Gözlər önündə çürüyən, çürüdülən Vətən sevdalısı…APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI FİRUDİN NƏCƏFOVA KÖMƏK ƏLİ UZADAN, YARDIM EDƏN OLACAQMI? – FOTO-VİDEO

Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçılarından, İgidlərindən, Vətən sevdalılarından olan 25 yaşlı, Şəhid Fəxri Qəbirbazdənin adını daşıyan 3 aylıq oğul atası, iki (əslində üç-birini hələ təqdim etməyiblər) medallı, 25 yaşlı Firudin Amid oğlu Nəcəfov…

Firudin haqqında təxminən 2 ay yarım öncə də yazmışdım, paylaşımlar etmişdim, diqqəti onun durumuna, vəziyyətinə, hansı zor şərtlər altında yaşadığına yönəltməyə çalışmışdım…

Çoxlarından Vətən sevdalısı Firudinə və onun gənc ailəsinə kömət etməyə, maddi-mənəvi yardım əli uzatmağa, onun Haqqının yerini tapmasında dəstək olmağa çağırış etmişdim…

Amma…

Çox təəssüflər olsun ki, nə ağız açdığım, üz tutduğum imkanlı və məsul şəxslərdən, nə də müvafiq qurumlardan bu müddətdə səs çıxdı…

Necə deyərlər, daşdan səs çıxdı, onlardan yox…

Açıq şəkildə və birbaşa yazacağam…

Firudin ailənin 3 övladından, 3 qardaşdan biridir…

Valideynləri illər öncə ayrırılıb və övladlarını həyatın amansız, acımasız axarına buraxıb, onları tərk edib-gediblər…

Böyük qardaşı da Firudin və hazırda Əsgərlikdə olan qardaşını tərk edib, Rusiyaya gedib və getdiyi müddətdə də qardaşlarına heç bir dəstək olmayıb…

Firudin isə zor şərtlər altında həm özünü, həm də də kiçik qardaşını dolandırmağa, ayaq üstündə saxlamağa çalışıb…

13 yaşından işləyib, çalışıb, mücadilə edib…

Bir Əsgər kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, borcunu Kişi kimi yerinə yetirib…

İkinci Vətən Müharibəsində də özü könüllü və təkidli şəkildə cəbhə xəttinə, qanlı döyüş meydanına yollanıb…

Döyüşüb, vuruşub, yaralanıb, kontuziya, kəllə-beyin travması alıb…

Ölkə başçısı tərəfindən 3 medalla təltif olunub…

Müharibədən qayıdandan bir müddət sonra isə Xaçmazlı, hazırda 4-cü kurs tələbəsi olan bir gənc xanımla ailə qurub…

Bu ilin yanvarın 10-da da övlad, oğul atası olub…

Və övladına da doğum günləri eyni olduğu üçün Şəhid Fəxri Qəribzadənin adını, ismini verib…

Ancaq ötən müddətdə Firudinə və ailəsinə heç bir maddi-mənəvi dəstək gösrətilməyib aidiyyatı dövlət qurumları, o cümlədən “YAŞAT” tərəfindən…

Bugünədək əlillik dərəcəsi də müəyyənləşdirilməyib, verilməyib…

Özü də, həyat yoldaşı işsizdir…

Bakıda çox bərbad və dözülməz şəraiti olan bir evdə-ev demək mümkündürsə- yaşayırlar…

Aylardır kirayə haqqını ödəyə bilmirlər…

Evin yiyəsi də onlara evdən çıxarılacaqlarını bilidirib, amma Firudinin təkrar xahişindən sonra qalmağa icazə verib…

Bir müddət öncə iş tapsa da, xəstələnib və nəticədə həmin iş də əlindən çıxıb…

Başqa bir neçə yerə müraciət edib, etməsəymiş, daha yaxşıyımış…

Azı 12 saatlıq iş üçün cəmi 250 manatlıq əməkhaqqı, məvacib təklif olunub və təbii ki, razılaşmayıb…

Eyni zamanda,bugünlərdə övladlarının səhhətində problemlər üzə çıxıb, xüsusilə, ürəyində…

Firudin, gənc ailə isə çar-naçar durumda qalıb…

Nə iş var, nə kömək edən, əl tutan var, nə də Haqqını verən, tanıyan var.

***

Bu gün bir daha Firudinin, ailəsinin yaşadığı “evə” getdim…

Bir daha onların dözülməz durumu, şəraiti ilə tanış oldum…

Necə deyərlər, içlər acısı.. Sözün bitdiyi yer…

Odur ki, artıq müvafiq-məsul qurumlar, şəxslər vicdanlarını susdurmamalı, Vətən sevdalısı Firudinə, ailəsinə sözdə deyil, əməldə konkret kömək etməli, dəstək göstərməli, onun Haqqını verməlidir…

Firudin həm Aprel döyüşlərində, həm də İkinci Vətən Müharibəsində (deyir ki, lazım olsa, yenə Vətənin müdafiəsinə qalxmağa hazırdır) Vətənə olan borcunu kifayət qədər ödəyib…

İndi də Ona olan borcun qaytarılması zamanıdır…

Və zəhmət çəkib Firudinə olan borcu, borcunuzu qaytarın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

16 yeni-YOLUXMA…

Read Next

Azərbaycan və Ermənistan XİN başçıları sülh sazişinin hazırlanmasını-MÜZAKİRƏ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir