“Gənclərimiz bizim ümid yerimiz və gələcəyimizdir”-QƏNİRƏ PAŞAYEVA

Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

Etikxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Qənirə Paşayeva qeyd edib ki, ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, sağlamlığının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verərək onlara daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir.

Mədəniyyət komitəsinin sədri diqqətə çatdırıb ki, gənclər siyasətinin bariz nümunələrindən biri də Azərbaycanda sürətlə inkişaf edən könüllülük hərəkatıdır. 2020-ci ilin Azərbaycan Prezidentinin Sərəncamı ilə “Könüllülər ili” elan olunması heç də təsadüfi deyil. Gənclərimiz bu hərəkatda çox fəal iştirak edir, öz töhfələrini verirlər. 2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup ASAN könüllüsü ilə görüşən Prezident İlham Əliyev “ASAN” könüllülük hərəkatına öz xeyir duasını verdi. Bir könüllülük hərəkatı olaraq bu fəaliyyət ASAN-dan başlayır. Dövlət başçısının da qeyd etdiyi kimi, “ASAN xidmət”i könüllülər hərəkatından ayırmaq mümkün deyil. Azərbaycan Prezidenti tərəfindən bu nəcib fəaliyyətə göstərilən dəstək ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verdi, gənclərə böyük imkan və fürsətlər yaratdı.

Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) yaradılması da bu istiqamətdə aparılan işlərin nəticəsidir. Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan mərkəz xəstəliklə mübarizədə aktiv fəaliyyət göstərir. Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.

AKƏM-in fəaliyyətini yüksək qiymətləndirən deputat qeyd edib ki, mərkəzin himayəsi ilə keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına kömək göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar yaranmış qan qıtlığının aradan qaldırılması və təcili qana ehtiyacı olan şəxslərin həyatının xilası üçün fədakarlıq göstərirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.

Ahıllara qayğının xalqımızın nəcib keyfiyyətlərindən biri olduğunu diqqətə çatdıran Qənirə Paşayeva bu ənənənin gənclər tərəfindən davam etdirildiyini vurğulayıb. Bildirib ki, gənc könüllülərimiz “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkərək tələbatlarının ödənilməsində kömək göstəriblər. Ümumilikdə ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak edib.

Deputat qeyd edib ki, aprelin 8-dən start verilən “Könüllü qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılıb, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilib. Daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə yardım ediblər.

AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlıdır. Könüllülər aprelin 8-dən Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü donor” aksiyasına qoşularaq fəal iştirak ediblər:

“Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər. Gənclərimiz bizim ümid yerimiz və gələcəyimizdir” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Minsk qrupunun həmsədrlərindən biri kimi Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”-TRAMP

Read Next

Eldəniz Quliyev-MİLLİ ŞURADAN İSTEFA VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir