“Əgər yenə də övladım, övladlarım olsaydı, yenə də onları Vətənin keşiyinə, müdafiəsinə yollayardım…”-Şəhid qardaşlar İman və Bəhram Məmmədzadənin anası Hicran xanım – Şəhid qardaşlardan-İMAN MƏMMƏDZADƏNİN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

ŞƏHİD QARDAŞLARIN ATASI ELMAN MƏMMƏDOV: “İmanın adını atam qoymuşdu, Bəhramın adını isə “Solğun çiçəklər” əsərindən götürmüşdük…”

Bu gün-14 sentyabr tarixi Lerikin İkinci Vətən Müharibəsi Şəhidlərindən, Şəhid qardaşlardan biri olan İman Elman oğlu Məmmədzadənin doğum günüdür.

Bu gün onun 23 yaşı tamam olur və bu, İman Məmmədzadənin Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az-ın xəbərinə görə, İman Məmmədzadə 1998-ci ilin 14 sentyabr tarixində Lerik rayonunun Kəlvəz kəndində, sadə bir ailədə anadan olub.

İmangil ailədə iki övlad, iki qardaş olublar.

Kiçik qardaşı Bəhram Məmmədzadə isə 2000-ci ilin aprel ayının 18-ində dünyaya gəlib.

Hər iki qardaş Azərbaycan Ordusunun Əsgər(lər)i kimi İkinci Vətən Müharibəsində iştirak ediblər.

Hər iki qardaş müharibə zamanı igidliklər, qəhrəmanlıqlar göstəriblər.

Və hər ikisi də eyni gündə, noyabrın 2-sində Xocavəndin Qızrmızı Bazar qəsəbəsi istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar.

Hər iki qardaş ölümündən sonra bir sıra medallarla təltif olunublar.

Qeyd edək ki, bu gün Şəhid İman Məmməzadənin Cənnətdəki ilk ad günü ilə bağlı valideynlərinin hazırda yaşadığı Binə qəsəbəsində mərasim keçiriləcək.

Mərasimdə Şəhidin valideynləri, yaxınları, Bakıdan və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, din xadimləri və digərləri iştirak edəcəklər.

Mərasim zamanı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, sonra isə çıxışlar ediləcək.

Eyni zamanda, sonda Şəhidlərin adına ehsan süfrəsi açılacaq.

Nur içində yatsınlar!

Məkanları cənnətlik, İman Məmmədzadənin Cənnətdəki ilk ad günü, mövludu mübarək olsun!

00:01

***

İman Məmmədzadənin Cənnətdəki ilk ad günü ilə bağlı öncə Şəhid qardaşların Binə qəsəbə Şəhidlər Xiyabanındakı məzarları, eləcə də digər Şəhidlərin məzarları ziyarət olunub.

Ziyarətdə Şəhid qardaşların atası Elman Məmmədzadə, Şəhidlərin yaxınları, Binə sakinləri, Şəhid ailələri, məktəblilər və digərləri iştirak ediblər.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra məktəblilərin ifasında Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhid qardaşların atası Elman Məmmədzadə isə öz növbəsində ziyarət üçün hər kəsə minnətdarlığını bildirib.

Sonra “İnsan, övlad üçün ən müqəddəs, ən əziz anadır. Amma anadan müqəddəs olan Vətən də var. Övladlarım da Vətəni anadan, analarından üstün tutdular və Vətən yolunda da Şəhid oldular. Övladrımla Fəxr edirəm, Qürur duyuram”-deyə, Şəhid qardaşların atası bildirib.

Şəhid qardaşların atası eyni zamanda “İmanın adını atam qoymuşdu. Bəhramın adını isə “Solğun çiçəklər” əsərindən götürmüşdük”-deyə, sözlərinə əlavə edib.

Ziyarətdən sonra Şəhid qardaşların yaşadığı evdə, həyətdə İman Məmmədzadənin mövludu ilə bağlı mərasim başlayıb.

11:30

***

Mərasimdə Mingəçevirdən, Bərdədən, Kürdəmirdən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları iştirak edirlər.

Şəhid analarından-Şəhid qardaşlar Musa və Tural Həsənovların anası Nəhayət xanım, Əli İslam Əhmədovların anası Sevinc xanım, Xudayar Yusifzadənin anası Radə xanım, Fəxri Qəribzadənin anası Mehparə xanım, Cəmil Həşimlinin anası Simuzər xanım, Şəhid Təbriz Cüməzadənin valideynləri və digər Şəhid ailələri mərasimə qatılıblar.

Onlar Şəhid qardaşların valideynlərinə-Hicran xanım və Elman bəyə Allahdan səbr diləyib, başsağlığı verib, “Şəhidlərin, Şəhidlərimizin məkanı cənnətlik olsun”-deyiblər.

Şəhid qardaşların anası Hicran xanım “Övladlarımı mən əkiz etmişdim, əslində onlar əkiz deyildilər, aralarında iki yaş fərq var idi. Amma heç zaman onları bir-birindən ayırmırdım, hətta corab da alanda eynisini alırdım ki, fərqi hiss etməsinlər. Onlar özləri də heç zaman bir-birindən ayrılmırdılar. Hər yerdə bir idilər. Əsgərlikdə də, müharibədə də bir yerdə oldular, bir gündə, bir yerdə də Şəhid oldular. Nəinki övladlarımla, bütün Azərbaycan oğlulları ilə, Şəhidlərimizlə fəxr edirəm. Əgər yenidən övladım, övladlarım olsaydı, onları da Vətənin keşiyinə, müfadiəsinə yollayardım…”-deyə, bildirib.

Mərasim davam edir.

Qeyd edək ki, mərasimin sonunda Şəhidlərin adına ehsan veriləcək.

12:39

***

Mərasimdə həmçinin millət vəkilləri və Xəzər rayon İcra Hakimiyyətinin rəhbərliyi, icra başçısı Elşən Salahov iştirak ediblər.

Millət vəkillərindən Solatan Məmmədov və İqbal Məmmədov, o cümlədən icra başçısı Elşən Salahov Şəhid qardaşların atasına, əzizlərinə səbr diləyiblər.

Eyni zamanda, İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Azərbaycan övladlarının İgidliyindən, Qəhrəmanlığından, Şəhidliyindən bəhs ediblər.

Bildiriblər ki, tarixi Qələbə və Zəfərimizə görə, Ali Baş Komandan başda olmaqla, İgid, Qəhrəman Azərbaycan oğullarına, İman və Bəhram Məmmədzadələr kimi Şəhidlərə borclu və minnətdarıq.

Mərasimdə Şəhidlərin ruhuna bir daha dualar oxunub.

Sonra Şəhid qardaşların adına ehsan verilib.

FOTOLAR:

13:39

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İcazəmiz olmadan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizə daşınan heç bir yükə buraxılış verilməməlidir-MİLLƏT VƏKİLİ

Read Next

“Yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə…Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam… Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır”-İlham Əliyev – Cəlilabad və Şəmkirə yeni icra başçısı təyin olundu – SƏRƏNCAMLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir