Evin-ailənin tək oğlanları…3 övlad atası Nofəl və nişanlı Fəxri…BU GÜN NOFƏL NURİYEV VƏ FƏXRİ QƏRİBZADƏNİN ŞƏHİDLİYİNDƏN, TORPAĞA TAPŞIRILMASINDAN 9 AY KEÇİR – FOTOLAR

Bu gün, iyunun 10-unda Goranboyun, Qəhrəman Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Xaliq oğlu Nuriyevin torpağa tapşırılmasından 9 ay keçir.

Etikxeber.az xəbər verir ki, Nofəl Nuriyev 2020-ci ilin sentyabrın 29-da, axşam saatlarında Ağdərə-Suqovuşan istiqamətində, “Qaranlıq meşə” deyilən yerdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

1988-ci ilin yanvar ayının 9-da Qızılhacılıda sadə bir ailədə dünyaya gələn Nofəl bir bacı, bir qardaş olublar.

Nofəl orta məktəbi bitirdikdən sonra Mingəçevirdə yerləşən Tibb Kollecində təhsil alıb.

2011-ci ildə ailə həyatı quran Nofəl 3 övlad, iki qız, bir oğul atası idi.

Evin tək oğlu olan Şəhidimizin Güllü, Ayşə və Ali adlı övladları var.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nofəl Nuriyev 2020-ci ilin sentyabrın 29-unda Şəhid olsa da, bir müddət onun nəşini neytral ərazidən götürmək mümkün olmayıb.

Yalnız 11 gündən sonra, oktyabrın 10-da nəşini “neytral”dan götürmək mümkün olub və Şəhidimiz elə həmin gün Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”“Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, İkinci Vətən Müharibəsi zamanı Nofəlin xalası oğlu İlkin Vəliyev də Şəhid olub.

İlkin Nofəldən 16 gün sonra, oktyabrın 26-sında torpağa tapşırılıb.

Anasını çox vaxtsız itirən İlkin subay olub.

***

Bu gün həmçinin, daha bir Şəhidimizin, evin tək və nişanlı oğlu Fəxri Qəribzadənin Şəhidliyindən, torpağa tapşırılmasından 9 ay keçir.

Fəxri 1993-cü ilin yanvarın 10-da Bərdə rayonunun Güloğlular kəndində anadan olub.

2001-2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb…

Orta məktəbi başa vurduqdan sonra, 2012-2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub.

O, hərbi xidmətini-əsgərliyini də Fəxri fərmanla başa vurub.

Hərbi xidməti başa vurduqdan sonra yenidən taleyini Ordu ilə, hərblə bağlayıb.

MAXE kimi xidmətini davam etdirməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk anından, ilk saniyəsindən də döyüşlərə atılıb.

Belə ki, sentiyabrın 27-dən Murov dağının, Talışın, Suqovuşanın, Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Döyüşüb, vuruşub, İgidliklər, Qəhrəmanlıqlar göstərib…Və oktyabrın 10-da Ağdərə döyüşləri zamanı Şəhid olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Cəsur döyüşçü”  medalları təltif edilib.

Fəxrigil ailədə iki uşaq-bir qardaş, bir bacı olublar.

Hazırda da bacısı Türkanə xanım ailəlidir, anası-Şəhid anası Mehparə xanım da qızıgildə olur, yaşayır.

Fəxri həm də nişanlı olub, öz xalası qızı ilə nişanlanıb, 2020-ci ilin payızında toyları olacaqmış…

Fəxrinin eyni zamanda, ad və soyadını daşıyan Fəxri Qəribzadə adlı bacısı oğlu var.

Allah hər üç Şəhidimizə rəhmət etsin, məkanları cənnətlik olsun, nur içində yatsınlar!

Ruhları qarşısında ehtiramla baş əyirəm, baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Seçicilərimin məndən şikayəti yoxdur”-MM-İN KOMİTƏ SƏDRİ BƏXTİYAR ƏLİYEV – MÜSAHİBƏ

Read Next

Xəstə övladı ilə taleyin amansız axarına buraxılan, tərk edilən, daxmada yaşayan, Şəhid qardaşının Haqqını arayan Nailə Əmiraslanovanın-ACI HƏYAT HEKAYƏSİ – ŞƏHİD BACISI ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ XANIMDAN KÖMƏK İSTƏDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir