“İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır…. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir…”-PREZİDENTDƏN YENİ GƏNCLƏR VƏ İDMAN CİDDİ NAZİRİNƏ TAPŞIRIQ – YENİLƏNİB – (1)

Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.

13:55

***

Fərid Qayıbov 1979-cu il aprelin 24-də Bakı şəhərində anadan olub.

O, 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.

1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.

F.Qayıbov 2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsinə yiyələnib.

2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsi, “Olimpiya Həmrəyliyi” və Avropa Olimpiya Komitələri tərəfindən dəstəklənir.

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  (ARDNŞ) “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib. 2001-2003-cü illərdə ARDNŞ -nin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.

2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərmişdir.

Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak etmişdir.

2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışmışdır.

2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilmişdir.

2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşımışdır.

2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17-19 oktyabr, Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilmişdir (2008-2012-ci Olimpiya dövrü üzrə).

2010-cu il 25 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilmişdir.

2012-ci ildə FIG-nin 79-cu Konqresində (25-27 oktyabr, Kankun, Meksika) yenidən həmin qurumun Şura üzvü seçilmişdir.

2013-cü ildə Portoroj şəhərində (6-7 dekabr, Sloveniya) keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina etmişdir.

2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.

2013 və 2014-cü illərdə FIG Akademiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədii gimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olmuşdur.

2014-2015-ci illərdə İlk Avropa Oyunlarına (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində İcraçı Direktor vəzifəsini daşımışdır.[6]

2014-2015-ci illərdə I Avropa Oyunları (Bakı-2015) çərçivəsində gimnastika növləri üzrə təşkil olunan yarışlarda məsləhətçi kimi fəaliyyət göstərmişdir.

2015-ci il 24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilmişdir.

2015-2016-cı illərdə Bakıda 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə “Challenge” seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşımışdır.

2016-2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kursları, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları (2017), FIG Şurası (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşımışdır.

2003-cü ildən etibarən bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikası üzrə, 2013-cü ildən isə qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə idman yarışlarının həm yerli, həm də beynəlxalq səviyyədə keçirilməsində böyük təcrübəyə malikdir.

Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı; Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən, 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olmuşdur (təyinata əsasən).

2017-ci il 1-2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa vermişdir. 2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.

Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olmuşdur.

2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

14:00

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Dövlət başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

– Siz gənclər və idman naziri vəzifəsinə təyin edilirsiniz, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Ölkəmizin idman ictimaiyyəti sizi yaxşı tanıyır. Siz uzun illər idman sahəsində fəaliyyət göstərirsiniz, eyni zamanda, siz Avropa Gimnastikasının prezidentisiniz. Bu vəzifəyə bir neçə il bundan əvvəl seçilmisiniz və bu, onu göstərir ki, beynəlxalq arenada da nüfuz qazanmısınız. Bu amilləri nəzərə alaraq, bu yüksək etimadı sizə göstərirəm və ümid edirəm ki, idman sahəsində, gənclər siyasəti sahəsində yaxşı nəticələr olacaq.

Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur. Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir. İdmançılarımız Dünya, Avropa oyunlarında, digər beynəlxalq yarışlarda bizi sevindirirlər. Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Medalların sayına görə Azərbaycan 33-cü yeri, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Amma yenə də deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də olur. Bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir. Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədir və biz haqlı olaraq paralimpiyaçılarımızla fəxr edirik.

Eyni zamanda, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır.

İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür.

Mən əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və bu prinsipləri gündəlik fəaliyyətinizdə rəhbər tutaraq nazirliyin fəaliyyətini təşkil edəcəksiniz. Sizi təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Fərid Qayıbov: Çox sağ olun cənab Prezident. Əvvəlcə icazə verin, göstərdiyiniz bu etimada, haqqımda deyilən bu sözlərə görə Sizə dərin minnətdarlığımı bildirim. Bu, mənim üçün böyük bir şərəfdir. Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağam.

Söz verirəm ki, əlimdən gələni edəcəyəm. İnanıram ki, sağlam cəmiyyətdə yaşayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, idmançılarımız isə yeni qələbələri ilə, cənab Prezident, Sizi və Azərbaycan xalqını sevindirəcəklər. Çox sağ olun.

Etikxeber.az

Read Previous

Anar Kərimovun birinci müavini-ELNUR ƏLİYEV OLDU – SƏRƏNCAM

Read Next

“1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq”-TƏHSİL NAZİRİ – BRİFİNQ – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir