Yay Olimpiya Festivalı – 8-Cİ QIZIL MEDALIMIZ – ÜZGÜÇÜMÜZ FİNALDA – FOTO – YENİLƏNİB – (4)

İyulun 23-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarında mübarizə aparan Azərbaycan atleti Ramil Vəlizadə yarımfinala vəsiqə qazanıb.

Etikxeber.az xəbər verir ki, təmsilçimiz 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 2 dəqiqə 3,27 saniyəlik nəticə göstərərək yarımfinalda iştirak hüququ qazanıb.

Yarımfinal mərhələsinin yarışları axşam sessiyasında keçiriləcək.

***

Festivalın güləş yarışlarının sonuncu günündə yunan-Roma pəhləvanımız Elmir Əliyev (51 kq) komandamızın 5-ci qızıl medalını qazanıb.

İdmançımız finalda ukraynalı Sanya Yakovlev üzərində inamla qələbə qazanaraq qızıl medala sahib olub.

Qeyd edək ki, E.Əliyev səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edib.

Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə polşalı Pyotr Stolarzik türkiyəli İlhan Aldını, gürcüstanlı Nukri Benidze isə rumıniyalı Denis-Florin Mihaini məğlubiyyətə uğradıblar.

***

Festivalda yunan-Roma güləşi yarışlarında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli finalda Almaniya təmsilçisi Deni Nakayev ilə qarşılaşıb.

Həlledici qarşılaşmada hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirən pəhləvanımız oyunun başa çatmasına 17 saniyə qalmış aktivinə 2 xal yazdıraraq oyunu qələbə ilə başa vurmağa nail olub. Beləliklə, qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Xasay Həsənli festivalda Azərbaycanın aktivinə 6-cı qızıl medalı yazdırıb.

Xatırladaq ki, idmançımız təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisə (7:0), səkkizdəbir finalda finlandiyalı Kasperi Kauhanenə (3:1), dörddəbir finalda isveçrəli David Loherə (10:2) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda ukraynalı Marian Holubovskini 7:4 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz finala vəsiqəni təmin edib.

Bu çəki dərəcəsində bürünc medallara latviyalı Edqars Lauqalisi məğlub edən rusiyalı Abdul-Valid İaxiyev və finlandiyalı Kasperi Kauhanenə qalib gələn ukraynalı Marian Holubovski sahib olublar.

***

Sərbəst güləşçisi Kənan Heybətov iyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında qızıl medal qazanıb.

Yarışda 51 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda rusiyalı Rüstəm Dolayev ilə qarşılaşıb. Oyunun sonunda hesabda geri olan güləşçimiz yüksək əzmkarlıq göstərərək qarşılaşmanın başa çatmasına 15 saniyə qalmış ardıcıl fəndlər sayəsində 8:5 hesabı ilə qalib gəlib. Bununla da K.Heybətov festivalda Azərbaycanın aktivinə 7-ci qızıl medalı qazandırıb.

Bu çəki dərəcəsində bürünc medallara ukraynalı İvan Terzi və moldovalı Konstantinam Kirilov sahib olublar.

Xatırladaq ki, K.Heybətov finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda yunanıstanlı Nektarios Kuzupisə (12:1) qalib gəlib.

***

Güləş yarışlarının sonuncu günündə Azərbaycan pəhləvanı Cəbrayıl Hacıyev (65 kq) finalda rusiyalı Batırbek Tsxovrebov ilə qarşılaşıb.

Görüşdə 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, möhtəşəm geri dönüş edən Cəbrayıl Həsənov 6:5 hesabı ilə qalib gələrək festivalda ölkəmizə səkkizinci qızıl medalı qazandırıb.

Xatırladaq ki, idmançımız finala gedən yolda gürcüstanlı David Patsinaşvilini (13:3), türkiyəli Hamza Duhan Dumanı (10:0), yarımfinalda isə isveçrəli Umar Mavlayevi (10:0) məğlub edib.

Bu çəki dərəcəsində bürünc medalları gürcüstanlı David Patsinaşvili və ukraynalı İvan Semyonov aktivlərinə yazdırıblar.

Fəxri kürsüdə yer alan idmançıların mükafatlandırılması mərasimində qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.

Qalib idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

***

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.

200 m məsafəyə batterflyay üsulu ilə üzən idmançı yarımfinal mərhələsini uğurla adlayıb.

O, finişə 2 dəqiqə 02,63 saniyəyə çatıb. 1-ci “səkkizlik”də qalib olan üzgüçü bununla da finala vəsiqə qazanıb. Ümumilikdə isə təmsilçimiz yarımfinalda 3-cü nəticə göstərib.

Qeyd edək ki, bu növdə final mərhələsi sabah saat 17:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

“Bu, əsl faciədir” – NƏSİB MƏHƏMƏLİYEV YAZDI

Read Next

“4-5 gün də çal-çağırsız keçinək, nəsə itirməyəcəyik ki?!” – QƏNİRƏ PAŞAYEVA MEDİA MƏNSUBLARINI BİR ARAYA GƏTİRDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir