“Gözün aydın olsun, VƏTƏN, bir yaran da sağaldı-QUBADLI yaran!”-MUSA QULİYEV YAZDI

Qubadlı rayonu – Azərbaycan Respublikasının cənub-qərbində yerləşir.

Bərgüşad (Bazarçay) çayının sahilində, Qarabağ yaylasının cənub-şərq qurtaracağında yerləşir. Toponim  şahsevən tayfa birliyinə daxil olan bəydililərin kobatlı (qubadlı) tirəsinin adindandir.  Dağlıq və dağətəyi rayondur. Rayonun ən hündür yeri Topağac yüksəkliyidir (dəniz səviyyəsindən 2003 m yüksəklikdə). İqlimi mülayim kontinentaldır.

Ərazisindən daim axarlı Həkəri və Bərgüşad çayları keçir. Yazı düzü deyilən böyük əkin sahəsi var. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın və Hadrut rayonları, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Bakı şəhərindən 387 km məsafərə yerləşir.

Qubadlı XVIII əsrdə Qarabağ xanlığının ərazisinə daxil idi. Sonralar o, Zəngəzur mahalının, daha sonra Yelizavetpol (Gəncə) quberniyasının tərkibində idi. Qubadlı rayonu 1933-cü ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, lakin 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Əhalisi azərbaycanlılardan ibarətdir. 93 kənddə və rayon mərkəzi olan Qubadlı şəhərində məskunlaşmışdır. Sahəsi 802 km2 , 7860 şəxsi evi və əhalisi 31504 nəfərdir (2005-ci ilin yanvarına olan məlumat).

Kəndlərin əksəriyyəti Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardı. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.

Rayonda 111 mədəni-maarif müəssisəsi, 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssisəsi, 81 məktəb, 86 səhiyyə müəssisəsi, 60 kitabxana, 28 klub və mədəniyyət evi, 32 rabitə müəssisəsi, ATS, tarix-diyarşünaslıq muzeyi, 31 süd-əmtəə ferması, üzümün ilkin emalı zavodu, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, asfalt zavodu, tikiş fabriki, mərmər sexi, daş karxanası, və Azərbaycan Neftqazavtomat təcrübə zavodunun filialı fəaliyyət göstərirdi.

Qubadlı qədim insan məskənlərindəndir. Bu ərazi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdır.

Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri, yaxınlığından tapılmış maddi-məişət nümunələri, əmək alətləri də təsdiq edir. Tapılmış maddi-mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir.

Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri”, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaca”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.

Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.

1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlamış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.

1993-cü ilin avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Laçın, Ağdam, Fizuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 30-31-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvasından didərgin düşmüş, respublikanın 28 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşmışdır.

Rayonun 1,2 milyard ABŞ dolları dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandırlar.

Son əsrdə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vermiş, yüksək ad-san qazanmış akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridir.

Ümumiyyətlə, əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elmlər doktoru, 6 nəfər Sosialist Əməti Qəhrəmanı vardır.

Torpaqlarımızın erməni təcavüzündən qorunması uğrunda döyüşlərdə igidlik göstərən Qubadlı oğullarından 10 nəfəri – Əliyar Əliyev, Vasili Əliyev, Kərəm Mirzəyev, Ələkbər Əliyev, Aslan Atakişiyev, Bəylər Ağayev, Səfa Axundov, Kazımağa Kərimov, Aqil Məmmədov, Fəxrəddin Cəbrayılov və Şükür Həmidov Azərbaycan Respublikasınını Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Milli Ordumuzun zəfər yürüşü davam edir! Zəngilan və Qubadlıdan sonra Laçının və Zəngəzurun digər rayonlarının alınması  100 illik Həsrətimizə su çiləyəcək, məlhəm olacaqdır!

Yaşa, yenilməz Ordum!

Var Ol, Ali Baş Komandanım!

QARABAĞ və Zəngəzur AZƏRBAYCANDIR!

Musa QULİYEV (URUD)

Millət vəkili

Etikxeber.az

Read Previous

Qızılhacılının İkinci Vətən Müharibəsində-7-Cİ ŞƏHİDİ-İLKİN SƏFAYIL OĞLU VƏLİYEV – XALASI OĞLU VƏ DOSTU DA ŞƏHİD OLUBLAR…

Read Next

Qərəzli mövqeyə adekvat cavablar…-ŞAHİN SEYİDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir