Gənclər siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər təklif olunur… – YENİLƏNİB – (2)

Yanvarın 25-də  Milli Məclisin (MM) Gənclər və idman komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası öz işinə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, iclasın gündəliyinə adıçəkilən komitənin 2018-ci il payız sessiyasında gördüyü işlərin hesabatı və qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı daxil edilib.

Eyni zamanda, gündəliyə “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə” (birinci oxunuşda) qanun layihəsi salınıb.

Sözügedən komitənin sədri Ülvi Quliyev bildirib ki, son payız sessiyasında komitənin 3 iclası keçirilib və bu iclaslarda 5 məsələ  müzakirə edilib.

Qeyd edib ki, hesabat dövründə komitəyə 47 müraciət, ərizə və şikayət daxil olub və onların əksəriyyəti baxılması üçün aidiyyəti orqanlara göndərilib.

***

Ü. Quliyev sonra gənclər siyasəti ilə bağlı qanuna dəyişikliklərə toxunaraq bildirib ki, ümumiyyətlə, bu sənədə  müasir dövrün reallıqlarına, çağırışlarına, ölkənin inkişafına uyğun olaraq, mütəmadi düzəlişlər edilir:

“Bu sənəd 2002-ci ildə qəbul olunub.O, 14 maddədən ibarətdir. İndi isə onun 9 maddəsində 25 dəyişikliyin edilməsi nəzərdə turtlur. Burada da məqsəd odur ki, Azərbaycan gəncliyi inkiaf etsin, intellektual, pis vərdişlərdən uzaq olsun”.

***

Ümumiyyətlə, qanun layihəsinin 13-cü maddəsində bildirilir ki, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir.

Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

Yeni dəyişiklikdə isə bu müddətin 10 il olması təklif edilir.

Gənclər təşkilatlarına dövlət yardımı adlı 10-cu maddədə gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırlanmış proqramlar müsabiqə əsasında seçilərək, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər.

Proqramların maliyyələşdirilməsi üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının və ya bu qanunun 4.0.10-cu maddəsində nəzərdə tutulan Gənclər Fondunun xərclər smetasına daxil edilir.

Qanun layihəsinin 5.5-ci bəndində gənclərin ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımının göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada “Gənclər evi” sosial xidmət müsəssisələri şəbəkəsi yaradılır.

Həmçinin 7.1-ci maddədədə “asudə vaxtın təşkili” sözləri fiziki və reproduktiv sağlamlığın təmin edilməsi” sözləri əvəz edilməsi təklif edilir. Həmçinin qanuna 7.3-1 və 7.6 maddələri əlavə edilir.

7.3-1 ci maddədə təklif edilir ki, gənclər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir. Həmçinin qanuna 9.3-cü maddə əlavə edilir.

Maddədə bildirilir ki, gənclər arasında, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

***

Əli Hüseynli: Çox təəssüflər olsun ki, hələ də bu halların pozulması, xüsusilə, internet resurslarında, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin təhqir edilməsi, onların şəxsi həyatına müdaxilə edilməsi ilə üzləşir, qarşılaşırıq

eli_huseynli_esas_55

Müzakirələr zamanı MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  sədri Əli Hüseynli dəyişikliklərin kiçik həcmli, ancaq onların mahiyyətinin geniş olduğunu bildirib.

Qeyd edib ki, bu dəyişikliklər ölkədə  dövlət gənclər siyasətinin həyata keçirilməsində öz müsbət töhfələrini verəcək:

“Qanun layihəsində insanların şərəf və ləyaqətinin qorurnması,  şəxsin həyatın toxunulmazlığının təmin edilməsi ilə bağlı müddəanın nəzərdə tutulması çox müsbət haldır. Əslində bu məsələ digər qanunlarımızda da öz əksini tapıb. Ancaq çox təəssüflər olsun ki, hələ də bu halların pozulması, xüsusilə, internet resurslarında, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin təhqir edilməsi, onların şəxsi həyatına müdaxilə edilməsi ilə üzləşir, qarşılaşırıq. Ona görə də burada belə bir məsələnin nəzərdə tutulması mütərəqqi bir haldır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Neymar Çempionlar Liqasının səkkizdəbir finalında meydana çıxmayacaq?

Read Next

Millət vəkili narazılıq etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir