“Gecə yarısı idi, rəhmətlik atanız gəlib bizi qarşıladı…”- NETANYAHU

“Buraya ilk ziyarətimi çox yaxşı xatırlayıram. Gecə yarısı idi, Sizin rəhmətlik atanız gəlib bizi qarşıladı. Bu, böyük dostluğun nişanəsi idi. Bu dostluq bu günə qədər davam və inkişaf edir. Deməliyəm ki, bu gün gündüz vaxtı buraya gələrkən, təyyarədən də Azərbaycandakı ötən iki onillikdə baş verən inanılmaz dəyişikliyi, inanılmaz inkişafı görə bildim. Əlbəttə, hava limanında yerə endikdə, maşına mindikdə şəhərdə, Bakı ətrafında bunu daha aydın görə bildik. Burada çox böyük irəliləyiş əldə edilib. Mən Sizin rəhbərliyinizi alqışlayıram. İsrail ilə Azərbaycan arasındakı tərəfdaşlığı və bunu gələcəyə doğru irəliləyişin bir parçası olaraq görməyinizə görə alqışlayıram”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri İsrailin baş naziri Benyamin NetanyahuAzərbaycan prezidenti İlham Əliyevlə görüşündən və iki ölkə arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirib.

“Bu gün Sizin dediyiniz və imzaladığımız sənədlərdə xalqlarımızın mənafeyi naminə əməkdaşlıq etdiyimiz və əməkdaşlıq edə biləcəyimiz bir çox sahələr var. Aydındır ki, bizim energetika sahəsində möhkəm əlaqələrimiz var. Bu gün sadəcə ölkəmizin neft idxalının ciddi bir hissəsi olan, Azərbaycanın İsraili təchiz etdiyi neftin satışı barədə yox, həm də təbii qazın ixracı üçün birgə müəssisələrimizdən istifadə haqqında danışırıq. İsrailin qaz idxalını bu gün biz burada danışarkən inşası davam edən Azərbaycandan Türkiyəyə böyük boru xəttinə calaşdırılmasından danışırıq”-deyən baş nazirin sözlərinə görə,  şübhəsiz, bu, hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamətdir.

“Düşünürəm ki, bu, daha böyük bir xidmət olacaq. Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz sahələrdən yalnız biridir.

Cənab Prezident, qeyd etdiyiniz bütün digər sahələr də mövcuddur. Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq. Bu cür əməkdaşlığı alqışlayırıq. Çünki düşünürük ki, nəticə etibarilə malik olduğumuz ən böyük resurs budur. Bu, konseptual məhsul resursudur, bütün sənaye istiqamətlərini daha da səmərəli etmək bacarığıdır. Bir misal olaraq süd məhsullarını göstərə bilərəm. Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır. Bu hal bir çox sahələrdə təkrarlanır. Bu əməkdaşlığı xalqlarımıza daha aydın bir gələcək bəxş etməsi üçün alqışlayırıq.

Lakin düşünürəm ki, əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət başqa bir şeydir. İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir.

İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var.

Cənab Prezident, Sizinlə təkbətək görüş vaxtı ifadə etdiyim kimi, deməliyəm ki, müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir dəyişiklik var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır.

Bizi günün ortasında xoş qarşıladığınız üçün Sizə yenə təşəkkür etmək istəyirəm. Gecə də gəlirik, gündüz də gəlirik.

Əlbəttə, mən də Sizi İsrailə dəvət edirəm. Sizin üçün uyğun və rahat vaxtda Sizi orada qəbul etməyə ümid edirəm. Bizə göstərdiyiniz dostluq və qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm”-deyə, B. Netanyahu daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Hər il dünyada Panamanın ərazisi qədər meşə məhv edilir

Read Next

Netanyahunun Azərbaycana işgüzar səfəri başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir