“Gəncəyə hücum nəticəsində baş verən qətliamın Xocalıda baş verən soyqırımından heç bir fərqi yoxdur…”-SƏMƏD SEYİDOV

Artıq bir müddətdir ki, bir sıra dünya dövlətləri qeyri-obyektiv mövqe nümayiş etdirərək Azərbaycanı qeyd-şərtsiz atəşkəsə və yenidən heç bir nəticəsi olmayan sülh danışıqlarına başlamağa çağırır. Azərbaycan atəşkəsə əməl etdiyini, qan tökülməsini istəmədiyini hər zaman nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın humanitar atəşkəsi qüvvəyə mindiyi ilk saatlardan pozması onların danışıqlara hazır olmadığını, münaqişənin sülh yolu ilə həll edilməsində maraqlı olmadığını və verdiyi vədlərə, imzaladığı sənədlərə əməl etmək niyyətində olmadığını bir daha təsdiq etdi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov bildirib ki, Ermənistan bundan dərhal sonra Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu etdi. Bu hücum nəticəsində baş verən qətliamın Xocalıda baş verən soyqırımından heç bir fərqi yoxdur. Ermənistanın günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması onun faşizm xislətini və cinayətkar mahiyyətini bir daha sərgiləyir və Azərbaycana qarşı törətdiyi növbəti müharibə cinayətidir.

“Bu gün Ermənistan təkcə hərb meydanında deyil, həm də diplomatik cəbhədə məğlubiyyətə uğrayır, çünki Paşinyanın yürütdüyü siyasət erməni xalqının maraqlarına tamamilə ziddir. Bundan əlavə, Ermənistan bəzi dövlətlərin əlində digər dövlətlərə qarşı bir alət kimi də istifadə olunur. Onlar beynəlxalq qanuna meydan oxuyaraq, dünyaya mesaj göndərirlər. Beynəlxalq ictimaiyyət isə Ermənistanın bu hərəkətlərinə, hansı ölkənin təcavüzkar olduğuna indi qiymət verməlidir. Təcavüzkar ölkə torpaqları uzun illər ərzində işğal altında olan, öz yurd-yuvalarından didərgin düşmüş bir milyon qaçqını və məcburi köçkünü olan, işğal olunmuş torpaqları uğrunda mübarizə aparan Azərbaycandırmı, yoxsa işğalçılıq siyasətindən, dövlət səviyyəsində terror siyasətindən əl çəkməyən Ermənistandırmı? Təbii ki, bu sualın cavabı hamıya məlumdur. Beləliklə, biz dünyada beynəlxalq qanunların normal işləməməsini müşahidə edirik, çünki ən yüksək qurumlardan biri olan BMT-dən tutmuş bütün Avropa təşkilatlarına qədər Azərbaycanın ərazi bütövlüyü sənədlərə əsasən təsdiq və qəbul olunmuşdur, lakin reallıqda tamam başqa davranışlarla üzləşirik.

Azərbaycan 30 ilə yaxın bir müddətdə beynəlxalq qanunu bərpa etmək üçün usanmadan fəaliyyət göstərmişdir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və onun gördüyü işlər Azərbaycan üçün məhz bu gün düşmənə layiqi cavab vermək imkanını yaratmışdır. Əvvəllər həm siyasi, həm də hərbi arenada cavab vermək bir qədər çətin idi, əlaqələrimiz də həmçinin kifayət qədər güclü deyildi. Hazırda isə ölkəmizdə gedən proseslər Azərbaycanı inkişaf etmiş, güclü bir dövlətə çevirmişdir. Bu səbəbdən ermənilər döyüşlərin getdiyi yerlərdən olduqca uzaqda yerləşən ərazilərə raketlər ataraq dinc əhalini məhv edirlər ki, iradəmizi sarsıtsınlar. Lakin Azərbaycan xalqının əzmini qırmaq o qədər də asan deyil və bu, əsla baş tutmayacaq. Cənab Prezidentimizin də qeyd etdiyi kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətkar əməllərinə görə cavab verməli olacaq. Bütün dünya artıq bu cür əməllərə son qoyulması üçün öz səsini çıxartmalı və erməni terrorunun qarşısı təcili olaraq alınmalıdır”-deyə, S. Seyidov bildirib (AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Biz mədəniyyətimizi qorumalıyıq…Biz həm də mədəniyyət müharibəsi aparırıq və bu müharibəni də udmalıyıq”-ÇİNGİZ ABDULLAYEV

Read Next

Düşmən yenidən Tərtər, Goranboy, Ağdamı və Ağcabədini atəşə tutur-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir