Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Naftalan Şəhər Polis Şöbəsinə, eləcə də respublikanın digər şəhər və rayonlarının ərazi üzrə polis orqanlarına Naftalan şəhər sakini Fidan İsmayılovanın onlayn lotereya adı ilə çoxlu sayda vətəndaşa qarşı dələduzluq etməsi ilə bağlı məlumat daxil olub. Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müraciətlərlə əlaqədar araşdırmalar aparılaraq adıçəkilən şəxsin izahatı alınıb.
Bunu Etikxeber.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
O, qeyd edib ki, F. İsmayılova izahatında həmin pulları internet vasitəsilə tanıdığı Aida Əliyevaya göndərdiyini və digər vətəndaşlar kimi sonuncu ona da etibarından sui-istifadə edərək dələduzluq etdiyini dilə gətirib.
“Davam edən araşdırmalar zamanı məlum olub ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Aida Əliyeva və Qennadiy Pavlov saxlanılıb.
Şübhəli şəxslər barəsində cinayət işi başlanılaraq cari ilin mart ayında baxılması üçün aidiyyəti məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Bundan başqa, Fidan İsmayılova ifadəsində vətəndaşlara Şəhid bacısı olduğunu bildirməkdə məqsədinin vətəndaşlardan aldığı pulu geri qaytarmaq üçün əlavə vaxt istəmək olduğunu deyib. Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir”-deyə, o, əlavə edib.
Qeyd edək ki, Etikxeber.az saytında gedən “Şəhid Bəxtiyar Aslanovun anası ölkə rəhbərliyinə səsləndi: “BALAMIN, ŞƏHİDİMİN UCA ADI İLƏ DƏLƏDUZLUQ ƏMƏLİNƏ YOL VERƏN ŞƏXS VƏ ŞƏXSLƏR ARTIQ CƏZALANDIRILSIN!” yazısında Şəhid Bəxtiyar Aslanovun anası Tünzalə Zöhrabova tərəfindən Fidan İsmayılova ilə bağlı ittihamlar səsləndirilmişdi.
O, Fidan İsmayılovanı Şəhid övladının adı ilə dələduzluq əməlində ittiham etmişdi.
Etikxeber.az





