Gədəbəyli sahibkar qadın qısa müddət ərzində özünə iş qurdu və GƏLİR ƏLDƏ ETDİ…

Kənd təsərrüfatında heyvandarlıq perspektivli sahələrdən biridir.

Ərzaq məhsulları istehsalı hər zaman aktual biznes olub.

Dayanıqlı və sabit tələbat həmişə bu biznesə yatırılan sərmayənin qayıdacağını, habelə gəlir gətirəcəyini təmin edib.

Ən ağır böhran dövrlərində belə ərzaq məhsulları istehsalı mənfəət gətirib.

Belə ki, ekoloji təmiz məhsullar həmişə tələb olunandır.

Etikxeber.az marja.az-a istinadən xəbər verir ki, gədəbəyli sahibkar Səbuhə Allahverdiyeva da bir ilə yaxındır ki, heyvandarlıqla məşğuldur və elə o vaxtdan bu işin xeyrini görməyə başlayıb.

Səbuhə Allahverdiyeva Gədəbəydə yaşayır. Ailədə 5 nəfərdirlər: həyat yoldaşı, qaynanası və iki oğlu. Son vaxtlar maddi cəhətdən çox çətinliklərlə üzləşiblər. Yoldaşı və qaynanası işləsə də, ailənin dolanması üçün ailə büdcəsi azlıq edib.

Səbuhə Allahverdiyeva özü haqqında deyir: “Mən Gədəbəyin Maarif kəndində anadan olmuşam. 37 yaşım var. İxtisasca müəlliməm. Ali təhsilimi Gəncədə almışam. Amma ixtisasım üzrə işləməmişəm, belə ki, oğlum dünyaya gələndən sonra xəstə olduğundan, işləməyib ona qulluq etməyə başladım. Sonralar işləmək istəsəm də, münasib iş tapa bilmədim. Dolanışığımız o qədər də yaxşı deyildi. Ailə büdcəmizin bir hissəsi uşağın müalicəsinə, qalan hissəsi qida məhsullarına gedirdi. Ev təsərrüfatımız olmadığından, hər şeyi bazardan, ərzaq mağazalarından almalı olurduq. Heyvandarlığa həvəsli olsam da, maliyyə vəsaiti olmadığından bu işi qura bilmirdim. Və heç ağlıma da gəlməzdi ki, nə vaxtsa özümə iş qurub heyvandarlıqla məşğul olacağam…

Hər şey Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) həyata keçirdiyi layihəyə dəvətdən başlandı. Assosiasiya nümayəndələrinin Slavyankada və Şəmkirdə təşkil etdikləri tədbirlərdə fəal iştirak etdim. Təlimlər zamanı məndə özümə inam yarandı. Qaynanam da, yoldaşım da məni dəstəklədilər və mən qərarımı verdim…”.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) layihəsi Səbuhə Allahverdiyevanın həyatında demək olar ki, dönüş yaradıb. O, layihə çərçivəsində AMFA-nın təşkil etdiyi tədbirlərdə iştirak etməyə başlayıb. İlk biznesini özünün də dediyi kimi, sıfırdan qurmaq üçün biznes-plan tərtib edib, münsiflər heyətinə təqdim edib. Və gözləmədiyi halda onun da biznes-planı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Sərmayə kapitalı alanların sırasında öz adını görəndə çox sevinib. Kapitalı əlinə alan kimi Jersey (Cersi) mal cinsindən bir balalı inək alıb və işə başlayıb.

“Düzü, bu işi qurmaq mənim üçün xəyal idi. Heç vaxt məşğul olmadığım bir iş idi. Amma ailəmə kömək istəyi üstün gəldi. AMFA-nın mütəxəssislərinin sayəsində mən də özümə inandım, layihəyə həvəslə qatıldım. Sərmayə kapitalını alanda çox sevindim. Düşünürdüm, ailə büdcəmizə mənim də köməyim dəyər. İlk öncə, heç olmasa, ailəmi süd və süd məhsulları ilə təmin edərəm. Amma iş elə gətirdi ki, təkcə ailəm üçün deyil, satmaq üçün də süd qalırdı. Eşidən-bilən elə qapıdan gəlib süd aparırdı. İlk qazancım da elə süddən oldu… Gündəlik ən azından 9-10 litr süd sağırdım. Bu, aya 250-270 litrə qədər süd edirdi. Sonra süddən qatıq tutmağa başladım. Daha sonra pendir, şor, yağ, süzmə və s. hazırlamağa başladım. Qısa müddət ərzində bu iş ailəmizə gəlir gətirməyə başladı. Ən başlıcası da odur ki, bu məhsullar ekoloji təmizdir, heç bir qatqısı yoxdur. İnək qısa müddətdə öz yeminin də xərcini çıxartdı. Hazırda inəkdən yenə bala gözləyirəm, ona görə də, süd sağımı bir qədər azalıb”.

Səbuhə Allahverdiyevanın sözlərinə görə, bazarda bu heyvanların südünə və südündən hazırlanan məhsullara olan tələbat böyükdür və daim artır. Bu səbəbdən də təsərrüfatı genişləndirməyə qərarlıdır: “Cəmi bir heyvanla böyük təsərrüfatı qurmaq istəyi mənim üçün xəyal ola bilərdi. Amma mən bu işi AMFA-nın dəstəyi ilə qura bildim və tezliklə bir inək də alıb təsərrüfatı genişləndirmək fikrindəyəm. Gələcəyə də planlarım var. Sağlıq olsun, mal-qaranın sayını artıracağam”.

“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir.

Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.

Etikxeber.az

Read Previous

“Bizim olanı kimsə bizdən ala bilməz!”-JALƏ ƏLİYEVA – MÜSAHİBƏ

Read Next

Yoluxmada növbəti artım-2146 – DAHA 25 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir