Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah, 21 avqust tarixində Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin növbəti ad günüdür.
Onun 27 yaşı tamam olur və bu, Məhəmməd Məmmədlinin Cənnətdəki ilk doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Məhəmməd Məmmədli 1994-cü ilin avqustun 21-ində Mingəçevirdə sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.
Məhəmmədgil ailədə iki övlad, bir bacı-bir qardaş olublar.
Bir neçə il öncə atasını itirib.
Anaları Mehriban xanım onlara həm ata, həm ana olub.
Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra Məhəmməd Mingəçevirdəki restoranlardan birində ofisiant işləyib.
Bir il öncə, 2020-ci ildə isə ailə qurub.
2020-ci ilin sentyabrın 21-dən də səfərbərliyə cəlb olunub, İkinci Vətən Müharibəsinin ilk günündən də ən ağır döyüş bölgələrindən birində, Talış-Suqovuşan istiqamətlərində olub, döyüşüb.
Anası Mehriban xanımla axırıncı dəfə sentyabrın 30-da danışıb, sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Oktyabrın 2-sində Suqovuşanda ağır döyüşlərdən birində Şəhid olub, itkin düşüb.
Düz 2 aydan sonra ondan xəbər çıxıb, daha doğrusu, dekabrın 1-ində Şəhidliyi təsdiqlənib və elə həmin gün nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Bu ilin yanvarın 30-unda isə Şəhidimizin Fatimə adlı qız övladı dünyaya gəlib.
Qeyd edək ki, Cənnətdəki ilk ad günü ilə bağlı sabah Şəhidimizin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.
Ziyarət təxminən bir saat, 16:00-dan 17:00-a qədər davam edəcək.
Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, şəhər sakinləri, məktəblilər iştirak edəcəklər.
Ziyarət zamanı Şəhidin (eləcə də digər Mingəçevirli Şəhidlərin) məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək.
Ziyarətdən sonra, saat 17:00-da isə Şəhidin yaşadığı evin-binanın yaxınlığında “Şəhidlər-Döyüşçü qardaşlar bulağı”nının açılışı olacaq.
Açılışda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni oxunacaq, çıxışlar ediləcək, məktəblilərin ifasında şeirlər səsləndiriləcək.
Nur içində yatsın, məkanı cənnətlik olsun-Şəhidimizin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az