Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlament, parlamentarilər olaraq, altıncı çağırış Milli Məclisin ilk sessiyasını (yaz və növbədənkənar) artıq başa vurmuşuq.
Düzdür, ilk sessiyamızı fövqəladə şəraitdə, pandemiya şəraitində başa vurduq və qeyd edim ki, bu pandemiyanın gətirdiyi müəyyən da narahatlıqlar, müəyyən məhdudiyyətlər oldu.
Lakin buna baxmayaraq, parlamentin komitələri olaraq, işimizi, videogörüşlər, videobağlantılar sayəsində müzakirələrimizi davam etdirdik.
Ümumiyyətlə, indi yay ayları və tətil olmağına baxmayaraq, biz – yenə komitə sədri Hicran xanım Hüseynova və mən- komitə sədrinin müavini olaraq, o cümlədən, komitəmizin digər üzvləri cəmiyyətimiz üçün hər an aktual olan məsələlər, ailələrimizin möhkəmliyi, məişət zorakılığının qarşısının alınması, erkən nikahlar, qadınların, qız uşaqlarının hüquqlarının pozulması, məktəbdən yayınma halları, boşanan zaman kişi tərəfinin qadın tərəfinə göstərdiyi təzyiqlər və sair məsələlərlə əlaqədar müzakirələr aparır və bu məqamlarla bağlı qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsini məqsədəuyğun sayırıq.
Şəxsən məni bir millət vəkili, bir Azərbaycan vətəndaşı, bir xanım, bir ana olaraq, narahat edən məsələlərdən biri də boşanmalar zamanı kişi, ər tərəfinin uşağı, övladı bir “kozır” kimi əldə tutması, ondan istifadə edərək qadını, həyat yoldaşını özünün istədiyi şərtlərə əməl etməyə məcbur etməsidir.
Bu kimi xoşagəlməz məsələlər çox narahatedicidir, düşündürücüdür və yenə də qeyd edirəm-bəzi məqamlar var ki, onlar artıq qanunvericlikdə öz əksini tapmalıdır. Komitəmizin üzvləri də belə düşünürlər.
Qanunvericilikdəki boşluqlar mütləq şəkildə doldurulmalıdır.
Çünki hər bir ailə dövlətin bir parçasıdır.
Hər bir ailənin möhkəmliyi dövlətin möhkəmliyi deməkdir, genetikamızın möhkəmliyi deməkdir, gələcəyimizin möhkəmliyi deməkdir.
Ona görə, nə qədər bütöv ailələr olarsa, bir o qədər də cəmiyyət də bütövləşər. Nə qədər sağlam ailələr olarsa, bir o qədər də cəmiyyət özü sağlamlaşar.
İlk növbədə də uşaqlarımızın üzünün gülməsi, xoşbəxtliyi çox əhəmiyyətli bir məqamdır və bir məqamı da unutmayaq ki, yalnız xoşbəxt ananın övladı xoşbəxt ola bilər.
Odur ki, biz birinci növbədə cəmiyyətdə qadınlarımızın hüquqlarının tam şəkildə bərqərar və bərpa olunması üçün əlimizdən gələni əsirgəməməliyik.
Düşünürəm ki, altıncı çağırış parlamentdə bu günə qədər olduğu kimi, bundan sonra da və önümüzdəki payız sessiyasında da bu xüsuslara, bu müddəalara xüsusi nəzər yetiriləcək.
Yeni, səmərəli qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsində öz səylərini əsirgəməyəcək.
Məsələn bilirik ki, Azərbaycan bu sahədə, uşaq hüquqları məsələsində bir çox beynəlxalq konvensiyalara qoşulub.
Həmçinin, uşaq hüquqları ilə bağlı, məişət zorakılığına qarşı mübarizə sahəsində qanunvericilik aktları qəbul edilib, ailə, onun bütün fərdlərinin hüquqları qorunur qanunvericilik ilə.
Yeri gəlmişkən, illər əvvəl Ümummilli Lider tərəfindən ayrıca bir Dövlət Komitəsi-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı, sonrakı illərdə bu komitə daha da böyüdü, əhatə, nüfuz dairəsi daha da artdı.
Həmçinin, son illərdə-artıq ikinci çağırışdır ki, Milli Məclisdə yeni bir komitə-Ailə, qadın və uşaq məsələləri üzrə komitə fəaliyyət göstərməkdədir.
Və davamlı olaraq, həm dövlət qurumu olan komitə, həm də Milli Məclisin komitəsi birlikdə işləyərək, birlikdə layihələr hazırlayır, eyni zamanda, bütün ölkə üzrə davamlı olaraq, bu sahədə treninqlər, monitorinqlər keçirirlər.
Yəni, Azərbaycan ailəsinin möhkəmlənməsi, möhkəmliyinin qorunması, boşanmaların sayının azalması, daha möhkəm ailələrin olması üçün nələrin edilməli olduğu hər zaman gündəliyimizdədir.


Burada, əlbəttə, həyəcan təbili çaldığımız sahələrdən biri erkən nigahlardır.
Bəzi ucqar rayonlarımızda qız uşaqlarının təhsildən kənarda, heç kim tərəfindən yox, məhz elə öz ailələri tərəfindən zorakılığa məruz qalmaları, sırf qız olduqlarına görə, hüquqlarının tapdalanmaları, sırf qız övladı olduqlarına görə problemlərlə qarşılaşmaları ürəkağrıdıcıdır.
Hansı ki, bu gün Azərbaycan qadınının səsi dünya arenalarından gəlir.
Bu gün Azərbaycan qadını dünyada ölkənin ikinci şəxsi, ölkənin birinci vitse-prezidenti-Mehriban xanım Əliyeva səviyyəsində təmsil olunur.
Bu, kiçik məsələ deyil. Bu, Azərbaycan qadınının zəkasıdır, ağlıdır, öz həyat yoldaşı, ömür-gün yoldaşı ilə bərabər, çiyin-çiyinə işləmək bacarığıdır.
Azərbaycan qadını bu gün, sadəcə, bir ailəni deyil, yeri gələndə böyük bir toplumu, cəmiyyəti idarə etmək potensialını ortaya qoyur və sair.
Belə olan halda nəyə görə, kimlərinsə günahı, kiminsə savadsızlığı, kiminsə dar düşüncəsi ucbatından qadın adına ləkə gətirilsin və ya gətirilməlidir?
Təbii ki, biz birinci növbədə qadın, daha sonra Azərbaycan parlamentinin üzvü, parlamentar qadınlar olaraq, öz haqlı etiraz səsimizi hər bir zaman yüksəltmişik, bundan sonra da hüquqları pozulan, zorakılığa məruz qalan qadınlarla bağlı susmayacağıq, onlara qarşı güc tətbiq edilən hallara yenə də var gücümüzlə səsimizi yüksəldəcəyik.
Çünki güclünün gücsüz üzərindəki təzyiqi heç bir zaman qəbul edilən deyil və bu, istər məişətdə, istər cəmiyyətdə olsun-qadınların, birinci növbədə də uşaqların, qocaların hər birinin hüququnun qorunması Azərbaycan qanunvericiliyi ilə bu günə qədər tənzimlənib, bu gündən sonra da tənzimlənəcək.
Bizlər də parlamentatilər olaraq, bu məsələlərin həllinə öz töhfələrimizi verməkdə davam edəcəyik.

Jalə ƏLİYEVA,
Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor
Etikxeber.az