“Ev heyvanları ilə bağlı sui-istifadəyə yol vermək olmaz: Kimsə düşünməsin ki, heyvanı 1-2 saat özü, sonra da başqaları gəzdirə bilər”-KAMRAN ƏLİYEV – YENİLƏNİB – (2)

Xüsusi karantin günlərində tibbi çatırışla bağlı “103”ə düşə bilməyənlər ASAN-ın 108 Çağrı Mərkəzinə zəng edə bilərlər.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun dediyinə görə, həmin günlərdə 108 Çağrı Mərkəzi 24 saat ərzində fəaliyyət göstərəcək:

“Kommunal xidmətlərlə bağlı problemi yarananlar da 108 Çağrı Mərkəzinə zəng edə bilər. Yaşlı xəstə tək yaşayırsa, övladları əlaqə yarada bilmirlərsə, vətəndaşlar 108 Çağrı Mərkəzinə zəng vuraraq yardım ala bilərlər ”.

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq ediləcək”-deyən Ü. Mehdiyevin sözlərinə görə, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə dializ xəstəsi olan şəxslər “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzinə zəng etməklə müvafiq tibb müəssisələrinə çatdırılmaları ilə bağlı müraciət edə bilərlər. ASAN könüllüləri xüsusi ayrılmış avtomobillər vasitəsi ilə həmin şəxslərin aidiyyəti tibb müəssisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edəcəklər:

“TƏBİB 972 xəstənin siyahısını təqdim edib”.

Ü. Mehdiyev deyib ki, sərtləşdirilmiş karantin rejimi ilə bağlı aktivləşdirilən icazə.gov.az vasitəsilə 210 min şəxsə icazə alınıb.

***

“Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunacağı 14 və 15 iyun tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi postlarla bərabər, mobil postlar da fəaliyyət göstərəcək”.

Bunu isə mətbuat konfransında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O, bildirib ki, icazəsi olan şəxslərdən başqa, digər şəxslər evlərini tərk etməsinlər:

“Dəfndə iştirak edəcək şəxslər “102” xidmətindən icazə aldıqdan sonra şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edə bilərlər. Digər rayonlarda yaşayan sakinlər sərt karantin rejimi tətbiq olunmuş rayonun ərazisindən sərbəst keçə bilərlər. Ancaq sərt karantin rejimi tətbiq olunan rayonda hansısa yaşayış məntəqəsinə daxil ola bilməz, başqa torpaq yola girə bilməzlər. Bu halda cərimələnəcəklər”.

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının mərkəzində və kəndlərində sərt karantin rejimi tətbiq olunacaq:

“Yevlax, Salyan və Kürdəmirdə respublika əhəmiyyətli yollar şəhərlərin yanından keçir. İsmayıllıda isə yollar şəhərin içərisindən keçir. Lakin pəncərədən baxan insanlar düşünməsin ki, nəqliyyat vasitələri keçirsə, onlar da çölə çıxa bilərlər. O ərazidən keçən avtomobillər İsmayıllı şəhərində saxlaya da bilməzlər”.

Sonra “Xüsusi sərtləşdirilmiş karantin günlərinlə fəaliyyətinə icazə verilən təşkilatların əməkdaşlarının avtomobilləri barədə məlumat da “icaze.e-gov.az” portalına daxil edilməlidir”-deyən K. Əliyev bildirib ki, həmin şəxslər avtomobillərində ailə üzvlərini apara bilməz:

“Ev heyvanları ilə bağlı sui-istifadəyə yol vermək olmaz. Düşünməsin ki, heyvanı 1-2 saat özü, sonra da başqaları gəzdirə bilər”.

17:49

***

“Çox sayda insan özündə COVİD-19-un əlamətlərini hiss etsə də, bunu gizlədir və xəstəxanalara müraciət etmir”.

Bunu da “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev bildirib.

O, qeyd edib ki, bu da ölənlərin sayının artımına gətirib çıxarır:

“Vətəndaşlardan bu kimi hallarda mütləq həkimə müraciət etmələrini xahiş edirik. Yalnız bu halda xəstəliyə qalib gələ bilərik”/

17:53

***

V. Əliyev həmçinin bildirib ki, artıq Bakıda pandemiya xəstəxanalarında bəzi hallarda yer çatışmazlığı problemi yaşayırıq.

V. Əliyev sonra deyib ki, əhalinin sıx olduğu, belə problemlərin gözlənildiyi yerlər nəzərə alınaraq modul tipli xəstəxanalar quraşdırılır:

“Həkimlər gecə-gündüz çalışır. Bacardığımız qədər xəstəxanalarda yerləri artıraraq xəstələri qəbul etməyə çalışırıq. Ümumilikdə, pandemiya xəstəxanalarında ən çox doluluq faizi Bakıdadır”.

Etikxeber.az

Read Previous

336 yeni yoluxma faktı qeydə alındı-DAHA 5 NƏFƏR DÜNYASINI DƏYİŞDİ

Read Next

Milli Məclisin növbəti iclası: SPİKER 15 İYUNDAN DANIŞDI, KOMİTƏ SƏDRİNİN MÜAVİNİ YENİDƏN NAXÇIVANLA BAĞLI MƏSƏLƏ QALDIRDI, MİLLƏT VƏKİLİ İNTERNET PROBLEMİNDƏN SÖZ AÇDI…- YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir