“Eynəyim evdə qaldığı üçün oxuya bilmədim və imzaladım” – ŞAHİD

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, prosesdə şahid qismində ifadə verən Hüseynbala Mehdiyev bildirib ki, F. Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa şərh yazdığı üçün istintaqa çağırılaraq ifadə verib.

Bildirib ki, ondan Taleh Bağırovu tanıyıb-tanımadığı soruşublar, o da tanımadığını deyib. Fuad Qəhrəmanlının hansı statusuna nə şərh yazdığını isə xatırlamadığını bildirib: “Mən hər şeyin seçki ilə olmasının, seçkiyə vətəndaşların getməsinin tərəfdarıyam və bu mənim mövqeyimdir. İfadə verən zaman mənimlə çox yaxşı rəftar etdilər. Sonra dedilər ki, oxu və imzala. Lakin eynəyim evdə qaldığı üçün oxuya bilmədim və imzaladım”.

Şahid həmin hadisədən sonra heç bir statusa şərh yazmadığını da deyib.

Daha sonra şahid qismində Nardaran sakini Xəqani Dadaşov ifadə verib. Balıq alveri ilə məşğul olduğunu deyən şahid Nardaran qəsəbəsində baş verən hadisədən telefonla xəbər tutduğunu deyib. Vəkillər onun ifadələrində ziddiyyət olduğunu deyib, ifadəsinin elan edilməsini istəyiblər. Bundan sonra onun ifadəsi elan edilib.

O, ifadəsində deyib ki, Taleh Bağırov hər kəsi silahlanmağa və dövlətə qarşı qalxmağa səsləyib: “Deyirdi ki, dini dövlət qurmaq lazımdır. “Müsəlman Birliyi Hərəkatı”nın üzvü kimi mənə vəsiqə vermişdilər. Biz elə bilirdik ki, Taleh Bağırov bunu dini təbliğat və bizim yaxşılığımız üçün edir. Sonradan bildik ki, onun məqsədi təxribat və bizi prezidentə qarşı qaldırmaq olub. Taleh Bağırov və ətrafındakıların pis niyyətlərini anladığım üçün vəsiqəni cırıb atdım, onlardan uzaqlaşdım. Ötən il noyabrın 25-də Əbülfəz Bünyatovun evinin yanından keçəndə gördüm ki, silah və partlayıcı maddələr yığırlar. Deyirdilər ki, polislər kəndə gələndə hücum edəcəklər. Sonra eşitdim ki, Talehin adamları polisləri öldürüblər”.

Daha sonra hakim bildirib ki, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovun müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabça məhkəməyə təqdim edilib. O, vəkillərin istədikləri vaxt onunla tanış ola biləcəklərini deyib.

Prosesdə fasilə elan edilib.

Fasilədən sonra davam edən iclasda hakim bildirib ki, şahidlərdən Sərdar Bünyadov və daha bir neçə nəfər məhkəməyə müraciət edərək istintaqa verdikləri ifadəni təsdiq etdiklərini, iclasa gəlmək istəmədiklərini bildiriblər. T. Bağırov isə onların dindirilməsini istəyib.

Təqsirləndirilən Aqil İsmayılovun vəkili onun gözündə problem olduğunu, yeni eynək təyin olunmasının vacibliyini deyib. O, həkim tərəfindən A. İsmayılova yeni eynək təyin edilməsini istəyib.

Hakim bildirib ki, həmin həkimin adın və soyadın məhkəməyə təyin etsələr, onun istintaq təcridxanasına buraxılmasına şərait yaradılacaq.

Daha sonra hakim şahidlərin məhkəməyə gəlmədiklərini bildirib və buna görə iclas noyabrın 16-na təxirə salınıb.

Etikxeber.az

 

Read Previous

“Deyirlər ki, ölsə də, məhkəmədə ölməlidir…” – Covdarov vəkillərindən imtina etdi

Read Next

Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri irimiqyaslı təlimlərdə iştirak edir – MN – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir