“Mirşahin də, Bəhram da Azərbaycanın tanınmış simalarındandır, bu insanlara qarşı mənəviyyatsız davranış halları istər-istəməz adamı üzür…”-MM-İN KOMİTƏ SƏDRİ

Musa QULİYEV: “Fairmont Baku”da olanlar təkcə qanun pozuntusu deyil, həm də cəmiyyətə meydan oxumaqdır, həm də mənəviyyatın nə qədər pozulmuş olmasının göstəricisidir…”

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev cavablandırır:

-Musa müəllim, ölkə Prezidenti dünən 3 yerli telekanala müsahibəsində son 3 gündə çəmiyyətdə, mediada, sosial şəbəklərdə ciddi müzakirələrə, etirazlara səbəb olmuş hadisəyə-“Fairmont Baku” otelində yaşananlara sərt təpkisini göstərdi, belə hallara dözülməyəcəyini bir daha bəyan etdi. Eyni zamanda, başqa bir məsələ də var ki, həmin hadisədən dərhal sonra bir çox imkanlı, tanınmış şəxslərin övladları insanları, media mənsublarını, bütövlükdə Azərbaycan xalqını “işverən” adlandıraq, təhqir etdilər. Bunların arasında Xalq artisti, tanınmış sənətkar Brilyant Dadaşovanın da oğlu var və bugünədək də onlardan heç bir üzrxahlıq-filan yoxdur. Siz bunlara necə baxırsınız?

-“Fairmont Baku” otelində olan hadisə təkcə qanun pozuntusu deyil, o, həm də cəmiyyətə bir meydan oxumaqdır, o, həm də mənəviyyatın nə qədər pozulmuş olmasının göstəricisidir. O, həm də bütövlükdə ictimai qaydalara, belə deyərdim, ümumi yaşam adət-ənənəsinə, formasına müxalif çıxmaqdır. Cənab Prezident tamamilə doğru, haqlı olaraq dedi ki, bu, qudurğanlıqdır və belə insanlara qarşı bütövlükdə cəmiyyətin özünün də reaksiyası olmalıdır. İstər Gəncədə və Mingəçevirdə, istərsə də elə dünən ölkə Prezident çıxışında söylədi ki, ictimai qınaq belə proseslərdə həmişə ön planda olmalıdır və cəmiyyət birlikdə belə neqativ hallara qarşı mübarizə aparmalıdır, öz münasibətini bildirməlidir.

O ki qaldı ayrı-ayrı şəxslərin sosial şəbəkələrdə bunlara haqq qazandırmalarına və yaxud da, belə yaramaz hərəkətlərin ictimailəşdirilməsinə etiraz etmələrinə, hesab edirəm ki, elə onlar da həmin o “Fairmont”da qaydaları pozanlarla eyni mənəvi düşüncənin daşıyıcılarıdırlar. Ümumiyyətlə, koronavirus pandemiyasının ortaya çıxardığı bir çox neqativlərdən biri də tək bizim cəmiyyətdə deyil, bütövlükdə dünyada məhz mənəviyyatın yoxsulluğunun göstəricisi oldu. İnsanlarda bir-birinə acımamaq hissini görürəm…

-Konkret olaraq, nəyi və kimləri nəzərdə tutursunuz?

-Məsələn, Mirşahin Ağayev xəstələnib, koronavirusa yoluxub ailəlikcə, amma sosial şəbəklərə baxıram və görürəm ki, nə qədər neqativ, yanlış fikirlər var. Düzdür, bir çoxu onun durumuna, halına acıyır, ona, ailəsinə şəfa diləyir, amma nifrətini bildirən, təhqir yazanlar da var. Mirşahin də, elə Bəhram da Azərbaycanın tanınmış simalarındandırlar. Bunlar Azərbaycan incəsənətində, Azərbaycan mətbuatında, informasiya məkanında və sair, ümumiyyətlə, ictimai proseslərdə həmişə öndə və xidməti olan insanlardır. Amma bu insanlara qarşı da bu cür mənəviyyatsız davranmaq halları var və bunlar istər-istəməz adamı üzür…

-Mən də şəxsən belə davranışların əleyhinəyəm, yolverilməz sayıram, amma bəziləri iddia edir ki, adları çəkilənlər özləri buna əsas yaradıblar…

-Çox yanlış və zərərli düşüncə, yanaşmadır. Kimisə qəbul etməmək, bəyənməmək olar, amma kiməsə təhqir etmək, qarğış yağdırmaq olmaz. Kimsəyə belə bir haqq verilməyib. Bəli, düzdür, bəziləri “5-ci kolon” tərəfindən istiqamətləndirilir, “5-ci kolon” tərəfindən bu işə ton, rəvac verilir. Amma “5-ci kolon”a aid olmayan ayrı-ayrı insanların da belə mənəviyyata, əxlaqa zidd, ümimi ictimai qaydalara hörmətsiz münasibət bəsləməsi çox ciddi məsələdir və biz cəmiyyəti mənəvi aşınmaya məruz qoymalı deyilik. Nə vaxt ki, cəmiyyətdə mənəvi aşınma baş verir, o zaman bütövlükdə o cəmiyyətin həm əxlaqı pozulur, həm də iqtisadi, sosial, siyasi, ictimai münasibətləri pozulur. Məhz “5-ci kolon” vasitəsilə Azərbaycanı istəməyən, Azərbaycana düşmən qüvvələr, o cümlədən, erməni lobbisi, erməni maliyyəsindən qidalanan qurumlar Azərbaycanda mənəvi, əxlaqi dəyərləri pozmağa yönəlmiş addımlara rəvac verirlər.

Artıq iki ildən çoxdur ki, həmin dairlər və qüvvələr sosial şəbəkələr üzərindən davranışlar sərgiləyirlər. Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərini, dövlət adamlarını qiymətdən, hörmətdən salmaq, onlar haqqında şaiyələr uydurmaq, Azərbaycanın tarixini saxtalaşdırmağa cəhd etmək, tarixi qəhrəmanlarımızı millətin gözündə kiçiltmək yolunu və sair tuturlar. Bunlar hamısı planlaşdırılmış hərəkətlərdir və bunlara münasibətdə də Azərbaycan ziyalısı, Azərbaycan mətbuatı, Azərbayca gəncliyi, dövlətçilik mövqeyində duran ictimai-siyasi qüvvələr, o cümlədən, qeyri-hökumət təşkilatları həmişə ayıq-sayıq olmalı, öz münasibətlərini bildirməlidirlər.

Hesab edirəm ki, cənab Prezidentin “Fairmont”da baş verənlərə münasibəti təkcə bir hadisəyə münasibət deyil, bütövlükdə cəmiyyətə bir çağırış idi ki, mənəvi-əxlaqi dəyərlər bizim milli sərvətimizdir və onları qorumaq lazımdır. Xüsusən belə çətin zamanda, karantin dövründə elə insanlar var ki, gündəlik qazancından məhrumdurlar. Dövlət tərəfindən verilən, yaşayış minimumu səviyyəsində müavinətlə dolanan insanlar var, çoxuşaqlı ailələr var. Evindən, mənzilindən çölə çıxmamaq imkanı olan insanlar var. Bu, həm də o insanlara qarşı bir düşmən cəbhəsi açmaqdır və bunlar, əlbəttə, təkcə qınanılmalı deyil, həm də ən sərt qaydada cəzalanmalı, ifşa olunmalıdır. Həmçinin, gələcəkdə bu hadisələri təkrarlamaq niyyətində olanlara bir görk olmalıdır.

(Davamı olacaq)

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

17:53

Etikxeber.az

Read Previous

“Minsk qrupu faktiki münaqişənin həlli istiqamətində fəaliyyət göstərmək əvəzinə susmaqla, Ermənistanın istədiyi və çalışdığı bir məsələni sanki həyata keçirir ki, bu da mövcud status-kvonun saxlanılmasıdır”-SƏMƏD SEYİDOV

Read Next

“Heydər Əliyev-İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm”-RAMİZ MEHDİYEV İTTİHAMLARA CAVAB VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir