Fransadan adekvat münasibət göstərilməsini gözləyirik – SAHİBƏ QAFAROVA

SAHİBƏ QAFAROVA: Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməlidir, bu ölkənin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin olunmalıdır:əks təqdirdə, baş verəcək hadisələrin məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşəcək
Etikxeber.az Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarovanın müsahibəsini təqdim edir:

– Sahibə xanım, Bakıda VI Beynəlxalq Humanitar Forumu öz işini başa vurdu. Siz, bu Forumun əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin, beynəlxalq ictimaiyyəti ciddi təhdid edən islamofobiya, ksenofobiya, ayrıseçkiliyin aradan qaldırılması yollarının müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Aktual problemlərin həlli, dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir. Bakı Beynəlxalq Humanitar Forumu dünyanın tanınmış elm və siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin məhz bir yerə toplaşıb problemlərin həllini tapmağa şərait yaradır.

“Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Foruma beynəlxalq maraq və tədbirə qatılanları sayı ildən – ilə artır. Ona görə də, bu Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan artıq öz təcrübəsində bu kimi qlobal tədbirlərə uğurla evsahibliyi etmək bacarığını sübuta yetirib. Bu mənada altıncı Beynəlxalq Humanitar Forum da kifayət qədər əlamətdar və məhsuldar keçməklə, ölkəmizin sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına, müasir dövrdə texnologiya və elm əsaslı iqtisadiyyatın təşviq olunmasına verdiyi əhəmiyyəti bi daha nümayiş etdirdi.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin Forumda iştirakı və çox dərin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Forumda iştirak edən qonaqlar cənab Prezidentin çıxışını, Onun problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini, yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndirdilər.

– Forumda müzakirə olunan məsələlər haqqında nə deyə bilərsiniz? Bildiyimiz kimi, Forumun gündəliyi kifayət qədər zəngin idi…

– Forumda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yolları, humanizm və bəşəri məsuliyyətin zəruriliyi, dayanıqlı inkişaf məqsədləri və digər mühüm məsələlər müzakirə olunur. Müzakirə olunan məsələlər sırasında mən təhsil məsələlərini xüsusi qeyd etmək istəyirəm. Bütün həyatı təhsillə bağlı olan, uzun illərdir bu sahədə çalışan bir insan kimi təhsil məsələlərinin belə bir mühüm Forumda müzakirə olunmasını olduqca təqdirəlayiq hal hesab edirəm. Qeyd etməliyəm ki, ilk plenar iclas da məhz bu məsələyə həsr olunmuşdu və “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” adlanırdı. Təbii ki, ilk panel müzakirələrinin bu mövzuda aparılması, təhsillə bağlı geniş diskussiyanın təşkili heç də təsadüfi deyil və Azərbaycanda təhsilin inkişafına göstərilən yüksək diqqətin əyani təsdiqidir. Cənab Prezident İlham Əliyev də Forumdakı dərin məzmunlu nitqində təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsinin prioritet məsələlərdən biri olduğunu vurğuladı.

sahiboçka

Bilirsiniz ki, Azərbaycan dövləti innovasion cəmiyyət quruculuğunu əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Bu isə bilik iqtisadiyyatına, təfəkkür iqtisadiyyatına əsaslanır, ideya və təşəbbüslərin fasiləsiz təkrar istehsalını, məhsuldar qüvvəyə çevrilməsini şərtləndirir. Başqa sözlə deyilsə, qüdrətli Azərbaycan dövlətinin, demokratik cəmiyyət quruculuğunun, xalqın maddi və mənəvi rifahının başlıca qarantı rolunda çıxış edən – məhz cəmiyyətin intellektual potensialıdır. Bu zaman isə ölkəmizdə elmin və təhsilin üstün inkişafına nail olmaq əsas hədəflərdən biri kimi çıxış edir və Azərbaycanda təhsil siyasətinin formalaşdırılması təhsil sistemində aparılan islahatların sosial-iqtisadi əhəmiyyətinin artırılması vacib məsələ kimi qarşıya qoyulub. Tam məsuliyyətimizlə deyə bilərik ki, son dövrlərdə yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabətəsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində görülən işlərin məntiqi nəticəsidir ki, Azərbaycanda təhsil sistemində çox böyük nailiyyətlər, müsbət dinamika müşahidə olunmaqdadır. Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, 3100-dən artıq orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu isə təhsildə infrastruktur məsələlərin yüksək səviyyədə həllini şərtləndirib. Eyni zamanda, Azərbaycan təhsilinin inteqrasiyasını sürətləndirmək, ölkəmizdə peşəkar, savadlı kadrların hazırlanması məqsədilə müxtəlif proqramlar icra olunub. Ali təhsil müəssisələrində çox ciddi islahatlar aparılıb, təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bu gün Azərbaycanın ali məktəblərinin beynəlxalq reytinqi xeyli artıb. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşmaşıb.

– Təhsil məsələlərinə toxundunuz. Bu sahənin inkişaf perspektivləri haqqında nə deyə bilərsiniz?

– Bu sualınızın cavabı olaraq mən bir vacib məqama toxunmaq istəyirəm. Azərbaycan dövləti həmişə müəllim peşəsinin nüfuzunu yüksəltmək üçün ardıcıl tədbirlər görür, bu sahədə bacarıqlı, savadlı kadrların hazırlanmasına diqqət göstərir. Atılan stimullaşdırıcı addımlar gənclərdə bu müqəddəs peşəyə marağı daha da artırıb. Azərbaycanda müəllim işləmək istəyən gənclərin sayının 3 dəfədən çox artması özlüyündə böyük bir nailiyyətdir. Eyni zamanda, cari ildə qəbul imtahanları zamanı 500 və daha çox bal toplayan məzunlardan 2090-nı məhz müəllimlik peşəsini seçib ki, bu da olduqca yüksək göstəricidir. Dövlətimizin başçısı da ölkəmizdə müəllim peşəsinə marağın çox böyük dərəcədə artdığını söyləyərək bildirdi ki, aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb.

sahiba-yeni-yeni

Ümumiyyətlə, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə görə, əvvəlki illərlə müqayisədə rekord sayda – 41 min abituriyent tələbə adını qazanıb. Təbii ki, bu, dövlətin məqsədyönlü təhsil siyasətinin, təhsil sahəsində aparılan islahatların uğuru kimi çıxış edir. Abituriyetlərin sayına paralel olaraq qəbul imtahanlarında toplanmış ballar da əhəmiyyətli dərəcədə artıb. Maksimum – 700 bal toplayan abituriyentlərin sayı ildən-ilə artmaqdadır ki, bu da gənclərin savadlılıq səviyyəsinin yüksəldiyini təsdiq edən gerçəklikdir.

Ölkəmizdə təhsil sahəsində görülən işlərin uğurlarını, güclü təhsil sisteminin mövcudluğunu ifadə edən digər bir fakt isə Azərbaycanda təhsil alan əcnəbilərin sayının artmasıdır. Dünyada təhsil sahəsində, ali məktəblər arasında çox güclü rəqabətin yaşandığı indiki şəraitdə əcnəbilərin ali təhsil üçün məhz ölkəmizi seçməsi, öz gələcəklərini Azərbaycanın ali təhsil ocaqlarına həvalə etməsi yenə də Azərbaycanın təhsil sisteminin yüksək inkişafını təsdiq edir. Xatırlatmaq istərdim ki, ötən tədris ilində Azərbaycanda 75 xarici ölkədən 5.541 tələbə təhsil alıb. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artım deməkdir.

Həmçinin, dərsliklərin yenilənməsi və təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb və bu proses uğurla həyata keçirilməkdədir. Burada haşiyə çıxıb son dövrlər dərsliklərlə bağlı aparılan ictimai müzakirələri qeyd etmək istərdim. Əlbəttə, dərsliklərin hazırlanması, onların keyfiyyəti tədrisin təşkilində olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanda müvafiq dövlət qurumları bu məsələyə çox həssaslıqla yanaşır. Eyni zamanda, dərsliklər kifayət qədər bilikli və tədris prosesində təcrübəsi olan müəlliflər tərəfindən hazırlanır, geniş ekspertizadan keçirildikdən sonra nəşrə buraxılır. Bununla yanaşı, hesab edirəm ki, tanınmış ziyalılarımız, dəyərli alimlər və mütəxəssislər dərsliklər çap olunmazdan əvvəl müvafiq qurumlar tərəfindən keçirilən ictimai müzakirələrə qoşulub fikir və rəylərini versələr, bu, görülən işin daha keyfiyyətli olmasına töfhə verə bilər.

Nəticə etibarilə, sadalananlar bir daha təsdiq edir ki, Azərbaycan təhsili inamla inkişaf edir və bu gün Azərbaycanın təhsil sahəsində deməyə sözü var.

– Sahibə xanım, Forumda   Ermənistan-Azərbaycan  münaqişəsinə də toxunuldu. Ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq Azərbaycan diplomatiyasının qarşısında dayanan bir nömrəli vəzifədir. Bu mənada cari ildə münaqişənin həlli ilə bağlı keçirilən görüşlər və atılan addımlar Azərbaycana nə vəd edir?

– Birmənalı şəkildə qeyd etməliyəm ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq bəyanatlar verilib, mühüm sənədlər qəbul edilib. Cari il ərzində dövlətimizin başçısının səfərləri və keçirdiyi mühüm görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prioritetlərdən biri olub.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində konstruktiv mövqe nümayiş etdirməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. Ermənistan 20 ildən çoxdur ki, beynəlxalq təşkilatlar tərəfindən tərəfindən qəbul olunmuş qətnamələrə əməl etmir, onlara məhəl qoymur. İşğalçı ölkə rəhbərliyi hər vəchlə danışıqlar prosesini pozmağa, status-kvonu mümkün qədər saxlamağa çalışır. Təəssüf ki, işğalçı ölkənin yeni rəhbərliyi də özlərindən əvvəlki kriminal xunta başçılarının səhvlərini təkrarlayır, müxtəlif addımlarla sülh danışıqlarını manipulyasiya edir, imitasiya ilə məşğuldur. Təəssüf doğuran başqa bir məqam isə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Bu halda isə işğalçı dövlət özünü cəzasızlıq mühitində hiss edir və işğal faktını legitimləşdirmək məqsədilə müxtəlif təxribatçı addımlar atır. Bu isə həm münaqişənin həll edilməmiş qalmasına səbəb olur, eyni zamanda, regionda sabitlik və təhlükəsizliyə ciddi təhdidlər yaradır. Ona görə də, Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmalıdır. Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməlidir, bu ölkənin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin olunmalıdır. Əks təqdirdə, baş verəcək hadisələrin məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşəcək.

– Beynəlxalq ictimaiyyətin davranışlarından söz düşmüşkən, bir müddət əvvəl Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər təşkil olundu və bu səfər çərçivəsində orada mövcud olan qondarma separatçı rejim təmsilçiləri ilə “bəyannamə” imzalandı. Siz bunu necə qiymətləndirirsiniz?

– Əlbəttə, biz Fransa kimi beynəlxalq münasibətlərdə söz sahibi olan, eyni zamanda, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun  üzvü kimi Fransanın bələdiyyə başçılarının bu addımını qətiyyətlə pisləyirik. Bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, belə bir səfərin reallaşması Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir. Bu səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan “bəyannamə” Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir və və bu ölkənin özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibəti ortaya qoyur.

Qeyd olunmalıdır ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə xələl yetirir. Çünki işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun və Ermənistanın danışıqlardan yayınmaq üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə xidmət edən və təxribat xarakteri daşıyan bu səfər, həmçinin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı terrorçu qondarma “yerli hakimiyyətləri” ilə “bəyannamə” imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq, Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə dəstək vermək anlamına gəlir. Şübhəsiz bu, ilk növbədə, ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. Bu da Fransanın vasitəçi kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə olan etimadı sarsıdır.

Azərbaycan ictimaiyyəti Fransa hökumətindən beynəlxalq hüququn, Fransa qanunvericiliyinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu qanunsuz səfərlə bağlı dərhal ölçü götürülməsini və adekvat münasibət göstərilməsini gözləyir.

Etikxeber.az

Read Previous

Qusarda qarın hündürlüyü 20 santimetrə çatdı – FOTO

Read Next

“Bakı Forumu dünyanı narahat edən problemlərin müzakirəsi baxımından önəmli platformadır” – SONA ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir