Goranboy və Mingəçevirin icra başçıları-ŞƏHİD QARDAŞLAR – MUSA VƏ TURAL HƏSƏNOVLARIN AİLƏSİNİ ZİYARƏT ETDİLƏR… – FOTOLAR – YENİLƏNİB

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və İcra Hakimiyyətinin bir qrup məsul işçisi Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şəhid qardaşlar-Tural və Musa Həsənovların ailəsini ziyarət edib.

Etikxeber.az-ın xəbərinə görə, ziyarət-görüşə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Mingəçevirin digər məsul şəxsləri də qatılıblar.

Goranboy və Mingəçevirin icra başçıları Şəhid qardaşlar-Musa və Tural Həsənovların valideynləri Nəhayət və Tapdıq Həsənovlar, Şəhidlərin həyat yoldaşları və övladları ilə görüşüblər.

Ziyarət-görüş zamanı icra başçıları bir daha Şəhid qardaşların valideynlərinə başsağlığı verib, Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr və dözüm diləyiblər.

Bildiriblər ki, həm Şəhid qardaşlar, həm də onların valideynləri Azərbaycan xalqının Qəhrəman övladlarıdır, onlarla hər zaman Qürur duyulmalı, Fəxr edilməlidir.

Şəhidlərin valideynləri, ailə üzvləri də ziyarət-görüş üçün həm Goranboyun, həm də Mingəçevirin icra başçısına minnətdarlıqlarını ifadə ediblər.

12:16

***

Qeyd edək ki, ziyarət-görüşdə Mingəçevirdə yaşamış digər Şəhid qardaşların-Əli və İslam Əhmədovların anası Sevinc xanım da iştirak edib.

İcra başçıları öz növbəsində iki övladını Şəhid vermiş Sevinc xanıma da başsağlığı verib, səbr diləyiblər.

Qeyd ediblər ki, həm Tural və Musa Həsənovlar, həm Əli və İslam Əhmədovlar Azərbaycan xalqı və dövləti var olduqca, onlar da var olacaq, onlar da mənən, ruhən bizlərlə yaşayacaqlar.

Görüş zamanı sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Şəhid qardaşlar-Musa və Tural Həsənovların anası Nəhayət xanıma Quran qabı hədiyyə edib.

Ziyarətdə həmçinin Goranboy rayonunun axundu Anar Orucov iştirak edib.

Qeyd edək ki, Şəhid qardaşlar-Musa Tural Həsənovlar hər ikisi İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak ediblər.

Musanın nəşi 35 gündən, Turalın nəşi isə 69 gündən sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid qardaşlar Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub.

Hər iki qardaş ailəli, hər ikisi də iki övlad atası olub.

Şəhid Musa Həsənovun qızı İnci isə bir müddət öncə-bir yaşında xəstəlikdən dünyasını dəyişib.

Şəhidlərin valideynləri-anaları Nəhayət xanım Goranboyun Qızılhacılı (Ballıqaya), ataları Tapdıq kişi isə əslən Ağdamın Çəmənli kəndindəndir.

Həmçinin, Şəhid qardaşlar – hərbçi-MAXE-lər Əli və İslam Əhmədovlar İkinci Vətən Müharibəsinin iştirakçılarından və Şəhidlərindəndir.

Hər ikisi də eyni gündə Şəhid olub və eyni gündə, sentyabrın 28-ində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunublar.

Hər iki qardaş subay olub.

Onlar da ölümlərindən sonra medallarla təltif ediliblər.

Şəhid qardaşların-Əli və İslam Əhmədovların anası Sevinc xanım da əslən Goranboydan, Eyvazalılar kəndindəndir.

Görüş-ziyarət təxminən iki saat çəkib.

Allah Şəhidlərimizin məkanlarını cənnətlik etsin, ailələrinə səbr versin!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Neftçi”-“Olimpiakos”- 0:1 – “Neftçi” mübarizəni UEFA Avropa Liqasında-DAVAM ETDİRƏCƏK – YENİLƏNİB – (1)

Read Next

Prezident Səhiyyə Nazirliyinə-600 MİN MANAT AYIRDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir