GEOSİYASƏT: ZİDDİYYƏTLƏR VƏ XƏYANƏTLƏR-ARAZ ŞƏHRİLİ YAZIR

I HİSSƏ

VİKİNQLƏR AZƏRBAYCANDA

AZƏRBAYCANDA HƏYATLARINI İTİRMİŞ KİYEV KNYAZLARI

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

Rusiya–İran münasibətlərindən danışarkən yada I Pyotrun Xəzəryanı vilayətlərə yürüşü, Gülüstan və Türkmənçay müqavilələri düşür. Halbuki bu iki məkan arasında münasibətlərin tarixi ən azı e.ə. VII əsrdən – skiflərin Midiyaya yürüşləri dövründən başlayır.

IX–XIII əsrlərdə indiki Rusiya ərazisində güclü mərkəzləşdirilmiş dövlət yox idi. Buna görə də Şimal (Rusiya) ilə Cənub (İran) arasında geosiyasi mübarizə səngimişdi. Lakin  sərhəd bölgələrinə yürüşlər və basqınlar davam edirdi. Bəzi hallarda bu hücumları adi qarətçilik niyyətləri deyil, İslam dünyasının daxilindəki ziddiyyətlər doğururdu.

Sovet tarixçisi L.Qumilyov yazır: “Xəzər dənizinin cənub sahillərində yaşayan deyləmilər 842-ci ildə İslam dinini onun şiə formasında qəbul etdilər. 867-ci ildə onlar Ələvilərin bayrağı altında Abbasilərə qarşı üsyan qaldırdılar. 872-ci ildə Seyid Həsənin başçılıq etdiyi deyləmilər Qurqan vilayətini, eləcə də Qəzvin və Rey şəhərlərini ələ keçirib xilafət üçün real təhlükəyə çevrildilər”. Ehtimala görə, 872–880-ci illər arasında Xəzər xaqanının vassalları olan Skandinaviya vikinqləri Deyləmin sahillərinə hücum edib qətl və qarətə başladılar. İbn İsfəndiyar bu barədə qısa bir məlumat verir: “Seyid Həsən onların hamısını qılıncdan keçirdi”.

Haşiyə. 725-ci ildən 1066-cı ilədək Avrasiya məkanında həm dəniz ticarəti ilə məşğul olmuş, həm də sahilyanı yaşayış məntəqələrinə hərbi yürüşlər təşkil etmiş skandinaviyalılar özlərini vikinq adlandırırdılar. Ərəblər və digər müasirləri vikinqlərin fiziki gücünü, boylarının ucalığını, bədənlərinin möhkəmliyini, silahlarının keyfiyyətini, döyüş zamanı qorxmaz və amansız olduqlarını xüsusi qeyd etmişlər. Onlar hücuma keçəndə inadla döyüşür, müdafiə olunanda isə sonadək vuruşur, savaş meydanından qaçmırdılar.

862-ci ildə danimarkalı konunq (knyaz) Hrörek (rus tarixşünaslığında Ryurik) şərqi slavyanları özünə tabe etdi. 879-cu ildə o, öldü və hakimiyyət başına oğlu İnqvar (rus tarixşünaslığında İqor), əslində isə, İnqvarın regenti Helqi (rus tarixşünaslığında Oleq) keçdi. Qədim rus salnamələrinə görə, Helqi 912-ci ildə, İnqvar isə 945-ci ildə həlak olmuşdur. Belə bir rəvayət var ki, Helqini zəhərli ilan çalıb öldürmüş, İnqvar isə drevlyanlar (slavyan tayfası) tərəfindən qətlə yetirilmişdir. Amma maraqlıdır ki, hər üç knyazın – həm Hrörekin (879-cu il), həm Helqinin (912-ci il), həm də İnqvarın (945-ci il) ölüm tarixləri vikinqlərin Azərbaycana uğursuz yürüşlərinin tarixləri (872–880-ci, 913-cü və 944-cü illər) ilə üst-üstə düşür.

Kiyev Rus dövlətini qurmuş vikinqlər 862-ci ildən 965-ci ilədək xəzərlərdən asılı olmuşlar. Həmin ildə İnqvarın oğlu Svietoslav (rus tarixşünaslığında Svyatoslav) Xəzəristana hücum etmiş, qəfil zərbədən özünə gələ bilməyən Xəzər xaqanlığı süquta uğramışdır.

Seyid Həsənin vikinqlər üzərində zəfərindən sonra Ələvilərlə mübarizəni Abbasi xəlifəsinin formal vassalı olan Xorasan əmiri İsmayıl Samani davam etdirdi. L.Qumilyov: “900-cü ildə baş vermiş döyüşdə o, şiələrə qalib gəldi (Seyid Həsən savaş meydanında həlak oldu). Deyləmilər Xəzər sahillərindəki dağlıq ərazilərə çəkildilər və silahlı mübarizəni dayandırmadılar. Samanilər onlara həlledici zərbəni vurub müharibənin taleyini birdəfəlik həll edə bilmirdilər. Çünki Samani dövlətinin gəmiləri yox idi. Deyləmi təhlükəsi isə hələ də sovuşmamışdı. Məhz belə bir zamanda Xəzər dənizində yenidən vikinqlərin gəmiləri göründü. 909–910-cu illərdə deyləmilərlə vikinqlər arasında növbəti toqquşmalar baş verdi”. İbn İsfəndiyar qeyd edir ki, “deyləmilər gecə sahilə gəlib gəmiləri yandırdılar, quruda olan vikinqləri qətlə yetirdilər. Xilas olub geri çəkilənləri isə yolda Şirvanşahın adamları öldürdülər. Beləliklə, onlardan bir nəfər də sağ qalmadı”. Skandinaviyalılar məğlub olsalar da, müharibənin əsas mərhələsi hələ qabaqda idi.

913-cü ildə Seyid Utruş adlı əmirin rəhbərliyi altında birləşmiş deyləmilər xəlifənin müttəfiqlərinin və tərəfdarlarının hərbi qüvvələrini həm Deyləmin, həm də Təbəristanın bütün məntəqələrindən vurub çıxardılar. Deyləmi hərəkatı yenidən güclənməyə başladı. Elə həmin ildə vikinqlərin Xəzəryanı ərazilərə ən irimiqyaslı hücumu həyata keçirildi. Bu artıq təsadüfə, adi qarətçilik yürüşünə bənzəmirdi. Hər birində təxminən 100 döyüşçü olan 500 “drakar” (vikinqlərin döyüş gəmisi) Azərbaycanın indiki Lənkəran və Astara rayonlarının sahillərinə yaxınlaşdı. Sarı adasını özlərinin əsas bazalarından birinə çevirən skandinaviyalılar sahilyanı yaşayış məntəqələrinə hücum etdilər. Sahilə yaxın kəndlər yandırıldı, sahildən bir qədər aralıda yerləşən məntəqələrə süvari vikinqlərin basqınları başlandı. Lakin aldıqları ilk zərbədən sonra özlərinə gələn müsəlmanlar vətənlərinin və ailələrinin müdafiəsinə qalxdılar. Skandinaviyalılardan daha döyüşkən olan deyləmilər düşmənə şiddətli müqavimət göstərib onun sahilboyu məntəqələrdə möhkəmlənməsinə imkan vermədilər.

Bir neçə ay davam etmiş müharibədə 15 min nəfərə yaxın vikinq öldürüldü. Məğlub olub geri qayıdan skandinaviyalılar Şirvan sahillərindəki yaşayış məntələrinə həmlə edib kişiləri qətlə yetirdilər, qadınları və uşaqları isə əsir aldılar. Bu hadisə xaqanın müsəlman türklərdən ibarət olan qvardiyasını hövsələdən çıxardı. Görünür, vikinqlərin başçısı yürüşdən əvvəl Xəzər xaqanına söz veribmiş ki, onlar Deyləmdən şimalda yaşayan müsəlmanlara zərər vurmayacaqlar. Türk qvardiyaçıları Bakıda və Şirvanda öldürülmüş müsəlmanların qisasını almaq şüarı altında vikinqlərlə savaşa girdilər. Müsəlman türklərin və onlara qoşulmuş yerli xristianların sayı 15–20 min nəfər, vikinqlərin sayı isə 35 min nəfər olsa da, türklər düşməni darmadağın etdilər. 30 min skandinaviyalı da bu savaşda həlak oldu. Döyüş meydanından sağ çıxa bilmiş 5 min vikinqi isə İtil (Volqa) çayının sahillərində bulqar türkləri və burtaslar qətlə yetirdilər. Xəzər mənbəsinin məlumatına əsasən, 913-cü il yürüşü zamanı vikinqlərin rəhbəri Helgü də öldürüldü. Həmin il skandinaviyalılar üçün əsl fəlakət ili oldu.

Vikinqlərlə deyləmilər arasında müharibələrin səbəbinə gəlincə, L.Qumilyov yazır: “872-ci ildə Qəzvin və Rey şəhərlərinin deyləmilərin əlinə keçməsi xəzər yəhudilərini (iudaizm dinini qəbul etmiş xəzər türklərini) əlverişli karvan yolundan məhrum etdiyinə görə Xəzəristanın yəhudi çarı (iudaizmi qəbul etmiş türk bəyi) məcbur idi ki, şiələrlə müharibəyə başlasın”. Lakin məsələ burasındadır ki, L.Qumilyovun fərziyyəsi yalnız 872–880-ci illər arasında baş vermiş müharibənin məqsədini izah edə bilər. Çünki Samani ordusu sözügedən şəhərləri hələ 900-cü ildə geri almış və beləliklə, bölgədə 872-ci ildən əvvəlki şərait bərqərar edilmişdi. Bu isə o deməkdir ki, 913-cü il müharibəsinin, böyük ehtimalla, başqa bir motivi olmuşdur.

Natiq Rəhimovun “İslam tarixi” əsərində göstərilir ki, “Abbasilər və Samanilər Deyləmdən Azərbaycana, buradan isə Dağıstana keçərək şimala istiqamətlənən ticarət yolunun zəifləyib iflic vəziyyətinə düşməsində və əksinə, Xarəzmdən Xəzər dənizinin şərq sahillərinə, oradan isə dəniz vasitəsi ilə şimala doğru uzanan marşrutun inkişaf etdirilməsində maraqlı idilər”. Aydındır ki, Abbasi xəlifəsi və Samanilər deyləmilərin gəlir mənbələrini kəsmək istəyirdilər. Hər bir ordu üçün vacib olan iki məsələ vardır: ideologiya və pul. Əgər deyləmi əmirləri öz döyüşçülərinə maaş verə bilməsəydilər, onlar tərəfindən törədiləcək qarətlərə və digər cinayətlərə göz yummalı olacaqdılar. Maaş ödəməməklə yanaşı, soyğunçuluğa da icazə verməsəydilər hərbçilərin əksəriyyətini döyüşmək stimulundan məhrum edəcəkdilər. Əmirlər talançılığa müvəqqəti bir hal kimi də yanaşa bilməzdilər. Çünki onlar anlamalı idilər ki, qarətlə dolanan əsgər əvvəl-axır quldura, soyğunçuluqla məşğul olan ordu isə gec-tez quldur dəstəsinə dönərək əhalinin nəzərində hörmətini və legitimliyini itirir. Quldur dəstəsi ilə mübarizə aparmaq isə orduya qarşı döyüşməkdən daha asandır. Beləliklə, Abbasilər və Samanilər yüksək motivasiyalı deyləmi döyüşçülərini adi quldurlara çevirmək istəyirdilər. Lakin deyləmi əmirləri quldurbaşı olmaq fikrində deyildilər. Onların plan və niyyətləri daha mürəkkəb idi.

Tarixçi Fərda Əsədovun fikrincə, “xəzərlərin qüdrətli vaxtlarında, ticarət yollarına nəzarət edə bildikləri zamanlarda hər iki marşrut onlar üçün eyni dərəcədə  əhəmiyyətli olmuşdur. IX əsrin sonu, X əsrin birinci yarısında isə, ticarət yollarına nəzarət zəifləmişdi. Xüsusi ilə Xarəzmdən keçən ikinci marşrut xəzərlərin əlindən getmək üzrə idi”.

Qeyd olunanları nəzərə alaraq bu qənaətə gələ bilərik ki, deyləmilər onlara gəlir gətirən birinci ticarət yolunu heç bir halda bağlamazdılar. Deməli, məntiqlə, 913-cü il müharibəsi xəzərlərə də lazım deyildi. Belə görünür ki, Xəzər çarının Deyləm şiələri ilə savaşa başlamaq üçün, əslində, aydın bir bəhanəsi olmamışdır. Bəs həmin yürüşün əsl səbəbi nə idi? Bu sualın mümkün cavabı bəhsimizin sonundadır.

944-cü ildə vikinqlərin Azərbaycana növbəti yürüşü baş verdi. Həmin vaxt Azərbaycanı Deyləmdən olan Salarilər sülaləsi idarə edirdi. Bu sülalənin digər adı Kəngərilər idi. Ehtimala görə, konunq İnqvarın başçılıq etdiyi, təxminən 3–4 min vikinq gəmilərlə Xəzər dənizindən Kür çayına keçib ölkənin içərilərinə doğru üzdü. Onların hədəfi Bərdə idi. Şəhər 300 nəfəri deyləmi olan 600 hərbçi tərəfindən qorunurdu. Düşmənin yaxınlaşması barədə xəbər alınan kimi qarnizonun döyüşçüləri və 5 min könüllü “çağrılmamış qonaqları” qarşılamağa çıxdı. Amma qeyri-nizami dəstələr vikinqlərin ilk həmləsi qarşısında duruş gətirməyib qaçdılar. Yalnız deyləmi döyüşçüləri sonadək vuruşub həlak oldular. Vikinqlər Bərdəni tutduqdan sonra şəhər camaatına belə bir qəribə müraciət etdilər:

“Sizinlə bizim aramızda heç bir dini problem yoxdur. Bizim borcumuz sizi yaxşı idarə etmək, sizin borcunuz isə itaətkar olmaqdır”.

İlk vaxtlarda vikinqlər sakinləri incitmirdilər. Amma Salari qoşunları ilə müntəzəm döyüşlər başladıqda bərdəlilər küçələrə tökülüşüb “Allahu-akbar” qışqıraraq vikinqlərə daş atmağa başladılar. Skandinaviyalılar bərdəlilərə növbəti dəfə müraciət etdilər:

“Özünüzü düşünün və bizimlə hakimiyyətiniz arasında münasibətlərə qarışmayın!”.

Amma müsəlmanlar bu xəbərdarlığı da qulaqardına vurdular. Belə olduqda vikinqlər onlara ailələri ilə birlikdə şəhəri tərk etmələri üçün üç gün vaxt verdilər. Dördüncü gün şimallılar Bərdədə qalmış dinc əhalinin çox hissəsini qətlə yetirib evləri yağmaladılar. Şəhər təxminən altı ay və ya bir il onların əlində qaldı. Deyləmi hökmdarı Mərzban ibn Muhəmməd böyük qoşunla gəlib vikinqləri mühasirəyə aldı. Xeyli döyüşçü itirdikdən sonra skandinaviyalılar gecələrin birində Bərdədən çıxaraq salamat qalmış gəmilərinə minib gözdən itdilər.

  • Sözügedən dövrün hadisələrini təsvir edən Skandinaviya saqalarında deyilir ki, konunq İnqvar (İqor) Serklanda (İslam ölkələrinə) yürüş etmiş və orada həlak olmuşdur;
  • Xəzər mənbəsinin məlumatına görə, “vikinqlərin Helgü adlı çarı (konungu) 940-cı və ya 941-ci ildə Xəzər xaqanının əmri ilə Bizansa yürüş etmiş, lakin Konstantinopol (indiki İstanbul) ətrafında ağır məğlubiyyətə uğradıqdan sonra İrana yola düşmüş və orada öldürülmüşdür. Onunla birlikdə döyüşçüləri də qətlə yetirilmişlər”;
  • Ibn Miskəveyh yazır ki, “döyüşlərin birində deyləmilər yalandan geri çəkilərək düşməni pusquya salmış, orada vikinqlərin başçısını və onun 700 adamını məhv etmişdilər”;
  • Qədim rus salnaməsinə əsasən, Kiyev Rusunun vikinq (rus tarixşünaslığında varyaq) konunqu İnqvarın (knyaz İqorun) 941-ci ildə Konstantinopola yürüşü uğursuz olmuşdur. Konunq İnqvarın ölüm tarixi isə rus mənbələrinə görə, 945-ci ildir.

Beləliklə, aydın olur ki, xəzərlərin Helgü, rusların isə İqor adlandırdıqları şəxs Kiyev Rusunun üçüncü vikinq konunqu İnqvardır və o, 944-cü və ya 945-ci ildə Azərbaycanda həlak olmuşdur. Görünür, mühasirəni yardıqdan sonra Kür çayı ilə hərəkət edən vikinqlər hansısa səbəbə görə sahilə çıxmış və orada deyləmilərin, yaxud digər döyüşçülərin hücumuna məruz qalıb qətlə yetirilmişdilər.

Haşiyə. Xəzər müəllifinin vikinqlərin rəhbərini Helgü adlandırması ziddiyyətli görünməməlidir. Bəzi tarixçilər hesab edirlər ki, qədim skandinav dilində “müqəddəs” anlamını ifadə edən “helqi” sözü, əslində, konunq İnqvarın ləqəbi və ya titulu olmuşdur. Həmin söz bir neçə digər konunqun da adının əvvəlində və ya sonunda vardır. Zənnimizcə, monqol dilində “cəngavər” mənasını verən, ərəb dilində isə motivasiya və davranışı bildirən “xuluq” sözləri ilə qədim skandinav dilindəki “helqi” sözünün mənşəyi eynidir. Ərəb dilindəki “xuluq” sözünün cəmi Azərbaycan dilində də işlənən “əxlaq” sözüdür. Yeri gəlmişkən, e.ə. 95-85-ci illərdə hökmdarlıq etmiş hun şanyuyunun (xaqanının) adı Huluqu, Çingiz xanın nəvəsinin – Elxanilər dövlətinin qurucusunun adı isə Xülegü idi. Amma ola bilsin ki, bunlar təsadüfi bənzərliklərdir.

944-cü il yürüşünün digər maraqlı cəhəti odur ki, həmin yürüş ərəfəsində Salarilər Abbasi xəlifəsinin fəal  surətdə dəstəklədiyi Həmdanilər dövləti ilə şiddətli mübarizə aparırdılar. Beləliklə, vikinqlərin bu yürüşü də, əslində, Ərəb xilafətinin düşmənlərinə qarşı yönəlmişdi. Yeri gəlmişkən, Həmdanilər də deyləmilər kimi şiə idilər. Amma bu onların sünni Abbasilərlə birləşib şiə deyləmilərlə savaşmalarına mane olmurdu.

Haşiyə. XIV əsrin müəllifi ibn Xəldun Bərdəyə yürüş etmiş vikinqlər haqqında yazır: “Onlar, yəni ruslar Azərbaycanla sərhəddə yerləşən torpaqlarda yaşayan türk xalqıdır”. Bizans mənbələrinə görə, “ruslar skif xalqlarından biridir”. Ibn Fədlanın qədim ruslar barəsində yazdıqlarını oxuduqda isə onların tipik skandinaviyalı olduqları qənaətinə gələ bilərik.

Qeyd etmək lazımdır ki, IX–X əsrlərdə “rus” etnonimi indiki rusların əcdadlarına deyil, skandinaviyalıların bir hissəsinə aid idi. Bugün də finn və eston dillərində İsveç müvafiq olaraq “Ruotsi” və “Rootsi”, İsveç dili isə “ruotsin kieli” və “Rootsi keel” adlanır.

945-ci ildə deyləmilərin digər sülaləsi olan Buveyhilər Bağdadı ələ keçirib Abbasi xəlifəsini özlərindən asılı vəziyyətə saldılar. Həmin ildən Xəzər xaqanlığının süquta uğradığı 965-ci ilədək vikinqlər Azərbaycana yürüş etmədilər. L.Qumilyov bunu belə izah edir: “Abbasi xəlifəsi deyləmilərin nəzarəti altında olduğuna görə Xəzər xaqanından yeni yürüşlərin təşkil olunmasını xahiş edə bilmirdi”.

Birmənalı şəkildə iddia emək üçün əsasımız olmasa da, göstərilənləri nəzərə alaraq belə bir fərziyyə irəli sürə bilərik ki, vikinqlərin 913-cü və 944-cü il yürüşləri Abbasi xəlifələri ilə Xəzər çarları arasında gizli razılaşmaların nəticəsi idi. Bəlkə də Abbasilər və Samanilər böyük rüşvət müqabilində xəzər əyanlarını Xəzər dövlətinin öz maraqlarına zidd olan bir addım atmağa – vikinq donanmasını Deyləmə, sonra isə Salarilərin üzərinə göndərməyə razı salmışdılar. Amma bu hadisələr Abbasilərin İslam dünyasına son xəyanətləri deyildi.

Haşiyə. 945-ci ildən 1055-ci ilədək xilafəti deyləmilərin Buveyh xanədanı idarə etmişdir. Lakin deyləmilər Abbasilər sülaləsini formal olaraq tanıyıb onu xilafət kürsüsündən salmamışdılar. Bəzi mənbələrə görə, Bağdad şəhərində ilk Aşura mərasimləri məhz Buveyhilərin zamanında keçirilmişdir. Ümumiyyətlə isə deyləmilər müxtəlif məzhəblərə qarşı kifayət qədər dözümlü münasibət nümayiş etdirsələr də, İslam dininin Şiə qanadının Keysaniyyə məzhəbinin bir qolu olan xürrəmilərlə inadlı mübarizə aparmışdılar. Əbu Əli Miskəveyh yazır: “Əli ibn Buveyh xürrəmilərin əlində olan Kərəc şəhərinin ətrafındakı qalaları 933-cü ildə fəth etdi. 970–971-ci illərdə isə deyləmilər İran körfəzinin sularında və adalarda xürrəmilərlə mübarizə aparıb onlara qalib gəldilər”. Qeyd etmək lazımdır ki, Kərəc şəhəri Tehran şəhərindən 20 km qərbdə, Əlburz dağının ətəklərində yerləşir, əhalisi əsasən azərbaycanlılardan ibarətdir.

P.S. Deyləmilərin etnik mənşəyinə gəlincə, sözsüz ki, onlar bugün Xəzər dənizinin cənub sahillərində yaşayan həm irandilli, həm də türkdilli insanların əcdadlarıdır. Zənnimizcə, deyləmilərin hamısını birmənalı olaraq irandilli və ya türkdilli elan etmək düzgün deyil. Görünür, deyləmi ittifaqında həm irandilli (məsələn, Buveyhilər), həm də türkdilli qəbilələr iştirak etmişlər. Belə ki, deyləmilərin ən məşhur sülalələrindən birinin adı Kəngəri və ya Salari idi. Hər iki ad qədim türk tayfalarına – kəngərlərə və salarlara aiddir. X əsrdə salarlar Deyləmə yaxın ərazilərdə yaşamışlar. Salar tayfasının iki ən böyük qolunun biri ağman, digəri isə qaraman adlanırdı.

Haşiyə. Yunan tarixçisi Deakon yazır: “Bizans imperatoru İohann I Tzimiskes konunq İnqvarın oğlu konunq Svietoslava məktubunda ona xatırlatmışdı ki, İnqvar Bizansla uğursuz müharibədən sonra hansısa germanların üzərinə yürüş etmiş, lakin yenə də məğlub olaraq əsir düşmüşdü. Onun ayaqlarını tarım dartılmış iki ağaca bağlayıb, sonra ağacları buraxaraq konunqu iki yerə parçalamışdılar (cərcənək etmişdilər)”. İmperatorun haqqında məlumat verdiyi həmin germanların hansı xalq olduğu indiyədək müəyyən edilməmişdir. Ehtimala görə, yunan tarixçiləri onlara tanış olmayan “drevlyan” sözünü səhvən “german” kimi anlamışdılar. Amma drevlyan və german adları bir-birinə bənzəmədiyi üçün bu fikir inandırıcı görünmür. Zənnimizcə, məktubda adı çəkilən “german” xalqı konunq İnqvara qalib gəlmiş deyləmi əmiri Mərzban ibn Muhəmmədin mənsub olduğu salar tayfasının qaraman boyudur. Salar tayfasının ən böyük qolu qaraman nəsli olduğuna görə bu iki ad çox vaxt eyni məfhumu ifadə etmiş, salar deyiləndə qaraman, qaraman deyiləndə salar başa düşülmüşdür. Salquri (1148–1282) və Qaraman (1250–1487) dövlətləri bu tayfa tərəfindən qurulmuşdur. Anadoluda türk dilinə rəsmi dövlət dili statusu ilk dəfə Qaraman bəyliyində verilmişdir.

Parfiya imperiyasının sonuncu hökmdarının adı Salar Ərdaban Ərsaki (214–224) olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanının əsas qəhrəmanlarından biri Salur Qazandır. Orta əsrlərdə qoşun başçısına, sərkərdəyə də bəzən salar deyilirdi. Bugün salarlar əsasən Türkiyədə, Türkmənistanda və Çində yaşayırlar. Onlar Çinə Türkmənistandan köçmüşlər. Çin salarları bu ölkədə baş vermiş bütün müsəlman üsyanlarında fəal iştirak etmişlər. 1958-ci ildə sayları 100 min nəfərdən çox olmayan salarlar Çin dövətinə qarşı üsyan qaldırıb kommunistlərə şiddətli müqavimət göstərmişdilər. Onların rəhbəri Han Yimu öz döyüşçülərinə deyirmiş: “Bu gün Xunhua, sabah Lanzhou, birisi gün Pekin”. Salar üsyançıları inanırdılar ki, Çini üç günə fəth edəcəklər. Amma bu kiçik türk tayfasının fədakarlığına baxmayaraq böyük Çin ordusu üsyanı amansızlıqla yatırır. Han Yimunu əsir alıb Pekinə aparırlar. O, yolboyu seyr etdiklərindən  heyrətə gəlib bildirir: “Bu çinlilərin sayı bizim yakların (camışların) sayından dəfələrlə çoxdur”. Han Yimu Çinin nəhəng və gücü bir dövlət oluğunu indi anlamışdı.           

Qeyd etmək lazımdır ki, İmam Hüseynlə birlikdə Kərbəlada şəhid olmuş Əsləm ibn Əmr məhz türkdilli deyləmilərdən olmuşdur. Ona Əsləm ibn Əmr Türki də deyirmişlər. Əvvəl İmam Həsənə, sonra isə İmam Hüseynə xidmət etmiş Əsləm çox mahir ox atan, nizə və qılınc vuran olmaqla yanaşı, həm də yüksək ədəbə və əxlaqa malik bir şəxs idi. Türkdilli olduğu üçün ərəb dilində ləhcə ilə danışırmış. Kərbəla günü düşmənin qarşısına çıxıb onları əvvəlcə türk dilində hədələmiş, sonra isə ərəb dilində aşağıdakı rəcəzi oxuyaraq döyüşə girib şəhid olmuşdur.

Nizə zərbələrimdən dəryalar coşar,

Atdığım oxlardan göylər qaralar,

Qılıncım əlimdə parlayan kimi,

Kibrli paxılın (şeytanın) qəlbi yarılar.

            Şeyx Abbas Qumi yazır ki, “İmam Hüseyn Əsləm ibn Əmr Türkinin cənazəsinə yaxınlaşıb onun yanında əyləşdi. Sonra isə əyilib üzünü şəhidin üzünə dayadı və bununla da igid türk (və ya deyləmi) döyüşçüsünə məhəbbətini bildirdi. Halbuki O, (İmam Hüseyn) öz silahdaşlarının heç birinə belə ehtiram göstərməmişdi”.

İstifadə olunmuş ədəbiyyat:

  • Ибн Мискавейх. «Книга испытаний народов». http://www.vostlit.info/Texts/rus13/Ibn_Miskawaich/frametext1.htm
  • «Книга деяний Ардашира сына Папака». Москва–1987.
  • Лев Гумилев. «Открытие Хазарии». Москва–2008.
  • Лев Гумилев. «Трагедия на Каспии в X веке и Повесть временных лет». Москва–1988.
  • Мухаммад ибн Абд аль-Карим аш-Шахрастани. «Книга о религиях и сектах». Москва–1999.
  • Fərda Əsədov. “Xəzərlər və Azərbaycan”. Bakı–2018.
  • Natiq Rəhimov. “İslam tarixi”. 2005.
  • Səid Nəfisi. “Babək”. Bakı–1990.

Etikxeber.az

Read Previous

“Qlobal “Koronageyt”. Pandemiya- COVID-19 dövründə istefalar, yüksək vəzifəsini itirən rəsmilər. Dünyada və Azərbaycanda fərqli qavrama”-TAHİRƏ ALLAHYAROVA

Read Next

“İnformasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik?…Ziyalılarımızın təbliğat məsələsindəki aktivliyi arzuolunan səviyyədə deyil…”-RAMİZ MEHDİYEV YENİ YAZI İLƏ ÇIXIŞ ETDİ, KİV-LƏRİ, REDAKTORLARI, ZİYALILARI, TARİXÇİLƏRİ “TOPA” TUTDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir