“Gələcəkdə işğaldan azad olunmuş şəhərlərimizdə bir küçə, bu təyyarənin ixtiraçısı Səlcuq Bayraktarın şərəfinə adlandırılsın…”-FATMA YILDIRIMDAN ÖNƏMLİ TƏKLİF

Bu gün xalqımıza ardıcıl qələbə sevinci yaşadan şanlı ordumuzun zəfərləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan əsgərinin düşməni pərən-pərən salması, işğal altında olan torpaqlarımızı qarış-qarış azad etməsi, həmin ərazilərdə yenidən üçrəngli bayrağımızın dalğalanması qələbə əzmini daha da artırır. Tezliklə bayrağımızın bütün Qarabağ səmasını  bəzəyəcəyinə böyük inam yaradır. Bu haqq savaşında Azərbaycanın ədalətli mövqeyini beynəlxalq platformada dəstəkləyən ölkələr, xüsusilə qardaş Türkiyəyə sonsuz təşəkkürümüzü bildiririk.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bugünkü iclasında millət vəkili Fatma Yıldırım deyib.

O, qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hazırkı məsuliyyətli dönəmdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin hökuməti və xalqı birmənalı şəkildə Azərbaycanın yanındadır və bizim haqq işimizi dünyada yorulmadan təbliğ edirlər.

Millət vəkili sonra deyib:

“Məlumdur ki, Azərbaycan Ordusu doğma torpaqlarımızın işğaldan azad olunması əməliyyatına başladıqdan sonra bəzi dövlətlər Azərbaycana təzyiq göstərməyə başladılar. Amma onlar qarşılarında Azərbaycan Prezidenti ilə yanaşı Türkiyənin Prezidentini və türk xalqını gördülər. Bu gün Türkiyə rəsmi səviyyədə qətiyyətlə bəyan edir ki, Qarabağ Azərbaycan torpağıdır və Ermənistan işğala son qoymalıdır.

Bilirsiniz ki, Türkiyə tərəfi həmişə bizə “can Azərbaycan” deyə müraciət edir. Türkiyə də bizim canımızdır. Çünki biz bir millət, iki dövlətik, soyumuz, dilimiz, dinimiz, adət-ənələrimiz eynidir.

Bu gün Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Ordularımız mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Azərbaycan ordusunun peşəkarlığının artmasında məhz Türkiyə təcrübəsi və hərbi əməkdaşlığımız vacib rol oynayır. Bu gün topraqlarımızın işğaldan azad olunması mübarizəsini Türkiyədə hərbi məktəblərdə təhsil almış yüksək təcrübəyə malik olan peşəkar zabitlərimiz həyata keçirir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi biz ordu quruculuğunda hər zaman Türkiyə modelinə üstünlük veririk.

Ordumuzun Türkiyə Müdafiə Sənayesinin məhsulu olan “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrinə sahib olması bizi çox sevindirir. Çünki bu müharibədə həmin PUA-lar sayəsində müzəffər ordumuz çox qələbələrə nail olur, eyni zamanda, itkilərimizin qarşısını alır.

Mən təklif edirəm ki, gələcəkdə işğaldan azad olunmuş şəhərlərimizdə bir küçə, bu təyyarənin ixtiraçısı Səlcuq Bayraktarın şərəfinə adlandırılsın”.

Etikxeber.az

Read Previous

“Bəli, bölgəyə sülhməramlı gəlməlidir, amma onlar Ermənistana gəlməlidir…”-BƏHRUZ MƏHƏRRƏMOV – DEPUTATLAR QARABAĞ MƏSƏLƏSİNDƏN, İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏN DANIŞDILAR

Read Next

“Cəbhədəki məğlubiyyət Paşinyan iqtidarına olan inamı heçə endirib… Ali Baş Komandan xalqımızı hələ daha çox şanlı qələbələrlə sevindirəcək…”-ANAR MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir