaqdır. Unutmayın! – bu xəstəliyin simptomları normal immun qabiliyyətli insanın timsalında hətta 70-80 faiz etibarilə sezilməyə və görünməyə bilər. Fəqət, anı bir səhlənkarlıq ucbatından həmin virus elə adama keçər ki, bax həmin şəxs üçün həyati risk daşıyar, ölüm təhlükəsi yaradar.

Odur ki, daha qlobal düşünün. Hərarət qalxdısa, ən kiçik şübhə, narahatlıq varsa “həkim çağırsam aparıb məni izolə edəcəklər, boksa salacaqlar” – qorxusuna qapılmayın. Gəlib evdə alırlar analizi. Daşıyıcı deyilsinizsə, nə gözəl, gözünüz aydın. Yox əgər virus varsa, o zaman ha evdə, ha xəstəxanada.

Nə fərq edər? Varsa var. Demək, anındaca bu bəlanın üzərinə gedib xilas olmaq və ətrafdakıları da bu minvalla qorumaq, xilas etmək lazımdır!..

Elşən MUSAYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti-DAYANDIRILDI

Read Next

15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir