Evin tək oğlu, 3 övlad atası, nəşi 11 gündən sonra dəfn olunan-ŞƏHİD NOFƏL NURİYEVİN ANIM GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir Şəhidimizin-Goranboyun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Xaliq oğlu Nuriyevin torpağa tapşırıldığı günüdür.

Bu gün Onun Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Nofəl Nuriyev 2020-ci ilin sentyabrın 29-da, axşam saatlarında Ağdərə-Suqovuşan istiqamətində, “Qaranlıq meşə” deyilən yerdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

1988-ci ilin yanvar ayının 9-da Qızılhacılıda sadə bir ailədə dünyaya gələn Nofəl bir bacı, bir qardaş olublar.

Nofəl orta məktəbi bitirdikdən sonra Mingəçevirdə yerləşən Tibb Kollecində təhsil alıb.

2011-ci ildə ailə həyatı quran Nofəl 3 övlad, iki qız, bir oğul atası idi.

Evin tək oğlu olan Şəhidimizin Güllü, Ayşə və Ali adlı övladları var.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nofəl Nuriyev 2020-ci ilin sentyabrın 29-unda Şəhid olsa da, bir müddət onun nəşini neytral ərazidən götürmək mümkün olmayıb.

Yalnız 11 gündən sonra, oktyabrın 10-da nəşini “neytral”dan götürmək mümkün olub və Şəhidimiz elə həmin gün Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, İkinci Vətən Müharibəsi zamanı Nofəlin xalası oğlu İlkin Vəliyev də Şəhid olub.

İlkin Nofəldən 16 gün sonra, oktyabrın 26-da torpağa tapşırılıb.

Anasını çox vaxtsız itirən İlkin subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qızılhacılı (Balakürd) qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, qohumları, qonuşları, Qızılhacılıdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Ziyatətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi keçiriləcək, sdına ehsan süfrəsi açılacaq.

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

00:02

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Nofəl Nuriyevin məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Qızılhacılı qəsəbə sakinləri, Şəhid ailələri, millət vəkili Ağalar Vəliyev, Goranboy rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev, məktəblilər və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, çıxışlar edilib, məktəblilər və Şəhidin qızları tərəfindən Vətənə, Şəhidə həsr olunmuş şeirlər səsləndirilib.

Ziyarətdən sonra Şəhidin yaşadığı evdə anım mərasimi keçirilib, ehsan verilib.

FOTOLAR:

ŞƏHİDİN QƏHRƏMAN, NUR ÜZLÜ VALİDEYNLƏRİ-ANASI FATMA XANIM, ATASI XALİQ KİŞİ…

GORANBOYLU QAZİLƏR-FUAD HƏSƏNOV VƏ NAİL MİRZƏYEV…

ŞƏHİDİN GÜL BALALARI-QIZLARI GÜLLÜ VƏ AİŞƏ…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1032 yeni yoluxma-DAHA 10 ÖLÜM…

Read Next

Atasını Şəhidliyindın az öncə itirən, evin-ailənin tək övladı-YUSİF BUDAQOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR – BU GÜN ONUN 24 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir