“Fransa ilə siyasi, iqtisadi,diplomatik münasibərlərə yenidən baxılmalı, onun ATƏT-in həmsədrliyindən uzaqlaşdırılması məsələsinə nail olunmalıdır”-ELDAR İBRAHİMOV – MÜSAHİBƏ – (ÖZƏL)

Eldar İBRAHİMOV: “Ermənilər və Ermənistan dəyişmədiyi kimi, bir-birini əvəz edən Fransa hakimiyyət dairələri, Fransa liderləri də dəyişmədi və dəyişmir…”

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) İntizam komissiyasının sədri Eldar İbrahimov cavablandırır:

-Eldar müəlllim, son bir həftədə Azərbaycanın daha iki tarixi bölgəsi-Ağdam və Kəlbəcər erməni işğalından azad olundu. Son 30 ildə ölkəmizdə baş vermiş bütün prosesləri yaxından izləmiş, onun canlı şahidlərindən olmuş bir ictimai-siyasi xadim kimi, bunları necə qiymətləndirirsiniz?

-Bəli, son iki ayda Azərbaycanda yeni mərhələ, yeni Tarix yaşanır və yazılır. İşğalçı və təcavüzkar Ermənistanın son-27 sentyabr təxribatı nəticəsində Ali Baş Komandan Azərbaycanın Silahlı Qüvvələrinə bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlanması ilə bağlı əmr verdi və Ordumuz torpaqlarımızın işğaldan azad olunması uğrunda İkinci Vətən Müharibəsinə başladı. Müharibənin elə ilk anlarından, elə ilk dəqiqələrindən rəşadətli Ordumuz işğalçı Ermənistana, onun cinayətkar quldur dəstələrinə böyük zərbələr endirdi, onu hər mənada itkilərə uğratdı. Qısa zaman ərzində dalbadal kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz-Suqovuşan, Talış, Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Xocalı və Xocavəndin bir neçə kəndi, onlarla strateji yüksəkliklər, Murov zirvəsi, Laçının bir neçə yaşayış məntəqəsi erməni zülmündən, tapdağından qurtarıldı, “məğlubedilməz Ermənistan ordusu” mifi” 2016-ci ilin aprel döyüşlərində olduğu kimi, bir daha yerlə-yeksan edildi, “keçilməz Ohanyan səddi” darmadağın olundu, alt-üstünə çevrildi.

 Noyabrın 8-də Qarabağımızın ürəyi, göz bəbəyi olan Şuşanın 28 il 6 aylıq işğalın son qoyulması isə nəinki Azərbaycan, bütövlükdə dünya hərb elminə düşəcək,  qızıl hərflərlə yazılacaq bir Döyüş, Zəfər dastanı oldu. Azərbaycan Ordusu Şuşanın alınması uğrunda elə bir şücaət, elə bir qəhrəmanlıq göstərdi ki, indiyə kimi, tarixdə beləsinə rast gəlinməmişdi. Bunlar Azərbaycan Əsgərinin qorxmazlığı, cəsarəti, Azərbaycan Ordusunun gücü, Azərbaycan dövlətinin, onun Müzəffər Ali Baş Komandanı-Qalib Sərkərdə cənab İlham Əliyevin qətiyyəti, yenilməz iradəsi demək idi. Noyabrı 9-da 70-dən çox kənd və qəsəbənin, mühüm strateji  əhəmiyyətli yüksəkliklərin işğldan azad olunması ilə düşmənin beli tam mənada qırıldı, o, məğlub edildi, təslim, sülh sazişinə imza atmağa məcbur və məhkum oldu. Beləliklə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də, işğalçı və məğlub ölkənin baş nazirinin birgə bəyanatı ilə 32 il davam edən qanlı münaqişəyə son qoyuldu, döyüş əməliyyatları dayandırıldı. 32 illik münaqişə 44 günlük tarixi və möhtəşəm İkinci Vətən Müharibəsi ilə başa çatdırıldı, Azərbaycan xalqı on illərdir gözlədiyi arzusuna nail oldu, Qələbə, Zəfər qazandı.

Bunlar tarixi, sözlərlə ifadəsi mümkün olmayan anlar, hadisələrdir. Nə xoşbəxt insanlarıq, nə xoşbəxt xalqıq ki, bu günləri də gördük, Haqq etdiyimizə də nail ola bildik. Bütün düşmənlərə, bütün açıq-gizli təhdidlərə, təzyiqlərə rəğmən, sonacan getdik, sonacan dirəniş göstərdik və Qələbə, Zəfər Qazandıq. Tək Ermənistan üzərində deyil, Ali Baş Komandananın dəfələrlə qeyd etdiyi kimi, erməni faşizmi üzərində Qələbə qazandıq, bütövlükdə lar, kar, kor dünyanı böyük bir bəladan, erməni faşizmindən xilas etdik.  İmzalanmış 10 noyabr bəyanatına əsasən, noyabrın 15-də Kəlbəcərin, 20-də Ağdamın, dekabrın 1-də isə bir güllə atılmadan Laçının işğaldan azad olunması nəzərdə tutulurdu. Ancaq son anda qarafikdə dəyişiklik baş verdi, düşmən tərəf Kəlbəcərlə bağlı daha 10 gün vaxt istədi və ölkəmiz növbəti dəfə humanizm nümayiş etdirərək, onlara həmin vaxtı verdi.

Ancaq erməni ki, erməni…Yenə murdar iç üzlərini, faşist, barbar mahiyyətlərini nümayiş etdirdilər, Kəlbəcərin meşələrinə, təbiətinə, heyvanlar ailəminə qarşı ekoloji soyqrımı törətdilər, hər yeri oda qaladılar və bir daha sübut etdilər ki, onlar heç vaxt dəyişəsi, düzələsi deyil. Beləliklə, noyabrın 20-də Ağdam rayonu bir güllə atılmadan və bir Şəhid verilmədən işğaldan azad olundu. 23 iyul məğlubiyyət tarixini 20 noyabr Zəfər tarixi əvəz etdi. Birinci Vətən Müharibəsində 6500-dən çox Şəhid vermiş, minlərlə yaralısı, əlili olmuş Ağdam öz Qələbəsinə qovuşdu. Azərbaycan, Ali Baş Komandan daha bir Zəfər, daha bir Tarix yazdı. Ağdamın işğaldan azad olunmasından bir neçə gün sonra Ali Baş Komandan və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri isə tarixdə qalacaq bir hadisəyə çevrildi. Bu hadisə hələ uzun illər yaddaşlardan silinməyəcək. Nəhayət, noyabrın 25-də, cəmi iki gün öncə Kəlbəcər rayonu  murdar erməni tapdağından azad olundu, qara 2 aprel tarixi Şanlı 25 noyabr Zəfəri ilə əvəzləndi. Yenə Azərbaycan Ordusu, yenə Ali Baş Komandan Zəfər Dastanı yazdı.     

Kəlbəcərin işğaldan azad olunması ilə Azərbaycan xalqına tarixi müraciətində isə Ali Baş Komandan qətiyyətli şəkildə bəyan etdi ki, biz Kəlbəcəri bərpa edəcəyik, buna heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Çünki bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib.

“Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın”-deyən cənab Prezident onu da dedi ki,  təkcə Kəlbəcərə yox, bütün şəhərlərə həyat qayıdacaq.

 Ali Baş Komandanın bəyan etdiyi kimi, biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı.

“Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?”-deyərək, Ali Baş Komandan bildirdi ki,  ancaq sonda məcbur olub bizim şərtlərimizi qəbul etdi.

Kəlbəcərin işğaldan azad olunması ilə həm də Ulu Öndərimizin, ikinci müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ruhu şad edilmiş oldu. Ən çox seviniən bəlkə də onun ruhu oldu. Çünki hələ 26 il öncə kəlbəcərlilərə görüşüşndə Ulu Öndər bir gün Kəlbəcərin işğaldan azad olunacağına qəti əminliyini ifadə etmişdi. “Kəlbəcər Azərbaycanın tarixi ərazisi, Kəlbəcər Azərbaycanın ayrılmaz bir hissəsidir”– deyən Ulu Öndər Kəlbəcərin mütləq işğaldan azad olunacağını, kəlbəcərlilərin öz yurd yerlərinə qayıdacağını demişdi. Dediyi kimi də oldu, 25 noyabr 2020-ci il tarixində Kəlbəcərin işğalına son qoyuldu və bununla həm də Ümummilli Liderin ruhu şad edildi. Ruhunuz şad olsun, Ulu Öndər!

Bəli, bunları biz etdik, Azərbaycan Ordusu etdi, güclü Azərbaycan dövləti etdi, böyük və yenilməz iradəyə malik olan Ali Baş Komandan etdi. Bütün dünya bir daha Azərbaycanın nələrə qadir ola biləcəyini və nələrə qadir olduğunu gördü. Gördü və dərk etdi ki, Azərbaycanla zarafat etmək, onunla zor, diktə, təhdid dilində danışmaq olmaz və mümkün də deyil. Onların qarşısında artıq güclü, qüdrətli, əzəmətli, əyilməz Azərbaycan var. Azərbaycan 44 günlük müharibə ilə həm də status-kvonu məhv etdi, artıq nə status-kvo var, artıq nə təmas xətti var, artıq nə Dağlıq Qarabağ deyilən məhfum var.

Artıq tam Qarabağ var, artıq Qarabağına qovuşmuş bütöv Azərbaycan var. Heç kim də qəti narahat olmasın, Azərbaycan bütün ərazilərində ölkənin suverenliyi bərpa və bərqərar olunacaq, Xankəndi, Xocalı, Xocavənd, Əskəran, Ağdərə də adi bir qəsəbə, adi bir yaşayış bölgəsi kimi, Azərbaycan dövlətinin tabeçiliyi və idarəetməsi altında olacaq, onlarda da üçrəngli bayrağımız dalğalandırılacaq, Azərbaycan qanunları işləyəcək. Heç kim bu məsələdə qəti narahatçılıq keçirməsin, hər kəs ürəyini buz kimi saxlasın. İnşallah, cəmi 4 gün sonra Laçının da 28 illik işğalına son qoyacağıq, Laçınlılar da öz Laçınlarına qoşuşacaqlar, bütövlükdə Azərbaycan Laçınına qovuşacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

-Döyüşlər başa çatsa da, amma müharibə tam başa çatmayıb və digər-siyasi-diplomatik müstəvilərdə davam edir. Azərbaycanı bu müharibədə də uzun və gərgin bir yol gözləyir. Belə ki, noyabrın 25-i axşamı Fransa Senatı mövcudluğuna hər mənada son qoyulmuş “Dağlıq Qarabağ Respublikasının” tanıması ilə bağlı tövsiyə xarakterli qətnamə qəbul etdi. Siz bu haqda nə deyərdiniz?

-Bəli, bu gün siyasi-diplomatik müstəvidə savaş gedir və inanıram, qəti əminəm ki, bu müharibədə də biz qalib gələcəyik. Çünki Haqq da, ədalət də, tarix də bizim tərəfimizdədir. Azərbaycanın haqlı Qələbəsini qəbul və həzm edə bilməyənlər nə yolla olursa-olsun Azərbaycana mane, əngəl olmağa cəhdlər göstərir, təcavüzkara, separatizmə açıq dəstəklərini ortaya qoyurlar. Fransa Senatının da qətnaməsi bu baxımdan gözlənilməz sayıla bilməz. Çünki bu ölkə tarixən erməni və Ermənistanpərəstliyi ilə seçilib. Bu ölkə ermənilərdən daha çox erməniçiliyi ilə ozünü tanıdıb və bədnam edib. Təsadüfi deyil ki, 90-ci illərdə Fransa ATƏT rəhbərliyi tərəfindən Minsk qrupunun həmsədri təyin edilərkən buna ən çox etiraz edən məhz mərhum Heydər Əliyev olmuşdu. O, heç cür Fransanın həmsədr olmasını istəmirdi. Ancaq Fransa tərəfi inandırmağa çalışırdı ki, həmsədr kimi, neytrallııq nümayiş etdirəcək, danışıqlar prosesinə töhfə verəcək. Ancaq ermənilər və Ermənistan dəyişmədiyi kimi, bir-birini əvəz edən Fransa hakimiyyət dairələri, Fransa liderləri də dəyişmədi və dəyişmir.

Daim erməni və Ermənistanpərəstlikləri ilə seçildilər, münaqişənin danışıqlar yolu ilə həllinə heç bir töhfə vermədilər, əksinə, buna hər yola maneçilik törətdilər. Makronun dövründə isə bu bədnam siyasət daha da gücləndirildi, açıq və birmənalı şəkildə təcavüzkara, işğalçıya dəstək nümayiş etdirildi. İstər İyul-Tovuz hadisələri, istər  44 günlük muharibə zamanı, istərsə də, ondan sonra Fransa, onun bədanam rəhbəri Makron hər mənada həddini aşaraq, haqsızlıq nümayiş etdirdi və dərhal da Azərbaycan dövləti, ölkə Prezidenti tərəfindən layiqli cavabını aldı. Amma görünür ki, bunlar da kifayət etmədi. Əvvəlcə Paris bələdiyyəsi qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınması ilə bağlı qərar qəbul etdi, iki gün öncə isə Senatın 305 üzvünün səsverməsi ilə bədnam qətamənin qəbulunu gerçəkləşdirdi və bir daha sübut etdi ki, Fransa artıq işğalçının, separatçının, terrorçunun yanındadır. Bir daha sübut etdur ki, öyündüyü demokratiya, insan hüquqları, beynəlxalq hüquq normaları kimi dəyərlər onlar üçün yalnız sözdən, adi kağız parçasından ibarətdir. Bir daha sübut etdi ki, onsuz da varlığı-yoxluğu bilinməyən Minsk qrupunun həmsədri kimi qala, fəaliyyətini davam etdirə bilməz. Onun buna heç bir haqqı yoxdur.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan dövləti hər zaman Fransa ilə münasibətlərə böyük önəm verib, 1994-cü ildə məhz Heydər Əliyevin icazəsi ilə “Total” şirkəti neft kontraktlarına cəlb olundu və “Əsrin müqaviləsi”nin iştirakçılarından oldu. Bununla yanaşı, ötən illərdə ticarət, nəqliyyat, təhsil sahələrində Fransaya hər cür imkanlar yaradıldı. Ancaq görünür ki, əlimizin, çörəyimizin duzu yoxdur. Bu boyda yaxşılıqların qarşısında Fransa, Fransa rəhbərliyi yenə də dar, cılız, antibəşəri maraqları üstün tutdu. Ancaq bilsinlər ki, heç nəyə nail ola bilməyəcəklər. Onların qəbul etdiyi sənəd adi kağız parçasından başqa bir şey deyil. Atalar məsəlimizdə deyildiyi kimi, çax-çax nə qədər baş ağrıtsa da, dəyirman öz işindədir.

Heç kim Azərbaycana təzyiq, diktə edə bilməyəcək, necə ki, edə bilməyib və edə bilmir.  Eyni zamanda, dünən üzvü olduğum Milli Məclisdə aparılan müzakirələri, qəbul edilən yüksək səviyyəli Bəyanatı dəstəkləyərək bildirmək istəyirəm ki, Fransa ilə siyasi-iqtisadi-diplomatik münasibərlərə  yenidən baxılmalı, onun ATƏT-in həmsədrliyindən uzaqlaşdırılması məsələsinə nail olunmalıdır.

12:26, 27 noyabr

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qarabağ qaziləri və Şəhid ailələrinin övladları dövlət qulluğuna imtiyazlar şəklində, müsabiqəsiz qəbul olunmalıdır”-MUSA QULİYEV BELƏ BİR TƏKLİFLƏ ÇIXIŞ ETDİ – KOMİTƏ SƏDRİ DAHA NƏLƏRİ DİLƏ GƏTİRDİ? – (ÖZƏL)

Read Next

“Senatın qətnaməsi həm də min il əvvəl Fransanın Şərqə, türk torpaqlarına qarşı həyata keçirdiyi Səlib yürüşlərinin məntiqi davamıdır”-BUNU JALƏ ƏLİYEVA HƏMTƏSİSÇİSİ OLDUĞU HƏSƏN BƏY ZƏRDABİ İRS MƏRKƏZİNİN GERÇƏKLƏŞDİRDİYİ BİRGƏ TƏDBİRDƏ DİLƏ GƏTİRDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir