Fazil Mustafa: “Səhər-axşam gülümsəyərək işləyirlər…”

“İki gündür Azərbaycan Xüsusi Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü kimi Avstriyanın Qraz şəhərində keçirilən Xüsusi Qış Olimpiya oyunlarında milli komandamızla birlikdə iştirak edirəm. Bu yarışlarda bizim Floorboll (Döşəmə üzərində topla xokkey) komandamız iştirak edir. Olimpiyadaya hazırlıq yüksək səviyyədədir və burada zehni əlillərin idman fəaliyyətlərinə nə qədər böyük önəm verildiyinin hər yerdə şahidi olursan. Yarışların rəsmi açılışı sabah olacaq və fürsətdən istifadə edib həm şəhərlə, həm də bütün dünya ölkələrindən gələn təmsilçilərlə yaxından tanışlıq əldə edirik”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

O, qeyd edib ki, burada ən çox diqqətimi çəkən isə könüllülərin fəaliyyətidir.

Onun sözlərinə görə, maraqlıdır ki, yemək bişirən, qabları yığışdıran, yuyan insanların hər biri bir həftə ərzində ödənişsiz, yəni könüllü şəkildə əlillərə xidmət etmək üçün müxtəlif yerlərdən bura gəliblər, əksəriyyəti təqaüdçüdür, özlərinə mənəvi borc bilirlər əlillərə xidmət göstərməyi:

“Səhər-axşam gülümsəyərək işləyirlər, hər kəslə xüsusi nəvazişlə davranırlar. Nümayəndə heyətlərini müşayət edən qızlar-oğlanlar da öz işlərini ödənişsiz əsaslarda görməkdən zövq alırlar. Bizdə 2015-ci ildə keçirilən Avropa Oyunları zamanı da bu xeyirxah ənənənin əsası qoyuldu və təqdirlə qarşılandı. Sağlam idmançılarla işlə əlillərlə iş arasında böyük fərq olduğunu nəzərə alarsaq, burada sanki bütün cəmiyyətin əlil idmançılara xidmət göstərməyə vəzifə kimi baxdığını sezirsən. Ən maraqlısı da odur ki, bu könüllülər haradasa işə götürüləndə, seçkiyə girəndə, ictimai qurumlarda önə çəkiləndə hansısa medala, nişana, qohumluğa, tanışlığa diqqət yetirən olmur, sadəcə əlillərin tədbirində könüllü olaraq iştirak etmə barədə bilgilər əsas üstünlük sayılır.


Mən Bakıda da Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və ya təmir edilən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Təhsil Nazirlliyinin və Gənclər və İdman Nazirliyinin bu və ya digər formada himayəsi altında olan bərpa mərkəzlərində, internat məktəblərində, sağlamlıq komplekslərində olmuşam, buradakı müsbət mənada təkmilləşdirilmiş müasir təhsil və sağlamlıq imkanları ilə tanışam. Əsas odur ki, fiziki və əqli imkanları məhdud uşaqların həyatlarının yaxşıya doğru dəyişməsi, içə qapalı həyatdan uzaqlaşmaları üçün bütün cəmiyyətin təşviqedici könüllülük anlayışına sahib olması ənənəyə çevrilsin”.

Etikxeber.az

Read Previous

Deputat hökumətin hesabatından qabaq hara və niyə gedib?

Read Next

Astan Şahverdiyev yenə “quş” buraxdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir