Fəzail Ağamalı “uşaqpulu” və uşaq doğumunun azalması ilə bağlı nələri -DİLƏ GƏTİRMİŞDİ? – MÜSAHİBƏ-VİDEO

Ana Vətən Partiyasının (AVP) sədri, deputatlığa namizəd, 5 çağırış Milli Məclisin (MM) üzvü Fəzail Ağamalı deputatlığı dövründə bir sıra önəmli təklif və çıxışları ilə yadda qalıb.

Etikxeber.az olaraq, 60 saylı Salyan-Neftçala seçki dairəsindən yenidən deputatlığa namizəd F. Ağamalının “uşaqpulu” ilə bağlı MM-in plenar iclasında səsləndirdiyi fikirləri və eyni zamanda, 21 noyabr 2018-ci il tarixində saytımızda gedən müsahibəsini təqdim edirik:

Fəzail Ağamalı: Azərbaycanda artıq əhali artımında ciddi problem mövcuddur

Etikxeber.az  millət vəkili Fəzail Ağamalının müsahibəsini təqdim edir:

-Fəzail bəy, büdcə müzakirələrində ən çox dilə gətirilən və narahatlıq bildirilən məsələlərdən biri son illər ölkəmizdə uşaq doğumunda sayın azalması məsələsidir. Siz də son çıxışınızda bu məsələyə toxundunuz və bəzi addımların atılmasını təklif etdiniz. Doğrudanmı, vəziyyət bu dərəcədə kritik, ciddidir?

– Bu məsələ həqiqətən ciddi və düşündürücü bir məsələdir. Bu məsələ demoqrafik təhlükəsizliyimizə də əngəl yaradan bir məsələdir. Burada ciddi azalma tendensiyası özünün bütün əlamətlərini, elementlərini göstərməkdədir. Milli Məclisdə statistik rəqəmlər dilə gətirildi və bəlli oldu ki, 2011-lə 2017-ci ilin arasında, hətta, 2018-ci ilin 9 ayı arasında hardasa 40-50 min civarında  bir azalma var. Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, eyni zamanda, nigahdankənar uşaqların da doğulma prosesi gedir. Burada da böyük problemlər var. Ailə institutları bizdə artıq əvvəlki ənənələrə söykənmir. Kifayət qədər aşılanıb.

Bütün bunların hamısı nəzərə alınaraq birmənalı şəkildə demək olar ki, Azərbaycanda artıq əhali artımında ciddi problem mövcuddur. Yəni, uşaq doğumunda problem var. Mən çıxışımda da dilə gətirdim ki, imkanlı ailələr iki uşaqdan artıq övlad dünyaya gətirmirlər. Baxmayaraq ki, imkanları var, pulları var və sairə, ancaq iki uşaqdan çox uşaq istəmirlər. Ancaq əhali artımında həlledici rolu – araşdırmalar da bunu göstərir – aztəminatlı və bir də orta təminatlı ailələr oynayır.

 Əgər bunlara yardım, maddi dəstək yoxdursa, artıq bu artım da kəsiləcək, onlar da bir uşaqla kifayətlənəcək və biz də bu gedişlə gəlib artıq sıfırın altına düşəcəyik. Ona görə də burada həyəcan təbili vurulmalıdır, necə ki, biz həyəcan təbilinin ilkin səslərini, həyəcanların önə çəkdik.  Həmçinin, kütləvi informasiyalar vasitələri bununla bağlı araşdırmalarını, təhlillərini aparmalıdır, yazılarını verməlidir, bu məsələ ictimailləşdirilməlidir və  biz hökmən çalışmalıyıq ki, həm doğulan uşağa birdəfəlik yardımın miqdarı artırılsın, hardasa minimum 200 manat olsun və bir də hər bir uşağa 12 yaşına qədər aylıq müavinət verilsin. Mənə elə gəlir ki,  bununla bir az vəziyyəti tənzimləyə bilərik.

Ailələri hökmən həvəsləndirməliyik, onların problemlərinin, xüsuslə,  uşaqla, övladla bağlı problemlərinin həllində onlara yardımçı olmalıyıq. Azərbaycan xalqı nəsil verən xalqdır. Biz genetika baxımından nəsil verən xalqıq. Yəni,  bir çox  xalqlar kimi qocalan, qocalığa meyl edən xalq deyilik. Ona görə xalqın bu ənənəsinə söykənərək, biz onu stimullaşdırmalıyıq.

-Siz bu məsələ ilə bağlı həm də qanundankənar nikanları, ailə istitutunun dağılmasına yönələn məqamları vurğuladınız. Burada yad, kənardan bizə ötürülməyə, pərçimlənməyə çalışılan zərərli, mental dəyərlərimzlə uzlaşmayan, daban-dabana zidd elementlər də öz “rolu”nu oynayırmı?

– Yad elementlərin təbii ki, böyük təsiri var. Ancaq bununla bərabər həm də sosial problemlər də var. Gənc ailələr evlənirlər, bir çoxunun evləri olmur və ata-ana ilə bərabər yaşayırlar, müxtəlif qarşıdurmalar, müxtəlif söz-söhbətlər, ailə münaqişələri olur. Yəni,  yaşayış tərzi aşağı olanda, ehtiyaclar ödənilməyəndə ailədə istər-istəməz söz-söhbətlər meydana gəlir – ya kişi tərəfindən, ya qadın tərəfindən. Özü də  fərqi yoxdur, bunların hər ikisi var. Bununla belə, mənə elə gəlir ki, artıq sosial evlərin hazırlanması və ehtiyacı olan gənc ailələrə verilməsi ilə bağlı dövlət proqramının özünün evlə bağlı ehtiyacların ödənməsinə təsiri olacaq. Ancaq yad elementlərin Azərbaycana təsirini azaltmaq üçün də heç şübhəsiz ki, kütləvi informasiya vasitələrində maarifləndirmə işini genişləndirməliyik və çalışmalıyıq ki, əsrlərdən bəri bizə gəlib yüksək səviyyədə qiymətləndirdiyimiz, miras qalan ailə institutunu möhkəmləndirək, o ənənələri qoruyaq, saxlayaq…

Etikxeber.az

Read Previous

İlham Əliyev Polşa və Monqolustanın-LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Read Next

MM-in komitə sədrinin müavini bu dəfə QHT təmsilçilərini dinlədi – GƏNCƏDƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir