Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Füzuli rayonundan olan məcburi köçkün və hazırda Bakı şəhərində yaşayan keçmiş Xüsusi Təyinatlı Vasif Cahangir oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və Milli Məclisin üzvü Vüqar Bayramova müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Vasif Cahangir oğlu Məmmədov Füzuli rayonunun Qaraxanbəyli kəndindənəm. Ailənin üç oğlan və üç hərbçi övladından biriyəm. İki övlad atasıyam. Əsgərlik dövrüm də daxil olmaqla, 12 il Azərbaycan Ordusuna xidmət etmişəm, Vətənimizin keşiyində dayanmışam. Əvvəlcə Daxili Qoşunların, 2015-2022-ci illərdə isə Azərbaycan Ordusunun Xüsusi Təyinatlılarından olmuşam.
Aprel döyüşlərində, İkinci Vətən Müharibəsində iştirak etmişəm. İkinci Vətən Müharibəsi zamanı ağır yaralanmışam. Bir müddət müalicə və müayinə aldıqdan, əməliyyat olunduqdan sonra yenə döyüş, cəbhə bölgəsinə qayıtmışam. Müharibədən, tarixi Zəfərimizdən sonra da Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm, bir sıra xüsusi əməliyyatların iştirakçısı olmuşam.
Səhhətim getdikcə pisləşdiyinə görə 2022-ci ilin mayında Ordu sıralarından təxris olunmuşam. Eyni zamanda, həmin ilin payızında 5 illik müddətinə ikinci qrup əlillik dərəcəsi almışam. İstər müharibədən öncə, istərsə də müharibədən sonra bir neçə medalla, ümumilikdə 9 medalla təltif edilmişəm. İki dəfə-“Zəfər” və “Azərbaycan Bayrağ”ı ordenlərinə təqdim edilmişəm, amma hələ də orden Haqqımı ala bilməmişəm.
Hazırda Masazır qəsəbəsində yaşayıram. Aylar öncə Füzuli şəhərində evlə-mənzillə təmin olunmağım üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Şəxsən adıçəkilən komitənin Aparat rəhbəri ilə görüşmüşəm və onun tərəfindən mənə bu ilin yazında Füzuli şəhərində mənzillə təmin olunacağım barədə söz, vəd verilib. Çünki bir Qazi, bir Füzulili kimi öz doğma yurdumda yaşamaq istəyirəm.
Ancaq çox təəssüflər olsun ki, bugünlərdə yenidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin qəbulunda olsam da, mənə verilən sözdən, vəddən imtina edilib, mənə “yox” cavabı verilib.
Çox hörmətli İlham Heydər oğlu!
Bu müraciəti etməklə, Sizdən bir Qazi, bir Xüsusi Təyinatlı kimi Füzuli şəhərində mənzillə təmin olunmağım məsələsinə köməklik göstərməyinizi rica edirəm. Çox xahiş edirəm ki, Haqqım olan mənzillə təmin edilməyim üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə, o cümlədən digər aidiyyatı qurumların məsul, cavabdeh şəxslərinə müvafiq göstəriş və tapışırıqlarınızı verəsiniz. Mən Füzuli şəhərində yaşamaq istəyirəm, başqa bir iddiam yoxdur. Odur ki, bu məsələdə mənə dəstək olmağınızı, köməklik göstərməyinizi istəyir və rica edirəm. İnanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.
Öncədən də Sizə öz dərin minnətdarlığımı ifadə edirəm. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az