- Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına Şəhid olan Azərbaycan Ordusunun hərbçisi, MAXE Elşad Məhəmməd Süleymanovla izdihamlı vida mərasimi keçirilib.
Etikxeber.az xəbər verir ki, bu gün təxminən 10:30 radələrində Şəhidin Azərbaycanın Dövlət bayrağına bürünmüş tabutu-cənazəsi, nəşi Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə, ailəsinin yaşadığı evə gətirilib.
Vida mərasimi zamanı Şəhidin ruhuna dualar oxunub, ailəsinə başsağlığı verilib, Allahdan səbr və dözüm arzulanıb.
Yüzlərlə insanın-Şəhid ailələrinin, Qazilərin, Goranboy rayon rəhbərliyinin, şagird və müəllimlərin, yerli ziyalıların, din xadimlərinin, media mənsublarının qatıldığı vida mərasimindən sonra “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında Şəhidin tabutu-cənazəsi, nəşi Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanına gətirilib.
Bir daha Şəhidin ruhuna dualar edilib.
Sonra Şəhidin nəşi torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən Şəhidin atası Məhəmməd Süleymanova Azərbaycanın Dövlət bayrağı təqdim olunub.
İcra başçısı Şəhidin valideynlərinə, ailə üzvlərinə bir daha başsağlığı verib, onlara bir daha Allahdan səbr və dözüm diləyib.
Övladlarının-Elşad Süleymanovun Vətən yolunda Şəhidlik məqamına ucaldığını, bunun hər bir Goranboylu, hər bir Azərbaycan vətəndaşı üçün Qürur və Fəxr mənbəyi olduğunu dilə gətirib.
“Heç zaman bugünkü kimi təsirlənməmişdim, bugünkü kimi ağır hisslər yaşamamışdım… Çox ağır hisslər keçirirəm…Çox çətindir…Çünki bu, həm də faciədir…”-deyə, icra başçısı sözlərinə əlavə edib.
Şəhidin Əbədiyyətə uğurlanmasından sonra ailəsinin yaşadığı evdə adına ehsan verilib.
Qeyd edək ki, 19 yanvar 1994-cü il təvəllüdlü Elşad Süleymanov ailənin üç övladından biri, evin tək oğlu olub.
2000-2011-ci illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra yenidən evinə-ailəsinə dönüb.
Ailəli, iki övlad atası idi.
Məftun adlı oğlu, Mələk adlı qızı var.
Son illərdə həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, sentyabrın 19-da Şəhidlik məqamına ucalıb.
Nəşi dünən 9 gündən sonra müəyyənləşdirilib və dünən axşam saatlarında Goranboy rayon məscidinə gətirilib.
O, həm də İkinci Vətən Müharibəsi Şəhidi Elman Mehman oğlu Həsənovun sinif yoldaşı olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:







***
















***
SÖZLƏ İFADƏSİ MÜMKÜN OLMAYAN ANLAR…SÖZÜN BİTDİYİ YER…








***



















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az