“Gələcəksiniz” yoxsa “gələssiz?” – NƏRİMAN QASIMOĞLU YAZDI

Ötən şənbə bir nəfərlə tanış oldum.

İş adamı idi. Kitabımı vərəqləyib soruşdu bəs bunun redaktoru yoxdur?

Dedim redaktorlara etibar etmirəm, yazı üslubum özümü qane edir, ehtiyacım təkcə korrektora olub.

Korrektor xeyli zəhmət çəksə də, düzəlişlərinin bir qismindən xoşlanmadım, bəzi sözlərin yazılışına dair qəbul edilmiş qaydalarda razılaşmadığım məqamlar var idi. Həmin düzəlişləri də özüm düzəltməli oldum…

Elə bunu demişdim həmin iş adamı dilçilərimizin (birinin adını da qəzəblə çəkdi) əleyhinə başladı, nə başladı… Əvvəl-əvvəl düşündüm yəqin bu mövzuda yazılarımı oxuyub. Məlum oldu bunlardan heç xəbəri yoxmuş. Dilçilərin ünvanına işlətdiyi qəzəbli ifadələri yazmıram. Gerçəkdən yanıqlı imiş. Söhbət əsnasında öyrəndim polkovnik rütbəsində təqaüdə çıxmış keçmiş hərbçidir. Hərbi xidmətinin bir epizodundan danışdı.

Naxçıvanda xidmətdə olarkən bir dəfə Ali Baş Komandanın qarşısında çıxış edəcəkmiş. Tabe olduğu rəhbərlik hərbi intizama uyğun olaraq göstəriş verir zabit öncə nitqini onların qarşısında məşq etsin. Hərbi bəlağətlə oxuduğu mətnin bir yerində “gələcəksiniz” deyəndə ali rütbəlilərdən biri sözünü kəsir və təkid edir “gələcəksiniz” əvəzinə “gələssiz” desin. Bu zabit də mat-mat baxır onun üzünə ki, axı nə məsələdir, niyə elə deməlidir.

Həmin “orfo-redaktor” qayıdasan ki, bəs orfoepiya qaydasının tələbi belədir. Ovqatının təlx olduğunu sezən başqa bir ali rütbəli hərbçi natiqə göz vurur ki, dinmə, mübahisənin yeri deyil. Bu da susur və, beləliklə, guya “orfoepiya” iradı ilə razılaşır. Ali Baş Komandanın qarşısında çıxış edərkən isə yenə ədəbi nitq qaydasına uyğun olaraq “gələcəksiniz” deyir.

Özünün danışdığına görə, tədbirdən sonra gözlədiyinin əksinə olaraq bunu ona irad tutmurlar.

Elə bilirəm, heç saxta orfoepiya qaydalarında feilin gələcək zamanı belə tələffüzdə təqdim edilmir. Amma nə edəsən, nitq qaydalarını “xalq” dilinə yaxınlaşdırmağa çalışırlarsa, “orfoepiya” əməliyyatlarının uzantısı bundan artıq olmayacaqmış.

Həyat tarixçəsindən bu epizodu mənə danışan həmsöhbətimin anası Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Öz övladını isə rus məktəbində oxutdurur.

İzahını belə verir ki, övladına Azərbaycan dilinin qayda-qanunlarını, nitq xüsusiyyətlərini nənəsi və onun özü daha yaxşı öyrədəcək, nəinki ədəbi dilimizi ləhcələşdirən indiki “milli” məktəblərimiz.

Nəriman QASIMOĞLU,

Etikxeber.az

Read Previous

“Türkiyəni iqtisadi cəhətdən məhv edərik” – deyən TRAMPIN TƏHDİDİNƏ TƏPKİ

Read Next

RUSİYA “ŞİMAL-CƏNUB” DƏMİRYOLUNU KRIMA QƏDƏR UZATMAQ İSTƏYİR – Politoloq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir