Fevralın 28-də keçiriləcək hərracda 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 28-də yeni hərrac elan edib. Bu hərraca, ümumilikdə 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Vətəndaşlar hərraca çıxarılan 20 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisəsi, 25 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikilini özəlləşdirə bilər.

Komitədən Etikxeber.az-a bildirilib ki, hərraca çıxarılan obyektlərin özəlləşdirilməsi ilə bağlı sifariş vermək üçün komitənin “privatization.az” portalında

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1287 elektron keçidi aktivdir.

Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Səbail, Xəzər, Nəsimi, Sabunçu və Suraxanı rayonları, Şəki, Mingəçevir, Sumqayıt və Şirvan şəhərləri, Ağdaş, Lənkəran, Quba, Yardımlı və Neftçala rayonlarında yerləşir. Ən yüksək satış qiyməti ilə təklif olunan kiçik dövlət müəssisələri Səbail rayonundakı 11 saylı yanacaqdoldurma məntəqəsi, Nəsimi rayonundakı 7 saylı atelye və Xəzər rayonundakı “Mərdəkan” restoranıdır. Birinci əmlak 598 min 500 manata, digər iki əmlakın hər biri 540 min manata təklif olunur.

Özəlləşdirilməsi təklif olunan qeyri-yaşayış obyektlərinin hamısı paytaxtın müxtəlif rayonlarında yerləşir. Nərimanov rayonunda 6, Xətaidə 5, Yasamalda 4, Nizamidə 4, Nəsimidə 3, Binəqədidə 2, Səbaildə 1 obyekt hərraca çıxarılıb. Bu əmlakların sırasında ən yüksək qiymət təyin olunmuş əmlak Səbail rayonundakı qeyri-yaşayış sahəsidir. Bu obyektə 720 min ilkin satış qiyməti təyin olunub. Nizami rayonundakı qeyri-yaşayış binasını özəlləşdirmək istəyən iddiaçılar isə hərrac zamanı əmlaka qoyulmuş 215 min manat start qiymətindən yuxarı qiymət təklif etməli olacaqlar.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Sabunçu rayonunda yerləşən “Sabunçu Ticarət Təchizat” və “Zabrat Tikinti Quraşdırma”, Xətai rayonundakı “Xətai Ticarət-108” ilə yanaşı, regionlarda yerləşən “Astara çay-3”, “Mingəçevir Qum Çınqıl”, “Port İliç Xidmət”, “Ucar ağac emalı”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” kimi səhmdar cəmiyyətlər var.

Sifarişi komitənin özəlləşdirmə portalına daxil olaraq rahat və operativ şəkildə vermək mümkündür. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10 faizi məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır. Hərracda qalib olmayan şəxsin ödədiyi beh 10 gün ərzində geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.

Hərraclar barədə məlumatlar Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsində ictimaiyyətə hər həftə açıqlanır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Etikxeber.az

Read Previous

TRT-nin diktoru Yunanıstana qaçmağa çalışarkən həbs edildi

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir