“Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (6)

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.

x x x

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.

Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən danışıb.

Ermənistanın liderləri ilə dəfələrlə görüşdüyünü, indiki hakimiyyət və ondan əvvəlki prezidentlər ilə də danışıqlar apardığını xatırladan dövlətimizin başçısı qeyd edib:

“Baxmayaraq əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi, mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni, sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu”.

***

Biz bəzən açıq ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməlidir, kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaq və uğursuzluğa düçar olacaqlar.

Bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında ifadə edib.

“Mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin (ABŞ-da – red.) bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini istəyirdilər, onlar onu təmin etmək istəyirdilər. Zənnimcə, bu, mənim fikrimdir ki, bəlkə də məqsəd məhz bundan ibarət idi”, – söyləyən dövlətimizin başçısı seçkilərdən sonra Vaşinqtonda və Avropada Azərbaycan, bizim potensialımız, bizim rolumuz haqqında daha yaxşı anlayışın olacağına ümid etdiyini vurğulayıb.

***

Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur.

Bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Dövlətimizin başçısı, həmçinin deyib:

“Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi”.

***

Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu istiqamətdə irəliləyirik.

Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

“2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 21 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi – Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır”, – deyə dövlətimizin başçısı əlavə edib.

***

Biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək.

Bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

“Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”, – deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək edib. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edirlər.

COP29-la bağlı dəvətlər göndərdiyini və bir çox Afrika ölkələrinin prezidentlərinin iştiraklarını təsdiqlədiklərini bildirən Prezident İlham Əliyev bunun təmasların qurulması üçün yaxşı fürsət olacağını deyib.

***

İnkişaf etməkdə olan ölkələrə dəstək göstərilməlidir. Biz inkişaf etməkdə olan kiçik ada ölkələri üçün fond yaratdıq. Biz hər bir inkişaf edən, inkişaf etməkdə olan ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur.

Bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Bu işdə həmrəyliyin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun”.

Buna görə bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən Azərbaycan Prezidenti qeyd edib:

“Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq onlara çox yaxınlaşacağıq”.

***

Biz çox gözəl bilirik ki, ən böyük karbon tullantılarını istehsal edən və ətrafı çirkləndirən böyük ölkələr hansılardır.

Bunu Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Ancaq elə bir platforma yaradılmalıdır ki, daha geniş maliyyə imkanlarına malik olan ölkələr digərlərinə kömək etsin”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Etikxeber.az

Read Previous

“Vətəndaşlar “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır…”-DİN-DƏN MÜRACİƏT

Read Next

“Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik”-AZƏRBAYCAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir