“Gənc ailələrin sosial müdaiəsi ilə bağlı qanuna ehtiyac var” – ELMİRA AXUNDOVA – FOTO

Sentyabrın 18-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli yaz və növbədənkənar sessiyalarda komitədə görülən işlər barədə məlumat verib.

İclasda yaz və növbədənkənar sessiyalar ərzində komitənin 20 iclas keçirdiyi, 100-ə yaxın məsələnin müzakirə olunduğu bildirilib. Bu dövrdə komitəyə 448 ərizə və müraciət daxil olub, 420 vətəndaş qəbul edilib.

Payız sessiyasında görüləcək işlərə toxunan komitə sədri diqqətə çatdırıb ki, bu sessiya ərzində əsasən sosial sahədə büdcə məsələlərinə baxılacaq, “Turizm haqqında” qanun layihəsi üzərində iş aparılacaq, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək.

Çıxış edən komitə üzvləri Rauf Əliyev, Musa Quliyev, İlham Məmmədov, Jalə Əliyeva, Elmira Axundova və Araz Əlizadə yaz və növbədənkənar sessiyalarda komitənin işini yüksək qiymətləndirib, payız sessiyasının da uğurlu olacağına əminliklərini bildiriblər.

M. Quliyev, R. Əliyev, E. Axundova, A. Əlizadə turizmlə bağlı qanun layihəsinin müzakirələrinin də  tezləşdirilməsinin vacibliyini vurğulayıblar.

elmira-2

E. Axundova eyni zamanda, gənc ailələrin sosial müdafiəsini nəzərdə tutan qanun layihəsinin hazırlanmasını və müzakirələrə çıxarılmasını təklif edib.

O, bildirib ki, bu məsələ ətrafında 10 ilə yaxındır müzakirələr gedir:

“Artıq belə hesab edirəm ki, “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb, müzakirələrə çıxarılmalıdır. Bu məsələ ilə bağlı dəfələrlə çıxış etmişəm, təkliflərimi səsləndirmişəm. Artıq 10 ilə yaxın  vaxt keçir. Odur ki, belə bir qanun layihəsi mütləq müzakirələrə çıxarılmalıdır. Bu, çox vacibdir”.

Sonra iclasda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər “Psixoloji yardım haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edilir.

İclasda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi də müzakirəyə çıxarılıb.

Bildirilib ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Layihə silahlı birləşmələrə aid olmayan, lakin içərisində hərbi xidmət nəzərdə tutulan qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortasının və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Müzakirələrdən sonra gündəlikdəki bütün məsələlər MM-in plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əmin olun ki, danışıqlar fayda verməsə…” – AMAŞOV QDİƏT PM-DƏN SƏSLƏNDİ – FOTO

Read Next

“Bundan ən çox uşaqlar əziyyət çəkir…” – TAHİR RZAYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir