“Genetik modifikasiya olunmuş məhsulların idxalı qadağan edilib…” – ELDAR İBRAHİMOV BMT RƏSMİSİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşdü.
Etikxeber.az-ın xəbərinə görə, Eldar İbrahimov qonaqlara MM-in strukturu, Aqrar siyasət komitəsinin gördüyü işlər, aqrar sahədə qəbul edilmiş qanunlar barədə məlumat verdi.
Bildirdi ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb:
“Hazırda komitədə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi üzərində iş aparılır. Ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalı qadağan edilib. Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir”.
Komitə sədri diqqətə çatdırdı ki, Prezident İlham Əliyev kənd təsərrüfatına xüsusi qayğı ilə yanaşır və hər il kənd təsərrüfatının inkişafına ayrılan dövlət vəsaitinin artırılması bunun bariz nümunəsidir:
“Kənd təsərrüfatının inkişafı məqsədilə onun müxtəlif sahələrinə dövlət tərəfindən subsidiyalar ayrılır. Sumqayıtda tikilmiş karbamid zavodunun istehsal etdiyi gübrə nəinki ölkəmizi təmin edir, həm də xarici ölkələrə satılır. Hazırda kənd təsərrüfatı vergilərdən azaddır. Yalnız cüzi olaraq torpaq vergisi alınır. Bu da ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının ilbəil artmasına səbəb olur”.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver bildirdi ki, Azərbaycanın neft və qaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır. Azərbaycan zəngin təbii ehtiyatlarına arxalanaraq öz vətəndaşlarını təmin etmək resurslarına malik ölkədir.
Qonaq Azərbaycanda gənclərin kənd təsərrüfatı ilə məşğul olmağa həvəsləndirilməsi üçün görülən işləri yüksək qiymətləndirdi.
Söhbət zamanı tərəfləri maraqlandıran suallara aydınlıq gətirildi.
Görüşdə Milli Məclisin deputatları Tahir Süleymanov, Mahir Aslanov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Elçin Quliyev və Eldəniz Səlimov iştirak edirdilər.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Təhsil işçiləri “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif olundu – SƏRƏNCAMLAR – YENİLƏNİB

Read Next

Gənc müəllimlər mükafatlandırıldı – MİLLİ MƏCLİSDƏ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir