“Gözəlliklər ölür və bu, çox acınacaqlıdır…” – RAFAEL HÜSEYNOV

Rafael Hüseynov: “Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, həm də Göyçədəki mədəni mühitimizi işğal edib”

Oktyabr ayının ikinci həftəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda baş tutacaq payız sessiyası ərəfəsində qurumun Mədəniyyət, elm, təhsil və media komitəsinin növbəti iclası Gürcüstan paytaxtında keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, təhsil, mədəniyyət və mətbuatın bir sıra aktual problemlərinin müzakirə edildiyi bu toplantıya AŞPA deputatlarından əlavə Gürcüstandan da müxtəlif sahələr üzrə ekspertlər qatılıb.

Ən geniş müzakirələr və maraq doğuran mövzulardan biri “Avropanın qeyri-maddi mədəni irsinin qorunması və gücləndirilmıəsi” olub.

Həm siyasi, həm mədənu baxımdan yetərincə həssas olan həmin məsələ ilə əlaqədar müzakirələrdə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da çıxış edərək, əvvəlcə öəlkəmizin bu sahədə nailiyyətlərindən bəhs edib:

“Mahiyyəti etibarı ilə qeyri-maddi mədəni irs bilavasitə xalqların ruhu ilə bağlı dəyərlər silsiləsidir. Qeyri-maddi irs nümunələri bir xalqın, millətin simasını, özlüyünü müəyyənləşdirən incilərdir. Eyni zamanda ortaq qeyri-maddi irs nümunələri də var ki, doğma, qohum insanlar bir-birinə bənzəyən kimi belə nümunələr də məhz xalqlar arasındakı yaxınlığın, bənzərliyin, tarixi ortaqlığın göstəricisidir.  Bu baxımdan mənim ölkəm Azərbaycan çox zəngindir. Artıq Azərbaycanın UNESCO-da rəsmən qeydiyyatdan keçmiş 11 qeyri-maddi irs nümunəsi var. Bu sırada Azərbaycan muğamı və aşıq sənəti, Azərbaycan tar ifaçılığı və çövkan oyunu, Novruz bayramı və Lahıc misgərliyi, lavaş ənənəsi və kəlağayı mədəniyyəti və digərlərini qeyd etmək olar. Daha bir neçə əhəmiyyətli qeyri-maddi irs nümunəsi isə qeydəalma prosesindədir. Bötövlükdə isə Azərbaycanın gələcəkdə UNESCO siyahılarında yer almalı onlarca dəyərli qeyri-maddi irs örnəkləri mövcuddur”.

rafael-aspa-1

Daha sonra akademik  avropalı deputatların diqqətini Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə yönəldərək bunun bir çox başqa sahələrə olduğu kimi mədəniyyətə, konkret olaraq qeyri-maddi mədəni irsə vurduğu ağır zərbələrdən danışıb:

“Bu gün Avropa Şurasının qeyri-maddi mədəni irsi qorumaq və gücləndirmək üçün səyləri birləşdirməyə çağırdığı əsnada mən son dərəcə narahatedici və kədərli bir məqama da diqqət yönəlməyi vacib hesab edirəm. Dünyada və Avropada qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. Bunun nə qədər ağır faciə olduğunu gündəlik müşahidələrim əsasında öz xalqımın taleyindən bütün acısı ilə dərindən bilirəm. 300 mindən artıq azərbaycanlı artıq 30 ildir ki, Ermənistan ərazisində tarixən yaşadığı torpaqlardan deportasiya edilib. Bununla da Ermənistan hələ Azərbaycan ərazilərini zəb etməzdən daha əvvəl Göyçə mahalındakı Azərbaycan mədəni mühitini işğal edib.  1990-cı illərin əvvəllərindən  isə 700 minə yaxın insan yenə təcavüzkar Ermənistan və onlara dəstək verən qüvvələr tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı daha 5 Azərbaycan rayonundan zorla çıxarılaraq öz vətənində məcburi köçkünə çevrilib. Bu gün yüz minlərlə belə müdhiş həyat yaşayan insan ortaq evimiz olan Avropanın başqa ölkələrində də var. Insan öz doğulub böyüdüyü mühitdən uzun illər boyu ayrı düşəndə axı həm də onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən aşınmaya uğrayır, dağılır, unudulur, məhv olur. Fəlsəfəsi etibarı ilə isə bu, təcavüzkarların elə insanlığa qarşı cinayət törətməsi deməkdir”.

raffael

Nitqinə yekun olaraq R.Hüseynov həm Avropa Şurasını, həm UNESCO-nu qeyri-maddi irsi daha səylə qorumağa, ona xələl gətirməyə, məhv etməyə  yönəlmiş fəsadların qarşısını almağa çağırıb:

“Düşünürəm ki, Avropa Şurası və ilk növbədə UNESCO hərbi münaqişələr nəticəsində zədələnək, itmək, yox olmaq təhlükəsi ilə qarşı-qaşıya qalan qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişaf etdirilməsi istiqamətində ciddi və miqyaslı iş apamalıdır.  İndi dünyada çoxlu ölü və ölüb getməkdə olan dillər var. Hansısa tayfalar, xalqlar yaşayır, tükənib yox olur, onların dilləri də beləcə ömrünü başa vurur. Lakin münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar ömrünü hər halda davam etdirir. Onlar sadəcə vaxtilə Ermənistanda, öz tarixi torpaqlarında, Göyçə mahalında yaşamış azərbaycanlılar kimi doğma mədəni mühitlərini itirirlər. Qaçqına çevrilən insanların hərəsi müxtəlif yerlərdə sığınacaq tadığından onarın bir-biri ilə təmasları qırılır. Bu minvalla tərdicən ortaq mühitdə, onların daim sıx ünsiyyətdə olduğu məkanda mövcud olan qeyri-maddi mədəni irs nümunələri də yoxluğa qovuşur. Elə həmin ömrünü başa vuran dillər kimi ölür. Gözəlliklər ölür və bu, çox acınacaqlıdır.  Ona gərə də yaşamaq haqqı olan belə inciləri qorumaq, onlara qarşı olan təcavüzlərə son qoymaq mötəbər beynəlxalq təşkilatların ali vəzifəsi və borcudur”.

KAMİL

Etikxeber.az

Read Previous

“Bu, bizdən daha çox, onların xeyrinə olardı…” – GÖVHƏR BAXŞƏLİYEVA

Read Next

Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır – MEHRİBAN ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir