Milli Məclisdə (MM) “Hərbi vəziyyət haqqında” qanun layihəsi müzakirə olunub.
Etikxeber.az-ın məlumatına görə, qanun layihəsi barədə məlumat verən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Z.Əsgərov bildirib ki, qanun layihəsi 5 fəsil 27 maddən ibarətdir. Ölkədə hərbi vəziyyətin elan edilməsinin əsasları barədə məlıumat verən Z. Əsgərov deyib ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan edilməsi üçün aşağıdakılar əsas ola bilər: Ərazilərin müəyyən hissəsi faktiki işğal edildikdə; xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə; Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda; Azərbaycan ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda hərbi vəziyyət elan oluna bilər. Qanun layihəsində hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanının təsdiqilə bağlı məsələyə aydınlıq gətirən komitə sədri bildirib ki, fərman qəbul edildikdən sonra 24 saat müddətində Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq üçün təqdim edilir:
“Hərbi vəziyyətin elan edilməsi haqqında Prezidentin fərmanı Milli Məclisə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Milli Məclisin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir. Hərbi vəziyyətin elan edilməsi haqqında prezidentin fərmanı Milli Məclis tərəfindən təsdiq edilmədikdə, qüvvəyə minmir. Bu barədə əhaliyə dərhal məlumat verilir”.
Hərbi vəziyyət dövrü haqqında məlumat verən Z. Əsgərov bildrib ki, hərbi vəziyyət dövrü onun tətbiqi tarixindən (vaxtından) başlayır və o, qüvvədə olma müddəti bitdikdə, yaxud, bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan halda başa çatır.
Hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsinə gəldikdə isə komitə sədri bildirib ki, hərbi vəziyyətin müddəti bitənədək onun elan edilməsi əsasları aradan qaldırılmadıqda və ya bunun üçün yeni əsaslar yarandıqda, hərbi vəziyyətin qüvvədə olma müddəti uzadılır:
“Hərbi vəziyyətin elan edilməsi əsasları aradan qaldırıldıqda və bunun üçün yeni əsaslar yaranmadıqda, hərbi vəziyyət ləğv edilir. Hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi bu Qanunun 6-cı maddəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir”.
Komitə sədri onu da əlavə edib ki, hərbi vəziyyətin tətbiqi ilə əlaqədar səfərbərliyin elan edilməsi isə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Qanun layihəsində eyni zamanda, hərbi vəziyyətəin tətbiqedilmə mexanizmi, onun detaları və digər məsələlər öz əksini tapıb.
“Ermənistana müharibə elan olunsun!”
Qanun layihəsinin müzakirəsi zamanı isə millət vəkili
Fəzail Ağamalı deyib ki,
gücümüzü ölkə başçısı ətrafında səfərbər edərək, Ermənistana qarşı müharibə elan edib torpaqlarımızı işğaldan qurtarmalıyıq.
Onun sözlərinə görə, Ermənistana müharibə elan edərək, ermənilərin 200 ildən bəri Azərbaycan torpasqlarının işğalına son qoymaq lazımdır.
“Ona görə də ermənilərn etdiyi istənilən təklifə ehtiyatla yanaşmaq lazımdır. Çünk yaxından tanıyan bir şəxs kimi deyirəm ermənilər o qədər riyakar xalqdır ki, onların dediklərinə inanmaq olmaz. Bu, bizi növbəti fəlakətlə üzləşdirə bilər”- deyə. F. Ağamalı vurğulayıb.
Deputat əlavə edib ki, ona görə də millət vəkili Azay Quliyevin “Sülh platforması” adı altında həyata keçirilən xalq diplomatiyasına ehtiyatla yanaşır:
“Ola bilər ki, ber neçə erməni jurnalist həqiqətən də xalqının gələcək taleyindan narahat olduğundan səmimi sülh istəyir. Ancaq bunu bütün erməni xalqına aid etmək olmaz. Bu gün bir neçə erməni Azərbaycana gələ bilər. Ancaq gələcəkdə Azərbaycana gələn ermənilər arasında Ermənistan xüsusi xidmət orqanlarının yetişdirdiyi adamlar ola bilər və biz gələcəkdə bu səfərlərdə bir az ehtiyatlı olmalıyıq”.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da çıxışında ehtiyatda olan generalların cəbhə bölgələrdəki rayonların icra hakimiyyətlərinin başçısı təyin etmək təklifini irəli sürüb.
S. Novruzov belə təcrübənin yaşandığını bildirib:
“Vaxtı ilə Heydər Əliyev ehtiyatda olan generalları icra başçısı təyin edirdi. Məhz cəbhə bölgəsinə və yaxud müharibə gedən rayonlarda belə təyinatlar olurdu. İndi də bizim ehtiyatda olan, dövlətinə sadiq xeyli generalımız var. Bu praktikanı yenidən tətbiq etməliyik”.
Etikxeber.az