Gənc Tamaşaçılar Teatrı bir sıra xarici ölkələrə qastrol səfərinə hazırlaşır

Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bir sıra xarici ölkələrə qastrol səfərinə hazırlaşır.

Bu barədə Etikxeber.az-a teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov məlumat verib. “Ölkə başçımızın Azərbaycan teatrının inkişafına dair təsdiq etdiyi Dövlət proqramının müvafiq bəndlərinə əsasən Gənc Tamaşaçılar Teatrı yaxın və uzaq xarici ölkə teatrları ilə sıx yaradıcılıq əməkdaşlığı qurub. Məqsədimiz Azərbaycan teatr sənətini dünyaya tanıtmaq, digər ölkə teatrlarının ən yaxşı tamaşalarını bizim tamaşaçılara təqdim etməkdir. Belə ki, bu ilin aprel ayının 6-9 –da Rusiyanın Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycana səfər edərək Gənc Tamaşaçılar Teatrının qonağı olacaq və məktəblilərə “Jili-bıli” (O.Rozum) tamaşasını təqdim edəcək”.

M.Həmidovun sözlərinə görə, aprelin 17-dən 30-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrında iki gün, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında üç gün, daha sonra isə Qroznı şəhərində Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında ikigünlük qastrol səfərləri çərçivəsində yazıçı Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək.

Bundan əlavə, aprelin 17-dən 27-dək teatrın digər yaradıcı qrupu daha bir Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Rusiyanın Kineşma (İvanov vilayəti) şəhərində keçiriləcək “Hərarətli ürək” klassik rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə ölkəmizi təmsil edəcək.

Tamaşada əsas rolu Əməkdar Artist Şövqi Hüseynov canlandıracaq.

Etikxeber.az

Read Previous

Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Read Next

Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı ilə bağlı mitinq keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir