Evin-ailənin yeganə övladı…Baş leytenant…İki medallı və bir ordenli-İGİDİMİZ – ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏ… – FOTOLAR

Bugünlərdə, daha doğrusu, 3 gün öncə, 15 iyul tarixində Bərdədə olarkən daha bir Şəhidimizin, İgidimizin, Qəhrəmanımızın, Vətən sevdalımızın ailəsi-valideynləri ilə tanış oldum…

İkinci Vətən Müharibəsinin Nur üzlü Şəhidlərindən Həsənağa Abdullazadənin valideynləri ilə…

Həm hüznlü, həm dərdli, həm kədərli, həm də QÜRURLU, MƏĞRUR, DİK DURUŞLU Şəhid valideynləri…

Nə deyəcəyimi, necə təsəlli verəcəyimi bilmədim, sadəcə və sadəcə, ONLARLA Fəxr etdim, Qürur duydum…

Fəxr etdim, Qürur duydum ki, tək övladlarını, gözlərinin ağı-qarası olan oğullarını ŞƏHİD verən DİK DURUŞLU, ƏYİLMƏYƏN, SINMAYAN və övladları qədər QƏHRƏMAN olan insanlarımız, Şəhid ailələrimiz, Şəhid ata-analarımız var…

Həm Şəhidimizin-Şəhidlərimizin, həm də Həsənağanın valideynləri, bütün Şəhid valideynləri, ata-anaları qarşısında baş əyirəm!

***

Abdullazadə Həsənağa Şakir oğlu 1993-cü il mart ayının 9-da Lənkəran şəhərində Məhəmməd Əsədov küçəsi, mənzil 37-də anadan olub…

O, 1999-cu ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirib…

Tək övlad olmasına baxmayaraq, həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin 1-ci kursuna daxil olub və 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirib…

2010-cu ilin avqust ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və hələ tələbəykən 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013) “Yubiley medalı” ilə təltif olunub…

2014-cü ilin iyul ayında həmin məktəbi bitirib, Leytinant rütbəsi alıb…

2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib…

Öz arzusu ilə Gədəbəyin ən ucqar zonası olan “Qoca Dağ”a, xidmətinə yollanıb və N saylı hərbi hissənin motoatıcı taqım komandiri vəzifəsinə göndərilib…

2015-2016-cı illərdə Gədəbəydəki N hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsində çalışıb, bir il sonra- 2017-ci ildə isə bölük komandiri vəzifəsinə təyin olunub…

İgidimizə elə həmin-2017-ci ildə Baş leytinant hərbi rütbəsi verilib və bir il sonra daha bir medalla- 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley medalı” ilə təltif olunub….

Həsənağa bir çox sertifikat və Fəxri Fərmanlara layiq görülüb…

2018-ci ilin oktyabr ayında Göygöl rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifəsinə göndərilib…

Həsənağa Baş leytinant olmasına baxmayaraq, tarixi İkinci Vətən Müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayonundakı N saylı hərbi hissədə taborun “Qərargah rəisi” vəzifəsinə təyin olunub…

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərdə olub…

Murov yüksəkliyinin, Kəlbəcərin, keçmiş Ağdərə rayonunun bir neçə kəndinin, strateji yüksəkliklərin erməni işğalından azad olunmasında iştirak edənlərdən, ən öndə döyüşən zabitlərdən, Fatehlərdən olub…

Hətta Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə ayağından giillə yarası alsa da, döyüşü tərk etməyib, hospitala belə getməyib, ayağını sarıyıb və yenidən öz taboru ilə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərə yollanıb…

Kəlbəcər uğrunda gedən döyüşlərdə 27 yaşlı İgidimiz qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Döyüş yoldaşları isə söyləyir ki, komandirimiz Həsənağa deyirdi ki, biz 3 nəfər qalsaq belə, bu post alinmalıdır və belə də oldu.

“Postu aldıq, amma təəssüflər olsun ki, komandirimiz qəhrəmancasına Şəhid oldu, bu sevinci bizlə yaşaya bilmədi. Biz quru qoşun idik. Bizdən əlavə Xüsusi Təyinatlılar və artilleriya qoşunu var idi, onların komandiri Şəhid olduqdan sora komandirimiz Həsənağa onlara da komanda verməyə başladı. Sonda “TSK” tipli silahı götürərək düşmən mövqelərinə atmağa başladı, səsi batana qədər komanda verdi. Sonda səsi çıxmadı, su istədi. Su verdim, bir az içdi, yarısını da mənə verdi. Sonra dönüb baxdıqda komandirin vurulduğun gördüm, yaxınlaşıb baxmaq istəyəndə məni də qolumdan vurdular. Komandirə yaxınlaşdıqda artıq Şəhid olduğunu gördüm”-deyə, döyüş yoldaşlarından biri Şəhidimizin ailəsi ilə görüşündə deyib.

Həsənağanın nəşi düz 112 gün düşmən əlində qalıb, erməni şərəfsizlərinin, murdarlarının paylaşdığı videoçarxda belə Həsənağanın nəşinə qorxaraq yaxınlaşdıqları görünür…

Bəli, onlar hətta Həsənağanın Şəhidliyindən, nəşindən belə qorxublar…

Həsənağa Ölümü, Şəhidliyi ilə də düşmənə gözdağı verən OĞULLARDAN, İGİDLƏRDƏN olub…

Yalnız 112 gündən sonra Həsənağanın nəşini əldə etmək və ailəsinə təhvil vermək mümkün olub…

Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn edilib…

Ölümündən sonra Həsənağa “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adına da layiq görüləcəyi gözlənilir və ailəsi həmin günü səbirsizliklə gözləyir…

Çünki Şəhidimizin Haqqıdır və Şəhid ailəsinin Haqqıdır!

Şəhidimiz 2019-cu ilin avqust ayının 17-də ailə həyatı qurub…

Ancaq çox təəssüflər olsun ki, övladı olmayıb…

Allah Şəhidimizin məkanını cənnətlik, məzarını behiştlik etsin, Nur içində yatsın-Nur üzlümüz!

Böyük Yaradan tək. yeganə övladlarını itirmiş Qürurlu və Məğrur Şəhid ailəsinə səbr, dözüm versin!

Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, Həsənağa və Həsənağalar da var olacaq, yaşayacaqlar!

Onlar daim qəlblərdə, qəlblərimizdə yaşayacaqlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

15-18 iyul, Bərdə-Bakı

Etikxeber.az

Read Previous

“İstəyirəm ki, oğlumun adı oxuduğu məktəbə verilsin, Şəhidim Vətən Müharibəsi Qəhrəmanı, yaxud “Qarabağ” və ya “Zəfər” ordenlərindən biri ilə təltif olunsun”-ŞƏHİD SÜBHAN ABDURƏHMANLININ ANASI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Read Next

“Bu vaksinlərdən hər biri effektli və təhlükəsizdir…”-ELDƏNİZ SƏLİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir