“Bunu həmin vaxtlar bankların, valyutadəyişmə məntəqələrinin qarşısında yaranan növbələrdən də görmək mümkün olurdu…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ ARDNF-İN FƏALİYYƏTİNİ TƏQDİR ETDİ

Azərbaycan dövlətinin, Azərbaycan iqtisadiyyatının inkişafında, xüsusilə də, həssas sosial qruplardan, təbəqələrdən olan insanlarımızın maddi durumlarının, sosial-iqtisadi güzəranlarının, şəraitlərinin yaxşılaşdırılmasında Dövlət Neft Fondunun (ARDNF) rolu, xidmətləri əvəzsizdir. Bu Fond vasitəsilə bir çox məsələlərin həlli yönündə transfertlərin edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Bu qurum, bu Fond ölkəmizin belə demək mümkünsə, ikinci əsas büdcə orqanıdır. Dövlət büdcəsi qədər böyük əhəmiyyətə və rola malikdir.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.

Qeyd edib ki, ümumiyyətlə, 2001-ci ildən  başlayaraq 31 mart 2020-ci ilə qədər olan dövr ərzində Neft Fonduna ümumilikdə 160 385,0 ABŞ dolları miqdarında vəsait daxil olub ki, bu vəsaitin də 154 523,1 milyon ABŞ dolları və yaxud 96 faizi neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlərdən, 5 861,9 milyon ABŞ dolları və yaxud təqribən 4 faizi Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərdən daxilolmalar təşkil edir.

Onun sözlərinə görə, həmçinin, ötən 19 il ərzində ARDNF-nin ümumi xərcləri  119 035,6 milyon ABŞ dolları təşkil edib. Son məlumatlara görə isə hazırda ARDNF-nin   vəsaiti 41 349,5 milyon ABŞ dolları təşkil edir.

“Onu da qeyd etmək lazımdır ki, ARDNF-nin 2020-ci ilin yanvar-mart ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 3 772,1 milyon manat  olub ki, bu daxilolmaların tərkibində mənfəət neftinin və qazın satışından gəlirlər 2 997,9 milyon manat təşkil edib. Bildiyiniz kimi, xüsusilə, son aylar dünyada neftin qiymətlərində kəskin enmələr, azalmalar baş verib və bu da istər-istəməz milli iqtisadiyyatlara, o cümlədən, Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Ancaq bu müddət ərzində, yəni, xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Fond tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı  funksiyaların  icrası təmin edilib. Bunun özü çox böyük göstərici və uğurdur.

Həmçinin, heç kimə sirr deyil ki, neftin qiymətlərində kəskin enmələr, o cümlədən, bu ilin əvvəlindən dünyada və onun tərkib hissəsi olan ölkəmizdə yaşanan pandemiya nəticəsində 2020-ci ilin yanvar-mart ayları ərzində valyuta bazarında xarici valyutaya tələb xeyli artdı. Bunu həmin vaxtlar bankların, valyutadəyişmə məntəqələrinin qarşısında yaranan növbələrdən də görmək mümkün olurdu. Odur ki, xarici valyutaya artan tələbin qarşılanması məqsədilə, ARDNF tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə ümumilikdə 2 771,8 milyon ABŞ dolları məbləğində  xarici  valyuta satışı həyata keçirildi ki,  bunun da müqabilində 4 712,1 milyon manat vəsait satın alındı. Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 631,0 milyon manat, o cümlədən nəzərdə tutulandan 1 793,5 milyon manat çox vəsait transfer edildi. Bunun özü də xarici valyutaya artan tələbin qarşılanmasında, müvəqqəti olaraq yaranmış ajiotajın aradan qaldırılmasında əhəmiyyətli rola malik oldu.

Yuxarıda da qeyd etdiyimiz kimi, bir sıra həlli vacib məsələlərin, xüsusilə, həssas qruplardan olan insanların problemlərinin həllində ARDNF xüsusi çəkyə malikdir. Belə ki, 2001-ci ildən başlayaraq 31 mart 2020-ci ilə qədər qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsinə Fonddan ümumilikdə 2 563,6 milyon manat, o cümlədən 2020-ci ilin birinci rübü ərzində 60,9 milyon manat vəsait ayrılıb və bu vəsait hesabına 37397 ailə üçün fərdi evlərdən ibarət 75 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 22 məhəllə və bir çox sosial-infrastruktur obyektləri tikilib. Hesab edirəm ki, göstərilən, sadalanan bu məqamlar, faktlar ARDNF-in Azərbaycan cəmiyyətində və iqtisadiyyatında hansı rola malik olduğunu bir daha gözlər önünə sərmiş olur. Belə bir Fondun təşkili bizim böyük uğurumuzdur və bu baxımdan inanırıq, əminik ki, gələcək dönəmdə də bir çox məsələlərin həllində ARDNF-in rolu, çəkisi xüsusi önəm kəsb edəcək”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Belə gərgin bir dövrdə bu görməmişlik, insanlarda qıcıq və hiddət oyatmaq, “karantinin yalnız kasıblar üçün olması” görüntüsünü formalaşdırmaq kimə lazımdır?”-DEPUTAT HİDDƏTLƏNDİ…

Read Next

Sabah hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir