Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Nağıyevin Anım Günündə-MƏZARI ZİYARƏT OLUNACAQ, ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLACAQ, ANIM MƏRASİMİ DÜZƏNLƏNƏCƏK…

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Əmirastan oğlu Nağıyevin Anım Günüdür.

Vüsal Nağıyevin bu gün Əbədiyyətə uğurlandığı, torpağa tapşırıldığı gündür.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Qızılhacılı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq.

Məzarını ziyarətdən sonra Buzluq kəndində adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Açılışda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək.

Açılış mərasimindən sonra isə Şəhidin ailəsinin-valideynlərinin yaşadığı Buzluq kəndində adına ehsan süfrəsi açılacaq.

Məzarını ziyarətdə, “Şəhid bulağı”nın açılışında və ehsan süfrəsində Şəhidin ailə üzvləri, Goranboylu və Naftalanlı Şəhid ailələri, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az-ın xəbərinə görə, Vüsal Əmirastan oğlu Nağıyev 1990-cı ilin yanvar ayının 10-da Goranboy rayonunun Baş Qışlaq (sonra Buzluqda yaşayıblar) kəndində dünyaya gəlib.

Ailənin 4 övladından, 3 qardaşdan biri idi.

Atası Əmirastan Nağıyev Birinci Qarabağ Savaşının döyüşçülərindən olub.

İllər öncə qardaşı Arzuman Nağıyev gənc yaşlarında-faciləli şəkildə dünyasını dəyişib.

Vüsal Nağıyev Azərbaycan Ordusunun peşəkar hərbçilərindən olub, Gizir rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin ilk günündən, 27 sentyabr tarixindən müharibənin başa çatmasına cəmi 11 gün qalmışa, oktyabrın 30-na kimi, yəni, 33 gün ərzində döyüşlərdə olub.

Kəlbəcər-Murov, Suqovuşan-Ağdərə istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib.

Və oktyabrın 30-da qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Kəndləri-Buzluq cəbhə xəttinə yaxın olduğu üçün nəşi bir gün sonra-31 oktyabr tarixində Goranboyun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Qardaşı-hərbçi Tural Nağıyev də İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Vətənə iki oğul övladı əmanət qalıb.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirəm!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tək övlad, 9 yaşından bibisinin himayəsində böyümüş, “Azərbaycan Bayrağı” ordenli-SAMUXLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİD PƏRVİZ RÜSTƏMOVUN ŞƏHİDLİYİNDƏN 3 İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Əbədiyyətə uğurlanmasından üç il ötən, üç övladı Vətənə əmanət qalan-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NAHİD MİKAYILOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir