Gəlin övladları içki, eyş-işrət adlı fəlakətlərdən, pis vərdişlərdən qoruyaq… – FİRUZ MUSTAFA

Ötən ilin başlanğıcında müşahidə etdiyim, daha doğrusu iştirakçısı olduğum bir hadisə bu gün də az qala olduğu kimi, bir az fərqli qaydada təkrar olundu…

Arada şəhərin mərkəzindəki kafeyə gedirəm. Burada köhnə tanışlar da olur bəzən. Kafe deyəndə ki, indi bu tipli yerlərdə həm çay verirlər, həm də xörək. İçki də olur hətta. Nə isə… Ötən ilin elə bu günlərində həmin yerdə mənə iki gənc yaxınlaşdı. Adlarını bilmirdim. Amma üzdən tanıyırdım. Görünür, onlar da məni tanıyırmış. Jurnalistika ilə məşğul olduqlarını dedilər.

Bu gənc oğlanları bəzən bu kafedə görürdüm. Özlərinin də adətən stollarının üstündə araq-çaxır… Dilucu salamlaşmağımız da vardı.
Oğlanlar mövcud vəziyyətlərinin ağırlığından gileylənib, mənə iş üçün müraciət etdiklərini dedilər.

İçkili idilər. Mən içkili adamlarla ciddi mövzuda söhbət etməyi xoşlamıram. Ona görə də bir az sərt formada “bəs içkiyə haradan pul tapırsız?”-deyə, onlardan soruşdum. Əvəzində gənclərdən: “Bunun kimə, o cümlədən Sizə nə dəxli, biz nə hesaba yeyib- içirik?” cavabını eşitdim.

Təxminən bir il sonra, elə bü gün, buna bənzər bir hadisə baş verdi. Yaxınlıqdakı bir neçə yaşdaş tanışlarım kafedəki iri stol ətrafında əyləşib yeni ili qeyd edirdilər. Doğrusu, mən qonşuluqdakı kiçik stolun arxasında əyləşib çay içirdim. Çox gənc, boy-buxunlu bir oğlan həmin tanışların stoluna yaxınlaşdı. Üzdən tanıdığım adamdır. Yazı-pozu ilə məşğul olur. Ona da araq süzdülər. Gənc çıxış edib bəzi yaşlılardan giley-güzar etməyə başladı. Özümü saxlaya bilməyib bir qədər əsəbi və sərt şəkildə dedim:

“Bura bax, a bala, ümumiyyətlə, sənin bu məclisdə nə işin var?Buradakılar yaşlı adamlardır, vaxtlarını keçirirlər. Sən niyə gedib öz iş-gücünlə məşğul olmursan?”

O da əsəbi halda acı cavab verdi. Az sonra həmin gənci kənara çəkib dedim ki, mən sənin xeyrinə danışdım, sən isə bunu anlamaq istəmədin, axı içki heç kəsə xoşbəxtlik və istedad bəxş etmir, yaxşısı budur ki, öz üzərində çalışasan və s. O, işləmədiyini, ailə başçısı olduğunu dedi…

...Mən bilirəm ki, bir çox gənclərin çatışmayan, qüsurlu cəhətləri var. Amma insaf naminə, onu da deməliyik ki, bəzən gənclər cəmiyyətdə doğrudan da çıxılmaz vəziyyətə düşür. Nəticədə içkiyə meyl yaranır. Yəni, bu məsələlrdə onların yaşadığı mühitin və mikromühitin də rolu az olmur. İşsizlik-bir fəlakətdir. Amma başqa fəlakətlər də var.

Nə isə… Gəlin övladları içki, eyş-işrət adlı fəlakətlərdən, bir sözlə, pis vərdişlərdən qoruyaq. Mənim borcum deməkdir. Ən azından keçmiş bir padaqoq kimi…

Firuz MUSTAFA

Etikxeber.az

Read Previous

Kim gəlir, kim gedir? – “Səbail” fəallıq nümayiş etdirir…

Read Next

BALACA BAYRAMLARIMIZDAN BİRİ – AKADEMİK YUBİLEYDƏN YAZDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir