“Evdə qal” kampaniyası o demək deyil ki, günümüzü passiv keçirməliyik…”-ADİL ƏLİYEV GƏNCLƏRƏ CAĞIRIŞ ETDİ

Azərbaycan prezidenti İlham Əliyevin də vurğuladığı kimi, əhalimizin mütləq əksəriyyəti gənclərdir.

Dövlət başçısının martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı geniş məruzəsində gənclər siyasətinə dair önəmli ifadələr yer almışdı:

“Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, – misal üçün, könüllülər hərəkatı çərçivəsində, – vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürəcəklər”.

Əziz gənclər, dövlətimizi gücləndirmək üçün qarşımızda mühüm vəzifələr dayanır.

Birincisi, prezidentin məruzəsində deyildiyi kimi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və vətənpərvərlik ruhunda tərbiyə alınmaları üçün qanunvericiliyi təkmilləşdirməliyik.

İkincisi, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə təbdirlər barədə düşünməliyik.

Üçüncüsü, düşmənlə informasiya müharibəsinin önündə məhz gənclər dayanır. İşğalçı ilə informasiya müharibəsinin effektivliyini artırmaq üçün yaradıcı ideyalara ehtiyac var. Çünki düşmən boş dayanmır, Azərbaycanın informasiya məkanına dezinformasiyalar ötürür və bu milli təhlükəsizlik probleminə çevrilir.

Əlbəttə, dövlətin müvafiq strukturları kənardan ötürülən yalan xəbərlərlə mübarizə aparır. Ancaq bu işdə gənclərin, o cümlədən jurnalistlərin və siyasi ekspertlərin üzərinə də mühüm vəzifələr düşür.

Qüvvələrimizi birləşdirməklə həm informasiya məkanımızı yalançı xəbərlərdən qorumalı, həm də düşmənə bu cəbhədə lazım zərbələr endirməliyik. Azərbaycana qarşı aparılan və böhtan üzərində qurulan informasiya kampaniyalarını neytrallaşdırmalı və işğalçıya qarşı çevirməliyik.

Bu sahədə də yeni fikirlərə ehtiyac var. Dördüncüsü, sosial dövlət olan Azərbaycanda müxtəlif sosial layihələr həyata keçirilir.

Bu sosial layihələrin icrasında aparıcı gücü və lokomotivi gənclər olmalıdır. Azərbaycanda şəffaflığın bərqərar olmasında, kölgə iqtisadiyyatının ortadan qaldırılmasında gənclərin də rolu artmalıdır. Neqativ hallarla mübarizədə gənclər ön sıralarda dayanmalıdırlar.

Əlbəttə, Milli Məclisdə rəhbəri olduğum Gənclər və İdman Komitəsində yuxarıda qeyd etdiyimiz istiqamətlər üzrə müxtəlif dinləmələr və müzakirələr keçirəcəyik. Ancaq düşünürəm ki, qeyd etdiyim istiqamətlər əhalinin mütləq əksəriyyətini əhatə etdiyindən müzakirələri daha geniş məkanda aparmalıyıq.

Yəni müzakirələrdə millət vəkilləri və ekspertlərlə yanaşı gənclərin böyük spektri də iştirak etməlidirlər. Aydındır ki, minlərlə gəncimizi Parlamentə dəvət edib onların tamamının təkliflərini dinləmək fiziki baxımdan çətindir.

Buna baxmayaraq, təklifləri və müzakirələri virtual məkan üzərindən başlaya bilərik.Hazırda dünyada və Azərbaycanda koronavirusla mübarizə tədbirləri həyata keçirilir.

Bu mənada dövlətimizin çağışırına uyğun olaraq “evdə qal” kampaniyası davam edir və bu müddət ən azı bir ay çəkəcək. Ancaq “evdə qal” kampaniyası o demək deyil ki, günümüzü passiv keçirməliyik.

Bu məqsədlə fəal gənclərimizinə müraciət edirəm: Əziz dostlar, gənclər haqqında qanunvericilikdə xüsusi olaraq nələrin ehtiva olunmasını istəyirsiniz?

Hansı tədbirlər görülməlidir ki, ölkəmizdə müxtəlif könüllülər hərəkatları formalaşsın, gənclər asudə vaxtlarını səmərəli keçirsinlər, sosial layihələrdə iştirak etsinlər və bu yeni iş yerlərinin yaradılmasına imkan versin, informasiya məkanımızı böhtandan və şər kampaniyasından necə qoruyaq?

Təkliflərin və təşəbbüslərin sayının çox olacağını nəzərə alaraq ideyalar bankının yaradılmasını zəruri hesab edirik. Bu məqsədlə 2020gencler@gmail.com email ünvanı yaratdıq.

Təkliflərinizi gözləyirik. Təklif və təşəbbüsləri komandamızla birgə analiz edəcəyik və bunlardan ən faydalılarının həm qanunda əks olunnmasına, həm də sonrakı mərhələdə tətbiqinə çalışacağıq.

Təkliflərin mahiyyəti konkret olmalı, word və ya pdf formatında yazılmalı, 2 və ya 3 səhifəni aşmamalı, hədəf qrupunu müəyyənləşdirməli, əldə ediləcək nəticələri aydın şəkildə əks etdirməlidir.

Ən faydalı hesab etdiyimiz 10 və ya 15 təklif müəllifi ilə ayrıca görüşməyi və müzakirələri genişləndirməyi düşünürük. Əsas məqsədimiz addım-addım irəli getmək, dövlətimizi gücləndirməkdir.

Dövlətimiz güclü olarsa, inkişafımız daha da sürətlənər, gənclərimizin problemləri də azalar.

22:43, 24 mart

Adil ƏLİYEV,

Vitse-spiker

Etikxeber.az


Read Previous

Milli qəhrəmanların imtiyazları ilə bağlı-QANUN OLACAQ

Read Next

Koronavirusdan 16 min 231 nəfər ölüb-ÜST

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir