“Gədəbəyi “Azərbaycanın Sibiri” adlandırırlar, ancaq rayonumuzun 30-dan artıq kəndi hələ də qazla təmin edilməyib”-SEVİNC HÜSEYNOVA HÖKUMƏTDƏN, AİDİYYATI QURUMLARDAN BU MƏSƏLƏNİN HƏLLİNƏ DƏSTƏK VERİLMƏSİNİ XAHİŞ ETDİ

Doğrudan da, müzakirəmizə təqdim olunan büdcə zərfi Müstəqil Azərbaycanımızın tarixində ilk Qələbə büdcəsi olaraq Avro-Asiya məkanında ən uzunmüddətli münaqişənin və Vətən müharibəsinin zəfərlə başa çatması ilə yaranmış reallıqlardan irəli gələn çağırışlara tam cavab verir. Layihədə xərclərin ən ümdə prioritet istiqaməti kimi işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görülməsi müəyyən edilib. Bu səbəblə 2.2 milyard manatlıq məqsədli vəsait və ordumuzun maddi-texniki təminatını dəstəkləyən tədbirlərə əvvəlki illə müqayisədə 25 faiz artım müəyyənləşdirilib, eyni zamanda, layihədə pandemiyanın ölkəmizdə də yaratdığı çağırışlar və mübarizə tədbirlərinin davamlı olaraq dəstəklənməsi, peyvəndlərin alınması nəzərdə tutulur. ​

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova bu gün parlamentdə büdcə müzakirələrində çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, qeyd olunanlarla yanaşı, büdcə yaranmış ənənəyə sadiq olaraq həm də sosialyönümlüdür.

Onun sözlərinə görə, belə ki, sosial müdafiə və sosial təminat xərcləri də 14.1% artmışdır. Əhalinin həssas qrupundan olan şəxslərin maddi təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, investisiya layihələri və yenilik olaraq təhsil, ekologiya, kənd təsərrüfatı sahəsində pilot layihələrin keçirilməsi nəzərdə tutulub. ​

“Təbii ki, bu işlərin görülməsi, təhlillərin aparılması və sistemləşdirilməsi böyük peşəkarlıq və zəhmət tələb edir. Buna görə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm və sözsüz ki, böyük məmnuniyyətlə layihənin leyhinə səs verəcəyəm. ​Hökumət üzvlərinin iştirakından istifadə edərək təmsil etdiyim Gədəbəy rayonunun strateji mövqeyinin Ermənistanla 123 km sərhəd boyunca yerləşdiyini nəzərinizə çatdırmaq və əhalini narahat edən bir məsələni diqqətinizə çatdırmaq istərdim. İlk növbədə, qaldırdığım məsələ yaşayış məntəqələrinin qazla təmin edilməsidir. Bu məsələ ilə bağlı mən burada bir neçə dəfə çıxış etmişəm və aidiyyatı qurumlara müraciətlər olub. Rayon dağlıq ərazidə yerləşir, iqlimi sərtdir. Bəzən rayonumuzu “Azərbaycanın Sibiri” də adlandırırlar. İlin 7 ayı istilikdən istifadə olunur. Son illər ərzində bu sahədə böyük işlər görülüb.

Belə ki, yaşayış məntəqələrinin qaz təchizatı 30 %-dən 68 % – dək artıb. Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində sərhəd kəndlərinin əhalisi təbii qazla təmin edilib. Buna görə də öz adımdan və əhalimizin adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. ​Bundan əlavə, qeyd edim ki, 30-dan artıq kənd isə qazla təmin edilməyib. Elə nümayəndəliklər də var ki, yalnız bir hissəsi qazla təmin edilib. Misal üçün, Dəyirmandağ, Kiçik Qaramurad. Bəzi dairələrdə isə yalnız bir kənd qazlaşdırılmamış, ətrafındakı digər kəndlər isə qazla təmin olunub. Bu isə həmin ərazidə yaşayan əhalinin narazılığına səbəb olub. Buna misal kimi Qoşabulaq, Əlnağılar kəndlərini göstərə bilərik. Hökümətin aidiyyatı orqanlarından bu məsələnin həllinə – qaz təchizatı işlərinin sürətlənməsinə dəstək verməsini xahiş edirəm”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident hərbçi qulluqçuları Füzulinin, Xocavəndin və Zəngilanın azad olunmasına görə-MEDALLARI İLƏ TƏLTİF ETDİ

Read Next

İki ayağından ağır yaralanan, bədənindən bir banka qəlpə çıxarılan, əsgərləri ilə 100-dən çox ermənini cəhənnəmə göndərən, Dastan yazan-“CƏSUR DÖYÜŞCÜ” MEDALLI QAZİ ELNUR XƏLİLOV… – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir