“Güllərin soyqırımı” və ya NURƏNGİZ GÜNLƏ BAĞLI SAYTIN TƏQDİMATI OLDU

Sentyabrın 20-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Nurəngiz Günün 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə şair, publisist Maşallah Məftunun N.Günün həyat və ədəbi yaradıcılığına həsr olunmuş “Güllərin soyqırımı” kitabının, həmçinin yeni saytın təqdimatı olub.

Etikxeber.az xəbər verir ki, anım mərasimində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AYB-in sədri, Xalq yazıçısı Anar ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şair, publisist və gözəl insan kimi xarakterizə edib. Bildirib ki, ədəbiyyatımızda öz yeri olan istedadlı şairin şeirlərində qəm və kədər notları üstünlük təşkil edib:

“Bu bəlkə də onun taleyi ilə bağlı idi. Şeirlərindəki həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir”.

Nurəngiz Günün yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan bəhs edən Xalq şairi Fikrət Qoca onu belə xarakterizə edib:

“Nurəngiz Gün özü bir şeir, bir gözəl musiqi parçası, bir gözəl rəsm əsəri idi”.

Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günün yaradıcılığını nurlu və günəşli poeziya adlandırıb. Qeyd edib ki, Nurəngiz Gün minillik Azərbaycan qadın poeziyasında yeri olan şairlərdəndir. O, təkcə şeirlərində deyil, həm də bir insan kimi də çox sadə və səmimi idi. Xalq şairi sonra N.Günə həsr etdiyi şeirini oxuyub.

nurangiz-5

Milli Məclisin deputatları Elmira AxundovaQənirə Paşayeva Nurəngiz Günün əsərlərinin məziyyətlərindən, eləcə də onun yüksək insani keyfiyyətlərindən söhbət açıblar.

Mərasimdə “525-ci” qəzetin baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı-publisist, şair, Əməkdar jurnalist, professoru Aqşin Babayev , “Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, şair Səlim Babullaoğlu, yazıçı Seyran Səxavət, professor İslam Sadıq və filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlili çıxış edərək bildiriblər ki, Nurəngiz Gün həm yaradıcılığı, həm də yüksək mədəniyyəti ilə insanları özünə cəlb edib. Onun işğalda olan torpaqlarımızın dərdləri ilə baş-başa qalıb yazdığı və bizləri də bu həsrətin oduna yandırdığı bir sıra şeirləri, poemaları öz fəlsəfi-lirik, psixoloji mahiyyəti baxımından düşündürücüdür. Tanınmış poeziya ustasının ürəyindəki yanğı, ağrı-acı, Vətən təəssübkeşliyi bütün şeirlərinə hopub. Nurəngiz Günün şeirlərindəki bu ağrı Qarabağ dərdi, itirilmiş torpaqlarımızın həsrətidir. Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədir. Şairə torpağını, xalqını, millətini sevən bir ziyalı idi.

Bildirilib ki, təqdimatı keçirilən kitabda ölməz şairin həyatının və ədəbi yaradıcılığının bir qısmi öz əksini tapıb. Kitabda verilən “Güllərin soyqırımı” poeması iki hissədən ibarətdir. Birinci hissədə müəllif N.Günün yaradıcılığından danışmaqla sözün fəlsəfi baxımdan alt qatlarına enməyə çalışaraq, onun ictimai-əxlaqi məramı, ideya məzmunluluğu haqqında sanki oxuculara məlumat verir. Poemanın ana xətti – Nurəngiz Günün döyüşkən, mübariz ruhlu olması, üsyankarlığı – bədii motivlərlə qələmə alınıb. Poemanın ikinci hissəsində Qarabağ müharibəsi, onun törətdiyi fəsadlar, erməni faşizmi, eləcə də Xocalı soyqırımı milli və bəşəri duyğularla öz əksini tapıb.

Xalqını dərin məhəbbətlə sevən, zamanında hadisələrə laqeyd münasibət bəsləməyən, unudulmaz Nurəngiz Günə həsr olunmuş “Güllərin soyqırımı” poeması özünün xarakterik xüsusiyyətləri, səmimiyyəti ilə diqqəti cəlb edir.

Tədbirdə şairənin həyat və ədəbi yaradıcılığına həsr olunmuş sayt da təqdim edilib. Bildirib ki, saytda şairənin fotoları, haqqında yazılan məqalələr, bioqrafiyası və kitablarının elektron variantı yerləşdirilib.

Sonra şair Maşallah Məftun müəllifi olduğu kitab barədə məlumat verib.

Sonda şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Etikxeber.az

 

 

 

Read Previous

Fatimeyi-Zəhra məscidi tikiləcək – ŞEYX

Read Next

Hər birimiz üçün maraqlı oyun olacaq – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir