“Filankəs çörək verən adamdı” ifadəsi hər adama deyilməz” – RAMİZ HƏSƏNOĞLU YAZDI

Ta qədimdən belə olub – insanlara dəyər verəndə müəyyən keyfiyyətlərini nəzərə alıblar.

Yaxşı – yaman, düz – nadürüst, təmiz – yalançı, səxavətli – xəsis.

Bu bölgü yəqin ki, bütün millətlərə xasdır.

Bir də var – yalnız bizə aid keyfiyyət göstəriciləri.

Məsələn, “Filankəs çörək verən adamdı” ifadəsi hər adama deyilməz, hər kəs üçün söylənməz.

O çörək verən adamlardan birinin – böyük mesenat Hacı Zeynalabdin Tağıyevin ruhu şad oldu bu günlərdə.

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq müsabiqə başa çatdı.

Bu, hər azərbaycanlı kimi mənim də ürəyimcə olan hadisədir.

Bu gözəl işdə əməyi keçən hər kəsi minnətdarlıqla alqışlayıram.

Qeyd eləyim ki, bu minnətdarlıq alqışından dostum Bəhram Bağırzadəyə də pay düşür.

Dövlət başçısının mədəniyyət xadimləri ilə görüşündə bu məsələni gündəmə gətirən məhz Bəhram olmuşdu.

Və bu minnətdarlıq alqışında, mənim nəzərimcə, bir görkəmli insanın – vaxtilə haqqında film çəkdiyim mərhum qəhrəmanımın da payı, xüsusi yeri var.

Hacı Zeynalabdin kimi onu da camaat əsl çörək verən kişi kimi xatırlayır. Dostlar zarafatla ona “dəyirman Nadir” deyərdilər. Bu ayama, sözsüz ki, həm də onun gördüyü işlə bağlı idi.

Nadir Quliyev uzun illər taxıl məhsulları kombinatına rəhbərlik etmişdi. Ölkədə bu sahəni inkişaf etdirən uğurlu təsərrüfat başçılarından biri idi.

ramiz-1

ramiz-2

Tağıyevin heykəli məsələsi öz həllini tapan məqamda Nadir Quliyevi niyə xatırladım – soruşacaqsınız.

Məsələ bundadır ki, Nadir Quliyev 1991-ci ildə başçılıq etdiyi kombinatda Tağıyevin heykəlini də ucaldıb, muzeyini də yaradıb.

Heykəlin müəllifi heykəltaraş İbrahim Zeynalov idi. O vaxtdan təxminən 30 il keçir.

Həmin heykəl bu gün də oradadır – Nadir Quliyevin adını daşıyan kombinatın həyətində.

Bu illər ərzində o kombinatdan yolu keçən hər kəs böyük mesenatın xatirəsini məhəbbətlə yad eləyib.

Gəlişini alqışladığım yeni heykələ görə bir daha o qənaətə gəldim ki, xalqın gözü tərəzidir.

Bir daha mənim üçün aydın oldu ki, xalq öz seçimində qüsursuzdu və hər zaman haqlıdı.

Ramiz HƏSƏNOĞLU (MİRZƏYEV),

Xalq artisti

Etikxeber.az

Read Previous

Zahid Oruc “Günün millət vəkili” elan olundu…

Read Next

“Qarabağ məsələsində Türkiyənin mövqeyi qəti və birmənalıdır” – FUAT OKTAY İLHAM ƏLİYEVLƏ GÖRÜŞDƏ BƏYAN ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir