Goranboyda korrupsiya faktları aşkarlandı və…

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin 9 aylıq hesabat dövründə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan, ehtiyat fondlarından və yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Goranboy rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Etikxeber.az-ın məlumatına görə, audit 4 qurumda həyata keçirilib və ümumilikdə 7213,6 min manat məbləğində vəsait əhatə olunub.

Sənəddə qeyd edilib ki, Goranboy rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, gəlir və xərcləri müəyyənləşdirilərkən qeyri yaşayış sahəsi üzrə istismar yığımı nəzərə alınmamış, mənzil fondunun hər kvadratmetrə düşən xərclər araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablamalar aparılmayıb, bir sıra hallarda vəsaitlərin təyinatı dəyişdirilməklə icra edilib. Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, artıq ştat saxlanılması hallarına yol verilib. Müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsində nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin ödənişinə yönəldilib. Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi, işlərin həcminin və dəyərinin artırılması, vergi və satınalmalar üzrə qanunvericiliyin, habelə əmək məcəlləsinin tələblərinin gözlənilməməsi nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib.

Qeyd olunanlarla yanaşı bəzi hallarda “Tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın, “Büdcə sistemi haqqında” qanunun, “Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı”nın, “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında Təlimat”ın və “Büdcədən maliyyələşən kredit sərəncamçıları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin xəzinə uçotu haqqında Təlimat”ın  tələblərinə riayət edilməyib. Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, öhdəliyə qəbul olunmayan köhnə borcun ödənilməsi halına yol verilib. Bir halda debitor borcu əsassız silinib, hesabat dövründə ödəniş növbəliliyi gözlənilmədiyindən auditlə əhatə olunan dövrdə kreditor borcu artıb.

Hesablama Palatasının Kollegiyası Goranboy rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti  və müvafiq təqdimat Goranboy rayon İcra Hakimiyyətinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Etikxeber.az

Read Previous

MN: Ermənistanın itkilərinin sayı bu ay 10 nəfəri keçib

Read Next

Meksika “Trampın səddi” üçün pul ödəməyəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir