“Görülən tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq”-TAHİR MİRKİŞİLİ – SAMİR ŞƏRİFOV ÖTƏN İLİN BÜDCƏSİNİN İCRASI HAQQINDA MƏLUMAT VERDİ – YENİLƏNİB – (3)

Milli Məclisin (MM) İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin keçirilən iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunur.

Etikxeber.az-ın məlumatına görə, iclasda komitə üzvləri ilə yanaşı, Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edir.

***

“Şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb”.

Bunu qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, 2019-cu il Azərbaycanda sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb:

“Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib. Ötən il iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb və çevik, ədalətli idarəetmə üçün təşkilati zəmin yaradılıb”.

O, həmçinin qeyd edib ki, 2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb:

“Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq”.

***

“Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar imzaladığı fərmanda qeyri-neft baza kəsiri üzrə müəyyən göstəricilər təsdiq olunub”.

Bunu isə S. Şərifov deyib. 

Onun sözlərinə görə, həmin göstəricilər 2019-cu ildə hədəfə qarşı çox sürətlə icra olunub:

“31,1 faizə qarşı 26,6 faiz təşkil edib. Bu da onun göstəricisidir ki, neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir. Büdcə qaydası da bu məqsədlərə xidmət edir”.

***

Sonra “Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib”-deyən Maliyyə naziri bildirib ki, valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib:

 “Biz tələsmirik. Daha çox gözləmə mövqeyi nümayiş etdiririk. Karantinin müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi. Qeyd etmək istərdim ki, operativ məlumatlarımız göstərir ki, büdcənin icrası ilə bağlı hansısa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi olaraq, kifayət qədər profisit var. Operativ məlumatlara əsasən, bizdə 500 mln. manat profisit yarandığını göstərir”.

Nazir onu da bildirib ki, dövlət büdcəsinə yenidən baxılmasına Maliyyə Nazirliyi tərəfdən müraciət edilməyib.

14:36

***

Nazir həmçinin bildirib ki, ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib.

Nazirin bildirdiyinə görə, “Bakı Metropoliteni” QSC, “Azəristiliktəchizat” ASC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC-yə maliyyə vəsaiti ayrılıb:

“Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ümid edirəm ki, dövlət qurumları bununla əlaqədar əməli tədbirlər görəcək”-ƏMİNƏ AĞAZADƏ

Read Next

“Buradan əlaqədar qurumlara səslənərək, məsələnin qısa zamanda həllinə yardımçı olmalarını xahiş edirəm”-JALƏ ƏLİYEVA ZƏRDAB VƏ UCARIN SU PROBLEMİNİ DİLƏ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir