Güləşçilərimiz Qitələrərarası Kubok – Alrosa Kuboku uğrunda yarışacaq

Noyabrın 12-13-də Moskvada güləş üzrə Qitələrarası Kubok – Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək. Komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparacaqlar.

Bu barədə Etikxeber.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Rusiyanın paytaxtında ümumilikdə Azərbaycan yığmasının idman şərəfini 17 güləşçi qoruyacaq.

Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaqlar. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın heyətində Patimat Baqomedova (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (58 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıblar.

Sərbəst güləş yığmamız Moskvada məşqçilər Əsgərxan Novruzov və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək. Yığmamızın heyətində Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Alimaqomed Alixmoyev (125 kq) birincilik uğrunda mübarizə aparacaqlar. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, İran, Türkiyə, Özbəkistan və MOİK komandaları yarışacaq.

Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə Mikayıl Rəhmanov (59 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (75 kq), Arif Niftullayev (85 kq), Soslan Fanziyev (98 kq) və Oyan Nəzəriani (130 kq) daxil edilib. Yarışda Azərbaycan, Rusiya, İran, Belarus, Özbəkistan və Moskva komandaları mübarizə aparacaq.

Proqrama əsasən, noyabrın 12-də ilkin, bir gün sonra isə final görüşləri keçiriləcək.

Yarış Lujniki Olimpiya Kompleksində və “Drujba” Universal İdman Zalında baş tutacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Etikxeber.az

Read Previous

Fərdi uçot sistemində əlavə olaraq 5500 nəfərə yaxın əcnəbi qeydiyyata alındı – Nazirlik

Read Next

“Qəbələ”-nin altı futbolçusu milliyə dəvət olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir