Evin-ailənin tək və subay oğlu, ali təhsilli-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏŞAD ZEYNALLININ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ, 27 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Əslən İmişlidən, özü isə Bakı şəhərinin Nəsimi rayonundan olan Rəşad Qiyas oğlu Zeynallının doğum günüdür.

Rəşad Zeynallının bu gün-21 aprel 2025-ci il tarixində 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün-saat 11:00 radələrində Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Məzarını ziyarətdən sonra isə İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində məclis düzənlənəcək, adına çay-ehsan süfrəsi açılacaq.

Etikxeber.az-ın xəbərinə görə, Rəşad Zeynallı 1998-ci ilin 21 aprel tarixində Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib.

Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı idi.

Rəşadın özündən böyük Mirzeynal adlı qardaşı da olub.

Amma Mirzeynal Zeynalbəyli 1997-ci ildə, cəmi 4 yaşında dünyasını dəyişib və Zeynalovlar (Zeynallılar) ailəsi ilk övlad acısını yaşayıb.

Rəşad 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb.

Orta məktəbi müvəffəqiyyətlə başa vuran Rəşad ali məktəbə daxil olub, 2015-2019-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra-2019-cu ilin payızında həqiqi hərbi xidmətə yollanıb.

Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb.

Cəbrayıl  Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Şərəfli döyüş yolu 11 gün çəkib və oktyabr ayının 8-də Cəbrayıl rayonunda qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

İllər öncə övlad itkisi yaşayan Zeynalovlar (Zeynallılar) ailəsinin acısının üzərinə daha bir acı, dərdinin üzərinə daha bir dərd gəlib.

Oktyabrın 8-də Şəhid olsa da, ancaq nəşi 21 gündən sonra, 29 oktyabr tarixində İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Valideynləri isə övladlarının-tək oğullarının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyirlər.

22 yaşında Şəhidlik məqamına ucalan Rəşad Zeynallı həm də subay olub.

Şəhidə həsr olunmuş “Rəşadətli ömür” filmi çəkilib.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 27 yaşı mübarək olsun!

Nur içində yatsın!

07:48

***

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün-saat 11:00 radələrində Rəşad Zeynallının İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

 Ruhuna dualar edilib, “Quran” oxunub.

Çıxışlar edilib.

Çıxışlarda Şəhidin 22 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan, Vətənpərvərliyindən söz açılıb.

Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Təhsil aldığı orta məktəbin şagirdləri tərəfindən Vətənə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra isə İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində məclis düzənlənib.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha ruhuna dualar olunub.

Sonda adına çay-ehsan süfrəsi açılıb, xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı məclisdə ailə üzvləri, Şəhid ailələri, döyüş yoldaşları, Qazilər, ziyalılar, din xadimləri, məktəblilər və digər şəxslər iştirak ediblər.

16:00

***

FOTOLAR:

16:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək-SƏRƏNCAM

Read Next

Qərbi Azərbaycana qayıdışın siyasi, ideoloji, faktoloji və hüquqi bazası hazırdır-AZAY QULİYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir