“Gəncə İcra Hakimiyyətindən bizə qənaətbəxş olmayan, iki kəlmə ilə başdansovdu cavab verilib…Bu isə övlad acısı yaşayan bir Şəhid ailəsi kimi bizi çox üzür və incidir…”-ŞƏHİD TALEH YUSİFOVUN ANASI MƏLƏK YUSİFOVA ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 5 medallı Taleh Gündüz oğlu Yusifovun anası Mələk Yusifova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası  Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident, cənab Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mələk Əli qızı Yusifova İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Taleh Gündüz oğlu Yusifovun anasıyam. 5 medallı oğlum İkinci Vətən Müharibəsinin başa çatmasına çox az qalmış Vətən yolunda canını fəda edərək, qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. Taleh mənim 3 övladımdan biri, həm də subay olub. Ömrü kimi arzuları da, xəyalları da yarımçıq qalıb. Bir ana, bir valideyn üçün övlad acısı, övlad itkisi nə deməkdir, onu elə bilirəm ki, geniş anlatmağa, izah etməyə ehtiyac yoxdur. Allah heç bir Anaya, heç bir valideynə övlad itkisi, övlad acısı yaşatmasın. Biz ağladıq, biz ağlayırıq, digər analar, digər valideynlər ağlamasın, artıq analar, valideynlər göz yaşları tökməsin.

Oğlumla, övladımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Taleh kimi Vətənini canından, ailəsindən üstün tutan bir oğulun, bir İgidin, bir Qəhrəmanın, bir Vətən sevdalısının anasıyam. Fəxr edir, Qürur duyuram ki, övladım öz qanı, öz canı ilə adını tarixə qızıl hərflərlə həkk etdirən Qələbə və Zəfər Şəhidlərindəndir. Talehim də daxil olmaqla, baş tacımız olan bütün Şəhidlərimizin, Şəhid balalarımızın əziz və müqəddəs ruhları qarşısında baş əyirəm!”

Müraciətdə sonra deyilir:

“Çox hörmətli və çox dəyərli İlham Heydər oğlu!

Müraciət etməklə, bir xahiş və ricamı Sizin diqqətinizə çatdırmaq istəyirəm. Xahiş və ricam da ev, mənzil problem ilə bağlıdır. Biz Gəncə şəhərində qeydiyyatda olsaq da, Samux rayonunun Ziyadlı kəndində yaşayırıq. Yaşadığımız həyət evi də bizim deyil, qayınımgilə sığınmışıq. Həm də onu qeyd edim ki, həyat yoldaşım Gündüz Ələs oğlu Yusifov 3 ildir pakinson xəstəsdir, birinci qrup əlildir. İki övlad atası olan ailəli oğlum da bizimlə yaşayır. Eyni zamanda, evi-eşiyi olmayan, kirayələrdə yaşayan qızımı da ailəsi ilə birlikdə yanımıza, qayınımın evinə gətirmişik. Çünki başqa əlacımız, çarəmiz yoxdur. Gəncədəki iki otaqlı, darısqal məzildə də üst-üstə 9 nəfər qeydiyyatdadır, o cümlədən qızımgil. Bunun da nə demək olduğu elə bilirəm ki, əlavə izahata ehtiyacı yoxdur. Ona görə bizim yeni evə, yenə mənzilə ehtiyacımız var. Biz istəyirik ki, durumumuz, vəziyyətimiz, yaşayış şəraitimiz nəzərə alınaraq, Gəncə şəhərində evlə, mənzillə təmin olunaq.

Çox təəssüflər olsun ki, bu yöndə müraciətimizə də müsbət cavab verilməyib, Gəncə şəhər İcra Hakimiyyətindən qənaətbəxş olmayan, iki kəlmə ilə başdansovdu cavab verilib. Bu isə övlad acısı yaşayan bir Şəhid ailəsi kimi bizi çox üzür və incidir. Odur ki, Sizdən səlahiyyətlərinizdən istifadə edərək, müvafiq qurum və şəxslərə, xüsusilə, Gəncə Şəhər İcra Hakimiyyətinə tapşırıq və göstərişlər verməyinizi, Gəncə şəhərində ev, mənzillə təmin olunmağımıza köməklik göstərməyinizi xahiş və rica edirəm.

İnanıram və əminəm ki, ailəmizin durumu, yoldaşımın səhhəti və digər məqamlar nəzərə alınacaq və biz Şəhid ailəsi olaraq, Gəncə şəhərində Haqqımız olan evlə, mənzillə təmin olunacağıq.

Öncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi, Qalib Azərbaycanımızı, Qalib Dövlətimizi, Qalib Əsgərimizi qorusun!”

Etikxeber.az

Read Previous

“Şuşa İli”: İnkişafın növbəti mərhələsi, intibah, dirçəliş ili-ELDAR İBRAHİMOV YAZIR

Read Next

Hava şəraiti ilə əlaqədar Bakının bəzi avtomagistrallarında-SÜRƏT HƏDDİ ENDİRİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir