“Futbolda da dopinq-testlər götürmək niyyətindəyik…” – Milli Antidopinq Agentliyinin direktoru

Ümumdünya Antidopinq Agentliyi fevralın 17-də Azərbaycanı antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarıb.

Etikxeber.az-ın məlumatına görə, bunu yeni yaradılmış Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, iki ay yarım ərzində antidopinq məcəlləsi hazırlanıb:

“Azərbaycanın antidopinq baxımından nümunəvi ölkələr siyahısına daxil olması üçün hər cür şərait var. Fəaliyyətimizi idmançıları dopinq-testdən keçirmək, onları və məşqçiləri təlimatlandırmaq, nəticələrin emalı, beynəlxalq əlaqələrin qurulması kimi istiqamətlərdə quracağıq. Əsas məsələ idmançını yarış zamanı və ya başqa yerlərdə dopinq-testdən keçirmək deyil, idmanda şəffaflığı, idmançılarımızın hüquqlarını qorumaqdır”.

Ş.Hüseynlinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 435 dopinq-testin keçirilməsi nəzərdə tutulub. O qeyd edib ki, AMADA tərəfindən götürülən dopinq-testlərin həm logistika, həm də maliyyə baxımından uyğun olan laboratoriyaya göndəriləcək: “Hazırda Almaniyanın Köln şəhərindəki laboratoriya tələblərə cavab verir. Çox güman ki, dopinq-testlər Köln şəhərinə göndəriləcək. Bu, müasir laboratoriyadır. Bizə həm logistika, həm də maliyyə baxımından uyğun olanını axtarırıq. Laboratoriyanın dəqiq adını martda müəyyənləşdirəcəyik”.

O, dopinq riskli idman növlərinin daha çox diqqət mərkəzində olacağını qeyd edib: “Ağırlıqqaldırma, atletika, güləş və boks dopinqin riskli növləri siyahısındadır. Futbolda da dopinq-testlər götürmək niyyətindəyik”.

Ş.Hüseynli vurğulayıb ki, AMADA nəzdində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsi yaradılıb.

Onun sözlərinə görə, agentliyin fəaliyyətinə 5 nəfərdən ibarət Müşahidə Şurası nəzarət edəcək. Ş.Hüseynli, həmçinin Ümumdünya Antidopinq Agentliyi ilə çox sıx münasibətdə olduqlarını bildirib.

Etikxeber.az

Read Previous

Şəhid hərbçi Şəmkirdə torpağa tapşırıldı – FOTO

Read Next

Avropa ölkələrinin gözü Azərbaycandadır – NATİQ ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir